Onlayn ictimai-siyasi qəzet
Rusiyada “xarici agent” qanununun təsiri altına düşənlər əslində vətən xainləri hesab olunurlar. Özləri bunun adına liberallıq deyirlər, amma vətənə münasibətdə liberallıq elə xəyanətin bir başqa adıdır. Təsəvvür edin ki, indi müxtəlif xarici ölkələrin qoltuğuna sığınmış həmin rusiyalılar sosial şəbəkələrdə Kursk döyüşlərini düşmən kimi sevinərək izləyirlər. Tanış gəlirmi? Dünən BakuTV-də bir tanış simanı göstərdilər, sən demə, bu tip 44 günlük Vətən müharibəsində Azərbaycanın əleyhinə danışırmış, ordumuzun heç nəyə qadir olmadığını, bu müharibəyə görə hətta ölkəmizin cəzalandırılacağını deyib. Bu çıxışı ilk dəfə idi eşidirdim, iyrəndim...
İstənilən hakimiyyətə, onun siyasətinə qarşı müxalifət də olmaq olar, buna görə həbsdə yatmaq da. Amma hakimiyyətə müxalifət olmaqla vətənə, dövlətə qarşı olmaq arasında bir qalın qırmızı xətt də var ki, onu keçməyin adı dövlətə xəyanət cinayətidir. Yəqin ki, dilindən, dinindən asılı olmayaraq cinayət məcəlləsində ən ağır maddə də elə dövlət sözündən sonra xəyanət sözünün yazılmasıdır.
Sovet hökuməti əlbəttə, bir çox adamları məhz əməllərinə deyil, düşüncələrinə görə xain adı ilə damğalayıb ya sürügünə göndərilib, ya bir neçə saat davam edən məhkəmədə ölüm hökmü çıxarıb güllələdib. Amma müasir dövrdə kimisə vətənə xəyanətdə ittiham etmək faktiki mümkün deyil. Çünki bunun üçün sübutlar lazımdır, həm də elə sübutlar ki, necə deyərlər, “daşdan keçsin”. Ona görə kiməsə bu ağır ittiham irəli sürürlərsə, mütləq ortada sübutlar var.
Azərbaycanda vətənə xəyanət maddəsi Qarabağ müharibəsi başlayandan aktuallaşıb. Müharibə olan yerlərdə düşmən qüvvələrə işləyənlər həmişə olub. Hətta elələri olub ki, öz millətinin əsir düşənlərinə əziyyət də verib. Biz bunları vaxtilə sovet kinolarında baxardıq, sonra müharibə qapımıza gələndə belə hadisələr eşitdik, elə xain sifətlər gördük. Erməninin təkcə Xocalıda törətdiyinin fotolarını görənin düşmənə işləməsi artıq qan məsələsidir, yəni burda pula aldandı demək artıq söhbətdir, gərək qanın xarab olar ki, erməni kimi qəddar düşmənə “dayı” deyəsən. Qan xarab oldusa, bunun adını liberallıq, müxalifətçi qoysan da faydası yoxdur. Belə adamlar nəinki vətənini satar, hətta qardaşını da düşmənə təslim edər.
Vətən xainlərini həbsdə saxlamaq, onlara çörək-su vermək artıq zəhmət, izafi xərcdir. Rusiya hökuməti Qərblə son məhbus dəyişmələrində “xarici agentləri” təhvil verməklə doğru olanı etdi. Bir çoxunun ikili vətəndaşlığı vardı, hansı ölkənin xeyrinə agentlik etdikəri də bəlli idi. Həmin ölkələrə də təhvil verildi, aparıb indi onlarla nə istəyirlər etsinlər. Amma bizdə bu cür adamlara xaricdəkilər nədənsə, yiyə durmurlar. Bəyanat verirlər, məhkəmə hökmü olmadan “günahsızdırlar” deyirlər, azadlığa buraxılmaqlarını tələb edirlər. Amma demirlər ki, onların gəncliklərindən, pula hərisliklərində istifadə edərək biz bədbəxt etmişik, ya da elə özləri buna meylli idilər, biz də istifadə etdik. Vətəninə və dövlətinə xəyanət etmiş belə adamları həbsxanada saxlamağın faydası nədir? Yəni o adamlar ki, dövlətin əlehinə iş aparıblar, gedib erməniylə, fransızla, çexlə birləşib Azərbaycanın mənafeyinə zərbə vuran hərəkətlərə yol verib, onları 30 il həbsdə saxlasan da, nə çıxıb vətəndaş olacaq, nə adam. ( Vaxtilə bəzilərini vətəndaşlıqdan çıxarılıb hansısa ölkəyə təhvil veriblər, doğru da ediblər). Ona görə deyirəm ki, vətənə xəyanət edənləri xarici tərəfdaşları, kəşfiyyatı istəyirsə, ölkədən rədd etmək daha faydalıdır.
Ad çəkmirəm, son həbslərdə vətənə xəyanət o qədər aşkardır ki, məhkəmə hökmünü gözləməmək də olar. Adam heyrət edir ki, pul qarşılığında dövlətinə necə xəyanət edə bilərsən, həm də ermənin dəyirmanına “su tökməklə”.
İkinci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan gəncliyi dövlətinə və vətəninə çox sadəqətlidir. Şəhidlərimizin əksəriyyəti çox gənc yaşlarında özlərini bu vətən torpaqları üçün qurban verdilər. İndi həmin gənclərin bəzi yaşıdılarının xaricdən maliyyələşən xəyanət projelərində iştirakı əlbəttə ki, üzücüsdür. Niyə axı bu yolun yolçuları olurlar? Motiv nə olursa-olsun axırı gedib ingilisin, almanın, çexin verdiyi pula çıxır. Azərbaycanda pula ehtiyacı olan yüz minlərlə adam var, ailəsini dolandırmağa çətinlik çəkənlər də. Amma xəyanət yolu tutmuş belə gənclərin heç ailəsi də yoxdur ki, pula ehtiyacdan aldadıldı deyəsən. Bu nədirsə, dediyim kimi kökü qana gedib çıxır...
Nazim SABİROĞLU,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ