Onlayn ictimai-siyasi qəzet
Süqut etmiş SSRİ-nin bu il yenidən doğulacağını deyən Anatoli Vasserman 33 ildir şovinizm mərəzinə mübtəla olmuş rusların “ülvi arzuları”nı ifadə edir.
SSRİ dağılandan ta bu günə qədər özünü vətənpərvər sayan elə bir rus tapılmaz ki, qırmızı imperiyanın çökməsinə görə hər gün təəssüflənməsin.
Belələri Kremldə də var (hətta başqa yerlərdə olduğundan daha çox) və Vasserman öz açıqlamaları ilə onların könlünü xoş edir.
Zatən, Rusiya dövlətinin indiyədək qonşu ölkələrdən əl çəkməməsi, vaxtaşırı olaraq onların üzərində hansısa hüquqlara malik olduğunu iddia etməsi bu üzdəndir.
Rusiya hətta ondan tam qopmuş və heç vəchlə yaxınına gəlməyən Baltikyanı ölkələri də tez-tez qurdalayır, narahat edir, rus icması məsələsini qaldırır.
Postsovet məkanında rus dilinin xüsusi statusa malik olması, xüsusi məktəblərdə tədrisi RF-yə ona görə lazımdır ki, “ülvi arzu”nu həyata keçirmək mümkün olsa, mərkəz kadrsız, kolonsuz qalmasın.
Vassermanın bundan xəbəri var. Ancaq ən qəribə olan odur ki, bu adam hansı SSRİ-nin bərpa olnacağından danışır.
Yəni bolşeviklər partiyası yenidən hakimiyyətə gələcək, bütün partiyaları ləğv edəcək, milyarder və milyonçuları həbsə alıb güllələyəcək, torpağı kəndlilərə, zavod-fabrikləri fəhlələrə, hakimiyyətə sovetlərə verəcək, sonra kolxoz-sovxozlar yaradacaq?
SSRİ nə deməkdir ki? SSRİ abbreviaturasının açması belədir: Sovet Sosialist Respublikalar İttifaqı. Yəni yenidən sosialist quruluşuna yönəlmiş respublikalar yığışıb yeni ittifaq yaratmalıdırlar.Hamısında təzədən sosialist inqilabları baş verməlidir.
Həmin respublikaların hamısında hakimiyyətdə kommunist partiyasından, marksizmdən, sosialzmdən imtina etmiş yeni kapitalistlərdir. Ən böyük kapitalist oliqarxlar isə Rusiyada, Moskvadadır. Onlar sosialist əmlakını indi-indi dağıdıb, başa çatdırıb, mənimsəyiblər. Bu neo-kapitaistlər o əmlakı yenidən, özləri öz əlləri ilə milliləşdirəcəklər, öz müəssisələrində partkom olacaqlar?
Əlbəttə, bu mümkün olan şey deyil. Heç bir böyük ideya indiki milyarderləri buna vadar edə bilməz. Bu iş olsa-olsa yeni bir sosialist inqilabının nəticəsində ola bilər. Elə bir təşəbbüs isə çox amansız müqavimətlə qarşılaşar. Kapitalist oliqarxlar varidatlarını qorumaq üçün sovet partkomlarından fərqli davranarlar – 120-ci ildönümü yaxınlaşan “qanlı bazar günü” yalan olar.
“Vurulmuş”, bütün cazibəsini itirmiş, praktikada özünü doğrultmamış marksizm-leninizm təlimləri əsasında sosialist inqilabı olmayacaqsa, o zaman hansı SSRİ-nin bərpasından danışmaq olar? 300 milyona yaxın insanı yenidən hansı ideoloji platformada birləşdirmək olar? Ən dəbdə olanı demokratiyadır, onu da postsovet məkanında yaxın buraxan yoxdur.
Söhbət olsa-olsa, çar Rusiyasının köhnə sərhədlərini bərpa etməkdən gedə bilər. Ona da 30 ildən çoxdur müstəqil dövlətçiliyi, himni, gerbi, bayrağı olan dövlətlərin gənc əhalisi çətin ki razı olarlar. Elə bu dövlətlərin elitası da yenidən öz səltənətlərinin taeyini Moskvanın iki dodağının arasına verməzlər.
Çünki bir qərinəlik müstəqillik tarixi olan ölkələrdə milli özünüdərk prosesi gedib, yüz minlərlə gənc ölkə xaricində təhsil alıb, dünyanı görüblər, rus olmadıqlarını, ölkələrinin müstəmləkə olduğunu anlayıblar, xalqlarının yadellilər tərəfindən necə zülmlərə salındığını öyrəniblər.
Adi bir misal. Hazırda Gürcüstanda gedən siyasi proseslərə diqqət edək. Yaşı 35-40-dan aşağı olanların əksəriyyəti Avropaya inteqrasiyaya qarşı çıxan mövcud hakimiyyətə qarşıdır, bir neçə aydır müqavimət davam edir. Niyə? Çünki bu şəxslər bir meh qədər də olsa, avropalı olmağın rayihəsini hiss ediblər, Avropa ölkələrinə vizasız gedib-gəliblər, dünyada Moskva və Sankt-Peterburqdan başqa da meqapolis olduğunu görüblər, yenidən metropoliya əyaləti və təbəəsi olmaq istəmirlər, Avropaya inteqrasiya edən müstəqil dövlətin vətəndaşları olmaq istəyirlər.
Ona görə də Vasserman qələt eləyir, SSRİ-nin yenidən doğulması “qaçılmaz zərurət” deyil, bu alman nasistlərindən şovinist ruslara miras qalan “dünya ağalığı” nəzəriyyəsinin gerçəkləşməsi arzusudur. O arzunu isə vaxtilə SSRİ-ni təşkil edən müttəfiq respublikaların heç biri bölüşmür.
Hətta illər öncə Rusiya ilə ittifaq dövləti yaratmış Belarus belə bu gün öz müstəqilliyindən imtina etmək, Rusiyanın federal subyektinə çevrilmək fikrində deyil. Ermənistanın hansı ovqatda olduğunu isə uzun-uzadı yazmağa ehtiyac yoxdur. Bu barədə çox yazılıb.
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ