Onlayn ictimai-siyasi qəzet
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi ilə birgə hazırlanmış “Uşaqların immunizasiyası üzrə təlimat” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının Qərarı və Səhiyyə Nazirliyinin müvafiq Əmri ilə təsdiq edilib”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, Təlimatda 2024-cü ilin mart ayından yenilənən profilaktik peyvəndlər təqvimi, ÜST-nın tövsiyələrinə əsasən profilaktik peyvənd təqvimindən kənaraçıxmalar və gecikən vaksinasiyanın idarə olunması, vaxtından əvvəl doğulan uşaqların peyvənd olunması qaydaları haqda məlumat əldə etmək olar.
Eyni zamanda, vaksinasiyaya qarşı yenilənən tibbi əks-göstərişlər, immunizasiyadan sonra baş verən əlavə təsirlər, vaksinlərin təhlükəsizliyi və effektivliyi, peyvəndlərin tətbiqi üsulları və s. məsələlər ətraflı əhatə olunub:
"Təlimat tibb işçilərinə peyvəndləmə işində əsaslandırılan qərarların qəbul edilməsi, peyvəndlərdən kənarda qalan uşaqların Təlimatın tələblərinə uyğun peyvəndlərə cəlb olunması, tibbi əks göstərişlərin düzgün tətbiq edilməsi, soyuq zəncir sistemi qaydalarına düzgün riayət edilməsi, vaksinlərin tələblərə uyğun saxlanılması və uşaq əhalisini mümkün olan ən keyfiyyətli immunizasiya xidmətləri ilə təmin etmək imkanı yaradır”.
A.Əliyeva sonda 2024-cü ilin mart ayından Milli Peyvənd Təqviminə daxil edilən Heksavaksin haqqında məlumat verib:
“Heksavaksin 6 ciddi yoluxucu xəstəliyə qarşı (difteriya, göyöskürək, tetanus, hepatit B, b tipli hemofil infeksiya, poliomielit) 6 komponentli vaksindir. Heksavaksin Azərbaycanda 2024-cü ilin mart ayından tətbiq edilir. Peyvənd təqviminə uyğun olaraq bu vaksin uşaqlara 2, 3, 4 aylığında vurulur. Heksavaksin Avropa istehsalıdır və bir dozalıq flakonlarda buraxılır. Vaksin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir, təhlükəsiz və effektivdir”.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ