Onlayn ictimai-siyasi qəzet
Bank sahəsi üzrə mütəxəssisin dediyinə görə, problemli kreditlərin səviyyəsinin artması ölkədəki sosial-iqtisadi durğunluqla bağlıdır
Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 508,3 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına əsasən, bu, mayın 1-i ilə müqayisədə 1,1 faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 13,2 faiz, son bir ildə isə 9 faiz artıb. May ayının sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edib.
Mərkəzi Bankın rəsmi statistikasına əsasən, 2025-ci ilin iyunun 1-nə bankların müştərilərə verdiyi kreditlərin ümumi həcmi (ehtiyatlar çıxılmadan) 28 milyard 386.5 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (25 milyard 158.2 milyon manat) ilə müqayisədə 3 milyard 228.3 milyon manat və ya 12.8 faiz artıb. Son bir ildə kredit portfelinin xarici valyutada olan hissəsi 404.6 milyon manat (8.8 faiz) azalaraq 4 milyard 607.6 milyon manatdan 4 milyard 203.0 milyon manata düşüb.
May ayında bankların kredit portfeli aylıq 1 faiz və ya 290 milyon manat artıb. Kredit portfelinin strukturunda biznes kreditləri - 53.2 faiz (15 milyard 100 milyon manat), istehlak kreditləri - 31.3 faiz (8 milyard 881.9 milyon manat), ipoteka kreditləri - 15.5 faiz (4 milyard 404.6 milyon manat) paya malikdir.
Xatırladaq ki, 2024-cü ilin may ayında bankların kredit portfeli 2.1 faiz və ya 513.7 milyon manat artaraq 25 milyard 158.2 milyon manat olmuşdu. Ötən ilin 31 may tarizində bankların kredit portfelində biznes kreditləri - 54.8 faiz (13 milyard 784.7 milyon manat), istehlak kreditləri - 29.7 faiz (7 milyard 480.2 milyon manat), ipoteka kreditləri - 15.5 faiz (3 milyard 893.3 milyon manat) paya malik olmuşdu. Həmin dövrdə bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308.4 milyon manat (+2.3 faiz), 153.2 milyon manat (+2.1 faiz) və 52.2 milyon manat (+1.4 faiz) artmışdı.
Qeyd edək ki, problemli kreditlər Azərbaycan üçün başıbəlalı məsələdir. 2015-ci ildə neft qiymətlərinin kəskin ucuzlaşması və ardıcıl iki devalvasiyadan sonra bu məsələnin hansı səviyyəyə gəlib çatdığı və necə həll olunduğu məlumdur. Dövlətin müdaxiləsi olmasaydı, 2 milyard manata yaxınlaşan vaxtı ötmüş kreditlər bank sektorunu çökdürəcəkdi.
Bir sıra mütəxəssislər problemli kreditlərin artmasında əsas rolun istehlak kreditlərinə məxsus olduğunu bildirirlər. 2015-2016-cı illərin devalvasiyalarından sonra yaranan problemli kredit böhranından sonra Mərkəzi Bank istehlak kreditlərinin sərtləşdirilməsi üçün banklarla iş apardı. Bir neçə ildən sonra belə kreditlərin ümumi kredit portfelindəki payını azaltmaq mümkün oldu. Lakin son illərdə Azərbaycanda yenidən istehlak kreditlərinin davamlı artımı diqqəti cəlb edir. Rəsmi statistikaya nəzər salsaq görərik ki, 2020-ci illə müqayisədə belə kreditlərin ümumi məbləği 3 dəfəyə yaxın artıb.
Göstəricilərin illik müqayisəsi göstərir ki, son bir ildə bankların kredit portfelindəki artımın hərəkətverici qüvvəsi istehlak kreditləri olub. Belə ki, ötən ilin mayı ilə müqayisədə bu ilin mayında biznes kreditləri 1 milyard 315,3 milyon manat (9,5 faiz), istehlak kreditləri 1 milyard 401,7 milyon manat (18,7 faiz), ipoteka kreditləri 511,3 milyon manat (13,1 faiz) artıb.
Qeyd edək ki, dünya təcrübəsində istehlak kreditləri iqtisadi atkivliyi stimullaşdırmağın əsas alətlərindən biri kimi qəbul edilir və müsbət amil olaraq qiymətləndirilir. Çünki istehlak kreditləri əhalinin alıcılıq qabiliyyətini artıraraq istehlakçı tələbini stimullaşdırır. Kreditlər sayəsində insanlar böyük alqı-satqı əməliyyatlarını daha asanlıqla reallaşdıra bilirlər. Bu kreditlərin əlçatanlığı xüsusən avtomobil, məişət avadanlıqları və digər istehlak məhsullarının alqı-satqısını artırır. Tələbin artması, öz növbəsində, iqtisadiyyatda istehsalın və xidmət sektorunun inkişafına təkan verir. Kreditlər sayəsində müştərilər daha çox istehlak edir və istehsal müəssisələri daha çox mal və xidmət istehsal edir. Bu, xüsusən daxili istehsalın artmasına, işsizliyin azalmasına və ümumi iqtisadi fəallığın yüksəlməsinə səbəb olur. İstehlak kreditlərinin artması bank sektorunun inkişafına da müsbət təsir göstərir. Banklar istehlak kreditləri ilə bağlı xidmətlərini genişləndirir, yeni məhsullar təqdim edir, faiz gəlirləri əldə edirlər.
Azərbaycanda isə keçmiş mənfi təcrübə sayəsində istehlak kreditlərinin artımı təhlükəli tendensiya kimi qiymətləndirilir. Çünki belə kreditlərin artımı problemli kreditlərin də artımı ilə müşayiət olunur.
İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, problemli kreditlərin artması Azərbaycanda kredit faizlərinin yüksək olması ilə bağlıdır: “Azərbaycanda istər istehlak, istərsə də biznes kreditləri olsun, hər biri çox yüksək faizlidir. Bu isə həm vətəndaşlara, həm də biznesə əlavə yükdür. Çünki böyük faizlər olduqda biznes inkişaf edə bilmir, kiçik və orta sahibkarlıq əziyyət çəkir. Kiçik və orta sahibkarlıq inkişaf edə bilmirsə, demək, əhalinin qazanc imkanları genişlənmir. Yəni bu gün ölkədə kredit faizləri yüksək, əhalinin gəlirlərinin artımı isə aşağıdır. İnsanlar bir çox hallarda bir bankdan götürdükləri kreditləri digər bankdan borclanma ilə bağlayırlar. Nəticədə, ikiqat faizlər ödəməli olurlar. İşsizliklə bağlı problemlərin olmasını, gəlirlərin aşağı düşməsini nəzərə alaraq rəsmi rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda nominal gəlirlər belə azalıb. Buna görə də problemli kreditlərin həcmi kifayət qədər yüksək sürətlə genişlənir”.
Ekspertə görə, hələlik Azərbaycanda problemli kreditlərin ümumi kredit portfelindəki payı təhlükəli həddə deyil: “Lakin belə kreditlərin artmasının özü təhlükəli tendensiyadır və onun qarşısının alınması üçün addımlar atılmalıdır. Bu addımlar atılmasa, bir müddətdən sonra bank sektoru üçün çox böyük təhlükəyə çevriləcək və dövlət məcbur qalacaq ki, milyardlarla vəsait xərcləsin. Amma bunun əvəzinə önləyici tədbirlər görülsə, əlavə vəsaitə ehtiyac qalmayacaq. Önləyici tədbir isə kredit faizlərinin aşağı salınmasından ibarətdir. Buna da real iqtisadiyyatı inkişaf etdirməklə nail olmaq mümkündür. Real iqtisadiyyatın güclü olması kredit risklərini azaldır, bu da bank faizlərinin düşməsini təmin edir”.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 34 milyard 104,0 milyon manat və ya hər nəfərə orta hesabla 3332,9 manata bərabər olub. Bundan əhalinin sərəncamında 29 milyard 687,3 milyon manat qalıb. Bu gəlirlərin adambaşına düşən məbləği 2901,2 manat olmaqla illik ifadədə 6,4 faiz artıb. Beləliklə, aydın olur ki, bilavasitsə fərdi şəxslərin borclanma aləti olan istehlak kreditləri illik ifadədə 18,7 faiz, əhalinin adambaşına nominal gəlirləri isə az qala 3 dəfə az - 6.4 faiz artıb.
Ötən ildən bəri ölkədə kredit faizləri də yüksəlib. Mərkəzi Bankın açıqladığı və iyunun 1-nə olan vəziyyəti əks etdiən sonuncu məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 13,65 faiz olub. Ötən ilin iyun ayının əvvəlində bu göstərici 12,74 faiz idi. Bu, kreditlər üzrə orta faiz dərəcəsinin 1 faizə yaxın artdığını göstərir.
Qeyd edək ki, son bir ildə milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 14,40 faizdən 15,04 faizə, xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi isə 5,34 faizdən 5,66 faizə yüksəlib. Yəni faiz artımı istehlak kreditlərinin verildiyi manat kreditlərində daha yüksək olub.
Əkrəm Həsənov
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda problemli kreditlərin səviyyəsinin artması ölkədəki sosial-iqtisadi durğunluqla bağlıdır: “Biznes inkişaf edə, işini genişləndirə bilmir. Nəticədə əhalinin iş imkanları daralır, gəliri azalır. Bu, əhalinin kredit ehtiyaclarını artırır - istehlak kreditləri bu səbəbdən yüksəlir. Gəlirlərin ən yaxşı halda artmaması əhalinin biznesin kredit qaytarmaq qabiliyyətini aşağı salır. Bu şəraitdə faizlər də artır. Sonuncu məsələdə girov qoyulan əmlakların satılmaması mühüm rol oynayır. Bu gün yüksəkmərtəbəli binalarda mənzillərin qiymətini süni şəkildə yüksək saxlasalar da, banklara girov qoyulan əmlakları satmaq mümkün olmur. Yəni girov kimi dəyərləndirildiyi qiymətə satmaq olmur, çünki alıcılıq qabiliyyəti aşağıdır. Hərraclarda belə əmlakları alan yoxdur. Hamı bilir ki, hazırda daşınmaz əmlak bazarında qiymətlər süni şişirdilib, real qiymət xeyli aşağıdır”.
Ekspert vurğulayır ki, problemli kreditlərin artım tempinin sürətlənməsi təhlükəli tendensiyadır: “Bilirsiniz ki, 2015-ci ildə problemli kreditlərin artmasında manatın məzənnəsindəki dəyişiklik mühüm rol oynadı. Belə bir hal yenidən yaşanarsa, problemli kreditlər yenidən ciddi böhrana səbəb ola bilər. Məsələ burasındadır ki, hazırda səsləndirilən rəqəmlər banklar vasitəsilə verilən istehlak kreditlərinin məbləğini ifadə edir. Amma məişət texnikası, ev avadanlıqlarını banklar olmadan kreditlə verən çoxsaylı mağazalar da var. Onların kredit dövriyyəsini də nəzərə alsaq, istehlak kreditlərinin real həcminin daha yüksək olduğunu deyə bilərik.
Bir məsələni də qeyd edim ki, problemli kreditlərin hansı bankda daha çox, hansı bankda daha az olduğu bilinmir. Elə banklar var ki, problemli kreditlərin müəyyən qədər artımı təhlükə yaratmır. Lakin zəif banklar da var ki, vaxtı keçmiş kreditlər problemə səbəb olur. Bu isə adətən belə bankların bağlanması ilə nəticələnir".
Dünya SAKİT,
“Yeni Müsavat”
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ