İnsanlara hürriyət, millətlərə istiqlal!

Vatikanın naxələfliyi - kilsələri təmir edən Azərbaycana “vandalizm” böhtanı

Siyasi şərhçi: “Ölkəmizə qarşı hücumlarda Vatikana da xüsusi rol ayrılıb”

Vatikan Azərbaycana qarşı hücuma keçib. Belə ki, oktyabrın 15-də Vatikanın Müqəddəs Pyotr meydanında bazar günü ayini bitdikdən sonra Papa Fransisk Qarabağdakı monastırların və dini ibadət yerlərinin qorunmasına və onlara hörmət edilməsinə çağırış edib: “Qarabağdakı böhranla bağlı narahatlığım səngiməyib. Qaçqınların ağır humanitar vəziyyəti ilə yanaşı, mən bu bölgədəki monastırların və ibadət yerlərinin qorunması üçün xüsusi müraciət etmək istərdim”.

Papa eyni zamanda ibadət yerlərinin yerli mədəniyyətin bir hissəsi, imanın ifadəsi və “fərqlərə baxmayaraq birlikdə yaşamağı mümkün edən” qardaşlıq əlaməti kimi hörmət görəcəyinə və qorunacağına ümid etdiyini bildirib.

Ayna.az yazır ki, Vatikan Ermənistanın işğalı zamanı Azərbaycanın Qarabağ bölgəsində İslam ziyarətgahlarının təhqir olunmasından xəbərdardır. 2022-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfər edib. Papa ilə görüş zamanı Paşazadə ermənilərin Qarabağdakı müsəlman məscidlərinə, eləcə də erməni kilsəsinə aid olmayan xristian dini abidələrinə qarşı vandalizm törətdiklərini əsas gətirərək, ermənilərin davranışını pisləyib.

Amma bu səylərə baxmayaraq, Vatikan Qarabağdakı erməni vandalizmini hələ də pisləməyib. Fransisk 2016-cı ildə ölkəmizə səfəri zamanı Azərbaycanda xristian kilsələrinə nə qədər hörmətlə yanaşıldığını öz gözləri ilə görə bildi. Bundan başqa, Azərbaycan dünyanın bir çox yerlərində, o cümlədən Vatikanda xristian dini abidələrinin bərpası ilə bağlı layihələr həyata keçirib. Belə ki, 2018-ci il sentyabrın 26-da Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş Müqəddəs Sebastyan katakombalarının açılışı olub. Bərpa işlərinə 2016-cı ildə başlanılıb və yüksək səviyyədə aparılıb. Açılış mərasimində vurğulanıb ki, bu katakombalar bütün xristian dünyası üçün böyük əhəmiyyət kəsb edir. Onlar 1578-ci ildə aşkar edilib və buradakı bəzi abidələr III əsrə aiddir.

Prezident İlham Əliyevin 2020-ci ildə Vatikana səfərindən sonra isə tərəflər arasında Müqəddəs Komodilla katakombalarının bərpasına dair saziş genişləndirilib.

Papanın özü də Prezident İlham Əliyevlə görüşündə Heydər Əliyev Fondunun Vatikanda apardığı təmir-bərpa işlərini qeyd edib, Azərbaycan hökumətinə, xüsusilə də fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. O vurğulayıb ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən burada aparılan bərpa işlərini heç vaxt unutmayacaq.

Görünürdü ki, yuxarıdakı faktlar Vatikanın Azərbaycan kimi müsəlman ölkəsinin xristian irsinə nə qədər hörmətli və diqqətli olduğunu anlamaq üçün kifayət idi. Lakin Papanın son sözləri böyük təəssüf hissi doğurur.

Son vaxtlar Roma Papası Fransisk, Müqəddəs Taxt-tac və müxtəlif beynəlxalq tədbirlərlə bağlı xəbərlər və materiallar dərc edən nüfuzlu “Vatican New” nəşri Azərbaycanla bağlı yalan və təxribat xarakterli məlumatlar yaymaqdadır. Vatikan Ermənistanın işğalı zamanı Azərbaycanın Qarabağ bölgəsində İslam ziyarətgahlarının təhqir olunmasından şübhəsiz xəbərdardır. Lakin bir dəfə də olsun bu barədə narahatlıq ifadə etməyib. Qarabağda bir dənə də olsun ibadət yerinin, mədəniyyət abidəsinin azərbaycanlılar tərəfindən dağıdılmadığı halda indi Papanın narahat olması nədən xəbər verir? Papanın da yanında ermənilər işləyir buna görə, yoxsa xristian təəssübkeşliyindən çıxış edir? Vatikanı qarnının ağrısı nədir?

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Vatikanın son günlər Azərbaycanın qəbul etməyəcəyi ədalətsiz bəyanatlarla çıxış etməsində, şübhəsiz, xristian təəssübkeşliyi mühüm yer tutur. Digər səbəb, ermənilərin bir millət olaraq haray-həşir salma bacarığında, dünyanı özünün “əzabkeş” olmasına inandırma “qabiliyyəti”ndədir. Erməni lobbisinin Vatikanda apardığı işi də unutmamalıyıq: “Bütün bu amillər Azərbaycanda mövcud olan tolerantlıq ənənələrinə həmişə yüksək qiymət verən Papanın belə ermənipərəst mövqeyə yuvarlanmasına gətirib çıxarıb. Ancaq Vatikanın bu ermənipərəst bəyanatlarının kökündə bir mühüm səbəb də nəzərdən qaçmamalıdır. Bu da ABŞ və müttəfiqlərinin bölgəmizlə bağlı planlarının pozulmasıdır. Silahlı qüvvələrimizin antiterror tədbirləri erməni silahlılarının təslim olması ilə nəticələndi. Qarabağda yaşayan ermənilər əşyalarını toplayıb Ermənistana getdilər. Bu gün demək olar ki, Qarabağda erməni qalmayıb. Bu vəziyyət qərbin bölgəmiz üçün nəzərdə tutduğu bütün planları pozdu. Onların məqsədi Qarabağda status-kvonu qoruyub saxlamaq və orada yaşayan ermənilərin hüquq və təhlükəsizliyini təmini adı altında sülhməramlı kontingent, heç  olmasa müşahidə missiyası yerləşdirmək idi. Alınmadı. İndi nəyin bahasına olursa-olsun erməniləri geri qaytarmaq istəyirlər. Ancaq onu da anlayırlar ki, bu tələbin qarşılığında Azərbaycan eyni tələblə çıxış edib Qərbi azərbaycanlıların geri qaytarılmasını və təhlükəsizliklərinin təmin olunmasını tələb edəcək. Bu da Qərbin planlarının birdəfəlik pozulması deməkdir. Bu səbəbdən ABŞ və Avropanın bütün institutları Azərbaycana qarşı hücuma keçiblər və burada çox təəssüf ki, Vatikana da xüsusi rol ayrılıb və Papa bu vəzifəni reallaşdırmaq üçün əlindən gələni edir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR