Onlayn ictimai-siyasi qəzet
“Xarici agentlər haqda” qanun layihəsi Qərblə Rusiya tərəfdarlarını toqquşdurub; ekspertlərə görə, “bu xəmir hələ çox su aparacaq”
Tiflisdə parlament binasının qarşısı həftələrdir qaynayır. Gürcüstan “QHT-lərin inqilabı” böhranı ilə üzləşib. Hazırda vətəndaş cəmiyyəti ayaq üstədir və onlara həm keçmiş prezident Saakaşvili həbsdən, həm indiki prezident Zurabişvili kreslosundan dəstək verməkdədir. “Yeni Müsavat” bildirir ki, Gürcüstan prezidenti Salome Zurabişvili “Xarici agentlər haqqında” qanunun qəbuluna cəhdlə bağlı yaranmış vəziyyət fonunda Avropa Birliyi ölkələrinin liderlərindən Tiflisə səfər etməyi xahiş edib. Bu barədə “Nyus Georgia” məlumat yayıb.
“Gərgin vəziyyətdəyik və gürcü xalqı üçün sabitliyin təmin edilməsində tərəfdaşlarımız kimi sizin çox mühüm rolunuz var. Xahiş edirəm, bu müddət ərzində, mayın sonuna qədər yüksək səviyyəli səfərlər həyata keçirilsin. Onu da bilirəm ki, avropalıların özləri üçün qarşıdan seçki dövrü gəlir, Avropa Parlamentinin seçkisi olacaq və amerikalı dostlarımız da aktiv seçki dövrünə başlayacaqlar”, - o bildirib. Zurabişvili hakim “Gürcü arzusu” Partiyasının fəxri lideri Bidzina İvanişvilinin son çıxışını çox təxribatçı və Qərb tərəfdaşlarına qarşı yönəlmiş çıxış kimi qiymətləndirib. Prezident “Xarici agentlər haqqında” qanunun yenidən işə salınmasını zorakılıq və AB-nin qapılarını açıq görməyə şad olan insanlara qarşı təxribat adlandırıb. AB lideri Şarl Mişel də gürcü baş nazir İrakli Kobaxidzeyə zəng edərək ölkəsinin Avropaya gedən yolda şansları itirməməyə çağırıb. Beləliklə, vətəndaş cəmiyyətinin qərbpərəst hissəsi ilə hakimiyyət arasında qarşıdurmalar davam edir.
Gürcüstan QHT-ləri qanun qəbul olunacağı halda, Qərbdəki donor təşkilatlarla təmasların məhdudlaşacağını anlayırlar. Müxalifət isə qanun layihəsi “rus projesi” adlandırır. Lakin rəsmi Moskva Zaxarovanın timsalında açıqladı ki, Tiflisdə baş verənlərin Rusiyaya aidiyyəti yoxdur. Əslində bu qanun Rusiya, ABŞ, Ukraynada qəbul olunub. Amma Gürcüstanda müqavimət göstərilir. Qərb də etirazları dəstəkləyir və hiss olunur ki, vətəndaş cəmiyyətinə ciddi surətdə təsir mexanizmləri var. Bundan əlavə, AB Gürcüstanda təsirlərinin azalmasını istəmir.
“Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyir. Nəticədə burada öz istədikləri kimi hərəkət etmək istəyirlər”. Bu sözləri politoloq Badri Naçkebiya deyib. Onun sözlərinə görə, ABŞ Tiflisdəki səfirliyinin xətti ilə Gürcüstana güclü təzyiq göstərir: “Onlar yaydığı bəyanatlarla hökuməti yox, müxalifəti dəstəklədiklərini açıq-aşkar nümayiş etdirirlər. Gürcüstan isə bütün təzyiqlərə baxmayaraq, milli maraqlarını qoruyacaq. Bu qanun layihəsi qəbul ediləcək”.
Fuad Əliyev
Politoloq deyib ki, Qərb və ABŞ Gürcüstanın Avropa İttifaqına namizəd statusu almasından istifadə etməyə çalışır. “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev isə hesab edir ki, Gürcüstan inqilaba hamilə deyil. QHT rəhbərinin fikrincə, baş verənlər qanun layihəsinə etirazdır və hadisələr hakimiyyət dəyişikliyinə səbəb olmayacaq. Bununla belə, F.Əliyev istisna etmir ki, payızda keçiriləcək seçkilərdə hakim “Gürcü arzusu” Partiyası ciddi səs itirə bilər: "Gürcüstanda müxalifətin xarizmatik və qətiyyətli siyasi lideri yoxdur. Ona görə etirazlar baş tutsa da, ortaya prosesi irəli aparan lider çıxmır. Hazırda oradakı qüvvələrə Saakaşvili kimi bir populyar rəhbər lazımdır. Amma "Mişa" özü də əvvəlki nüfuzunu saxlaya bilməyib. Düzdür, azadlığa buraxılsa, narazı elektoratı ətrafına toplaya bilər, lakin indiki şəraitdə yeni lider yetişməlidir. O baxımdan hakimiyyətin reytinqi aşağı düşsə də, müxalifətin də lider problemi qalır. Bu vəziyyətdə yalnız hazırkı prezident Salome Zurabişvili dövlət başçısı postundan istefa verib müxalifətə qoşulmaqla etirazçıların liderinə çevrilə bilər". F.Əliyev Azərbaycanda belə bir qanun layihəsinə lüzum görmür, bununla belə, istisna etmir ki, müzakirələr başlana bilər. Onun sözlərinə görə, hazırda xarici agentlərlə bağlı Azərbaycan xüsusi xidmət orqanları ən yüksək səviyyədə iş apara bilir.
Aqşin Kərimov
Siyasi şərhçi Aqşin Kərimov hesab edir ki, Gürcüstanda "Xarici agentlərin qeydiyyatı haqqında" qanun layihəsinə etirazlar Rusiya ilə Qərbin Cənubi Qafqazda güclənən rəqabətinin indikatorudur. Onun fikrincə, Tiflisin Qərblə Rusiya arasındakı kəskin mübarizənin dişləri arasında sıxılacağı gözlənilən idi. Ekspertə görə, İvanişvili bəyanatında ABŞ və NATO-nu tənqid edərək onları Ukraynanı, Gürcüstanı yem kimi istifadə cəhdlərində ittiham edib. A.Kərimovun sözlərinə görə, QHT-ləri inqilab təşkil etmək cəhdində ittiham edib və ona qarşı çıxanların hamısını həbslərlə hədələyib: “İvanişvilinin məqsədi, qərbmeyilli qüvvələrin payızda ölkədə keçiriləcək parlament seçkisinə qədər enerjisini vaxtından əvvəl tükətməkdən ibarətdir. Amma hər şey onun təsvir etdiyi kimi getməyə və müxalifət daha böyük güc tapıb meydanlarda davamlı etirazlara başlaya bilər”.
Yazını hazırladı: Emil SALAMOĞLU
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ