Onlayn ictimai-siyasi qəzet
Vüqar Bayramov: “Dəyişikliklər yüngülləşdirici xarakter daşıyır, sahibkarlar üçün...”
Milli Məclisdə "Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası qanunu layihəsinin son oxunuşda müzakirəsi aparılıb və müzakirələrdən sonra qəbul edilib. Qeyd edək ki, Vergi Məcəlləsində 5 istiqamət üzrə 37 əsas maddədə və 75 alt maddədə dəyişiklik nəzərdə tutulur. Bunlar investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkimilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması və uyğunlaşdırma xarakterli dəyişikliklərdir. Dəyişikliklərin yaşıl iqtisadiyyat, tibbi turizm, avtomobil sənayesi və gəmiqayırma, ticarət şəbəkələri və bazarlar, mədəniyyət sektoru və dövlət-özəl tərəfdaşlığı sahələrində tətbiqi nəzərdə tutulur.
Layihənin qəbulunda dövlət-özəl tərəfdaşlığı çərçivəsində iri investisiyaların cəlb edilməsi, yaşıl iqtisadiyyatın dəstəklənməsi, o cümlədən ənənəvi nəqliyyat vasitələrindən ekoloji təmiz nəqliyyat vasitələrinə keçidin davam etdirilməsi, uçotsuz və qanunsuz sahibkarlığın dairəsinin məhdudlaşdırılması, bazarlar üzərində vergi uçot nəzarətinin təmin edilməsi, xidmət sahələri üzrə mikrosahibkarların vergi yükünün optimallaşdırılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması, mədəniyyət sektoru, o cümlədən kino və teatr sahəsində inkişafın dəstəklənməsi və gəlirliliyin artırılması kimi nəticələr hədəflənib.
Qanunvericilikdə edilən dəyişikliklər bir sıra sualları ortaya çıxarıb. Çünki bir çox sahələr var idi ki, bununla bağlı narazılıqlar çoxalmışdı, xüsusilə də sahibkarlıq fəaliyyəti ilə bağlı.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov İqtisadiyyat.az-a müsahibəsində bir sıra vacib məqamlara toxunub. O deyib ki, Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə fokuslanmış baxışların və həmin prioritetlərin icrası istiqamətində qarşıya qoyulan vəzifələrin icrası məqsədilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunub. Strategiyada dövlət büdcəsinin dayanıqlığının təmin edilməsi üçün iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması, investisiya və kapital qoyuluşu həcminin artırılması məqsədilə vergi təşviqi alətlərindən effektiv istifadə və kölgə iqtisadiyyatı ilə sistemli mübarizə aparılması, şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində 2 əsas hədəf müəyyən edilib. Bu hədəflərdən irəli gələrək Vergi Məcəlləsində dəyişiklik layihəsi hazırlanıb. Dəyişən iqtisadi mühit, rəqəmsallaşma və investisiya təşviqi yeni dəyişiklikləri zəruri edir". İdarə rəisi xüsusilə sahibkarlıq subyektləri üçün hansı vergi güzəştlərin tətbiq olunacağından da bəhs edib: “Ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edilməsi;
Torpaqdan istifadə hüququnun başqasına verilməsinin və torpaq sahələri üzrə icarə haqlarının ƏDV-dən azad edilməsi;
Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 10 faizdən 5 faizə endirilməsi;
Bəzi xidmət sahələri üzrə (tərcümə, reklam xidməti, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri, turizm bələdçiliyi, avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti və s.) illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə 75% vergi güzəştinin müvafiq tələblərlə (işçi sayı və MDSS borcu) şərtləndirilmədən tətbiq edilməsi;
Teatr, kino, muzey və simfonik orkestr fəaliyyətinə mənfəət (gəlir), torpaq vergiləri üzrə güzəştlərin verilməsi, habelə teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin fiziki şəxs istehlakçılara geri qaytarılması;
Kənd təsərrüfatı məhsullarının satışı üzrə ƏDV-nin ticarət əlavəsindən hesablanması rejiminin daha 2 il müddətinə uzadılması kimi güzəştlər nəzərdə tutulur".
Bəs bu istiqamətdə daha nə kimi yeniliklər var? Ümumiyyətlə, məcəllə yumşalır, yoxsa daha da sərtləşir? Yeni vergi mexanizmlərindən kimlər sevinəcək, kimlər məyus olacaq? Aqrar sahədə çalışanlara xüsusi güzəştlərin edilməsi təklifi vardı, yeni qanunda nəzərə alındımı?
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Vergi Məcəlləsinə edilən dəyişikliklər yüngülləşdirici xarakter daşıyır, sahibkarlar üçün yeni imkanlar yaradır və onların fəaliyyət sahəsini genişləndirir. Ümumiyyətlə, bu dəyişiklikləri maliyyə baxımından qiymətləndirdikdə, məlum olur ki, Vergi Məcəlləsinə əsasən 5 istiqamət üzrə, 37 əsas maddə üzrə dəyişiklik edilib. Bu, daha çox sahibkarın vergi yükünün azaldılması, vergi nəzarətinin təkmilləşdirilməsi və eyni zamanda Azərbaycanın beynəlxalq hesabatlarda yerinin daha yaxşılaşdırılmasına xidmət edir.
Ümumilikdə, dəyişikliklərin yüngülləşdirici xarakterini göstərən faktorlardan biri ondan ibarətdir ki, dövlət büdcəsi 20.972.000 manat məbləğində itkiyə səbəb olacaq. Bununla yanaşı, maliyyə imkanlarının və fəaliyyətlərin genişləndirilməsi büdcəyə 13.254.000 manat əlavə gəlir gətirəcək. İlkin qiymətləndirmələrə görə, dəyişikliklər nəticəsində büdcə üçün 7.718.000 manat itkiyə başa gələcək. Amma bu, sahibkarların daha yaxından dəstəklənməsinə imkan verəcək.
Bir tərəfdən, yerli avtobus istehsalçılarına vergi güzəştləri tətbiq olunur. İstehsal olunan avtomobillərin satışı və istehsal üçün istifadə olunan ehtiyat hissələri 8 il müddətinə ƏDV-dən azad olunur. Bu, sektorun dəstəklənməsi baxımından əhəmiyyətlidir.
Digər vacib məqamlardan biri də mədəniyyət sahəsində tətbiq olunan güzəştlərin dairəsinin genişləndirilməsidir. Bu sektorda beş il müddətində torpaq vergisi tam mənfəət, gəlir vergisindən tam 90 faiz azadolmalar tətbiq olunacaq. Güzəşt edilən sahələrin sayı 1-dən 5-ə qaldırılır.
Teatr, muzey, simfonik orkestrlər, film prodüserləri də güzəşt alan kateqoriyaya daxil olur. Eyni zamanda teatr tamaşaları, muzey ziyarətləri, film nümayişləri və simfonik orkestr konsertlərinə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50%-i geri qaytarılacaq".
Deputat əlavə edib ki, mikrosahibkarlar üçün də mühüm güzəştlər tətbiq olunacaq: “Növbəti ildən etibarən illik dövriyyəsi 5000 manatdan çox olmayan mikrosahibkarların gəlirlərinin 75%-i vergidən azad ediləcək. Məsələn, aylıq 2000 manat gəliri olan bir mikrosahibkar hazırda 400 manat vergi ödəyirdisə, gələn ildən dörd dəfə az, yəni 100 manat vergi ödəyəcək.
Bu güzəştlər proqram təminatı, layihə dizaynı, tərcümə, reklam, tədqiqat, elm, təhsil, auditor, jurnalist fəaliyyəti, qiymətləndirmə fəaliyyəti, turizm bələdçiliyi və bu kimi digər sahələrdə xidmət göstərənlərə şamil olunacaq. Bu isə xidmətlərin xərcinin azalmasına və mikrosahibkarların gəlirlərinin artmasına imkan yaradacaq".
Vüqar Bayramov onu da bildirib ki, bu dəyişikliklər aqrar sektor üçün də böyük dəstək verəcək: “Uzun müddətdir ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlər torpaq vergisindən azaddır. Yeni dəyişikliklərlə torpaq icarəsindən əldə edilən gəlirlər ƏDV-yə cəlb edilməyəcək.
Nəticədə, tətbiq edilən dəyişikliklər həm sahibkarların, həm də dövlət büdcəsinin xeyrinə yönəlmiş strateji bir addım olaraq qiymətləndirilir. Bu, balanslaşdırılmış və kompleks bir prosesdir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ