Onlayn ictimai-siyasi qəzet
“Vaqifin ürəyinə stend qoyulub, evdədir. Qışda ümumiyyətlə, çölə çıxmır, yayda isə hərdən çıxıb çöldə gəzir”.
Bunu Musavat.com-a tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı deyib.
Həyat yoldaşının səhhətindən danışan T.Bayatlı bildirib ki, şairin vəziyyəti stabildir:
“Vaqifi sevənlər çoxdur. Gənc yazarlardan gəlib baş çəkirlər. Zəng edib soruşanlar da az deyil. Maraq var, hamı onu görmək istəyir. Tədbirlərdə mənə yaxınlaşıb onunla görüşmək istədiklərini deyirlər. Təəssüf ki, hamını onun görüşünə apara bilmirəm. Dedim ki, havalar isinsin, bağa apararıq, ondan sonra görüşə gələrlər.
Vaqifi müayinə üçün Türkiyəyə apara bilmirəm, səhhəti imkan vermir. Dərmanlar qəbul edir, Bakıda analizlər verir, onun nəticələrini Türkiyəyə göndəririk, həkim baxır”.
Tamam Bayatlı qeyd edib ki, şair yaradıcılığına da davam edir:
“Yeni şeirləri var, onların üzərində işləyirik. Özü tam razı qalandan sonra “Ədəbiyyat” qəzetinə verəcəyik. Bir xeyli şeiri yığılıb.
Mən onun şeirlərini kompüterdə yığıram. Onun şeir üzərində işləmək üslubu var, bəzən hansısa misranı çıxarır, yenisi ilə əvəz edir. Bu barədə çox kaprizlidir. Mən buna öyrəşmişəm. Onun şeirlərinə, poeziyasına, fikirlərinə qarışmıram. Mənim işim ona ancaq katibəlik etməkdir.
Vaqifin 44 günlük müharibədən sonra yazılan şeirləri var. O, Qarabağdandır. Torpaqlarımızın azad olunması onun həyatının arzularından biri idi.
Şuşa azad olduğu gün çox sevindi. O, Vaqif Poeziya Günlərində məqbərənin önündə şeir oxuyub. Şuşa Vaqifin ürəyinin içi, toxunulmaz guşəsidir. Şuşa haqqında onun şeiri də var.
Doğma kəndi azad olunanda çox sevindi. Dedi, görəsən evimiz dururmu? Qonşuları var, o kənd azad olunan kimi getdi və zəng etdi ki, Vaqif müəllim, eviniz də, əkdiyiniz ağaclar da daha yoxdur. Yerində bir neçə ədəd nar kolu qalıb. Oradan Vaqif müəllimə nar gətirdi”.
Qeyd edək ki, Vaqif Bayatlı Odər uzun müddətdir beyin anomaliyasından və ürək xəstəliyindən əziyyət çəkir.
Şahanə Rəhimli
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ