Onlayn ictimai-siyasi qəzet
Müharibələrin başlanmasının əsas səbəblərindən biri və bəlkə də birincisi ərazi iddialarıdır. Hətta bəzən olduqca kiçik bir ərazi tərəfləri müharibə vəziyyətinə gətirib. 1969-cu ildə SSRİ ilə Çin arasında yaranan gərginlik də məhz kiçik bir adaya sahib olmaq iddialarından yaranıb. Sahəsi 1 kvadratkilometrdən də az olan ada uğrunda gedən mübarizə nüvə silahlarının tətbiqini də gündəmə gətirib, Ussuri çayındakı Damansk adası ilə bağlı SSRİ-nin və Çinin ərazi iddiaları iki ölkə arasında gərginliyi pik həddə çatdırıb.
Bu məsələ ilə bağlı kimin haqlı, kimin haqsız olduğu haqqında çoxsaylı fərqli fikirlər səsləndirilib. Damansk adasının kimə məxsus olması ötən əsrin ortalarından mübahisəli məsələyə çevrilib.
Əslində ada ilə bağlı iddialarda Çini haqlı saymaq olar. Belə ki, hələ 1919-cu ildə Paris Sülh Konfransında Pekin müqaviləsi təsdiq ediləndə, sərhəd hər iki tərəfdən eyni məsafə olmaq şərti ilə Ussuri çayı boyunca müəyyənləşdirilib. Ancaq müqavilədə çayda mövcud olan, yaxud da sonralar yarana biləcək qum yataqlarının, adaların kimə məxsusluğu nəzərdə tutulmayıb. Araşdırmaçıların qənaətinə görə, müqavilədəki bu boşluq yanlışlıqdan irəli gəlməyib. Belə hesab olunub ki, təbii resursurlar hansı dövlətin ərazisinə daha yaxın olubsa, həmin dövlətin də ixtiyarında olub. Damansk adası ilə Çinin quru sərhədi arasında isə məsafə cəmi 50-60 metr təşkil edib.
Ağac və kolluqlardan ibarət olan kiçik Damansk adasından çinlilər uzun illər ev heyvanlarının yem yeri kimi istifadə ediblər. Sahildə yerləşən yaşayış məntəqələrinin sakinləri hər dəfə adaya keçəndə sovet sərhədçiləri tərəfindən xəbərdarlıq alıblar. 1960-cı illərin əvvəllərindən başlayaraq isə çinlilərlə sovet sərhədçiləri arasında əlbəyaxa davalar da baş verib. Bir faktı qeyd etmək kifayətdir ki, təkcə 1962-1963-cü illərdə adanın ərazisində tərəflərin 5 mindən artıq insidenti qeydə alınıb.
Bu cür kiçik münaqişələr hər iki tərəfin sərhəddə daha çox hərbi qüvvə yerləşdirməsinə səbəb olub. 1964-cü ildə Çin hakimiyyətinin Damanskın rəsmi olaraq Çinə məxsus olmasını SSRİ ilə razılaşdarmaq cəhdi isə heç bir nəticə verməyib.
1969-cu ilin mart ayında iddialar, qarşılıqlı ittihamlar daha da böyüyüb. Belə ki, həmin ilin mart ayının 2-də sovet sərhədçiləri adaya təxminən 300 nəfərə yaxın çinli hərbçinin keçdiyini müşahidə ediblər. Sonra Nijne-Mixaylovka sərhəd zastavasının rəisi baş leytenant Strelnikov 32 sərhədçi ilə birgə adaya girib.
Zastava rəisi çinli hərbçilərə adanı təcili tərk etmək haqqında əmr verib. Əmr atəşlə cavablandırılıb. Çinlilər adada olan zastava rəisini və 32 sərhədçini odlu silahlarla güllələyiblər. Atəş səslərini eşidən qonşu zastavanın şəxsi heyəti zirehli texnikalarla dərhal adaya gəlib. Adada müharibə döyüşlərini xatırladan atışmada 245 nəfər çinli məhv edilib, qalanları qaçmağa məcbur olub.
Hadisənin səhəri günü SSRİ Çin Xalq Respublikasına etiraz notası göndərib. Amma məsələ təkcə nota ilə bitməyib.
Leonid Brejnevin keçirdiyi fövqəladə müşavirədə əraziyə 135-ci motoatıcı diviziyanın yerləşdirilməsi qərara alınıb. Martın 15-də Çin sərhədçiləri adanı tam nəzarətdə saxlayan sovet hərbçilərinə Damanskı tərk etməyə dair ultimatum veriblər. Heç bir reaksiya olmadıqda Çin hərbçiləri artilleriya ilə sovet hərbçilərinin mövqelərini intensiv atəşə tutublar. Bu hücumdan sonra 135-ci motoatıcı diviziya əməliyyata başlayıb.
Münaqişə zamanı itkilərin nə qədər olduğunu tərəflər müxtəlif rəqəmlərlə göstəriblər. SSRİ-nin statistikasına görə, sovet hərbçilərindən 58 nəfər, Çin tərəfdən 800, bəzi mənbələrdə isə 2500-3000 nəfər göstərilib. Çinlilər 99 nəfər sovet hərbçisinin, öz tərəflərindən isə 67 nəfərin öldüyünü qeyd ediblər. Xarici mətbuatda da fərqli rəqəmlər əks olunub.
Sözsüz ki, SSRİ rəsmiləri öz hərbi qüdrətlərini nümayiş etdirmək üçün təbliğat maşınından var gücü ilə istidadə ediblər. Hətta dövriyyəyə Çin tərəfindən ada ətrafına on minlərlə hərbçinin toplanması ilə bağlı informasiya da buraxılıb.
Damansk münaqişəsi SSRİ-Çin münasibətlərində böyük gərginlik yaradıb. Brejnevin “gərginliyin artacağı təqdirdə nüvə silahından istifadə qaçılmaz olacaq” fikrinə isə ABŞ sərt reaksiya verib. Ağ Ev bütün hallarda Çini dəstəkləyəcəyini açıq şəkildə bəyan etməkdən çəkinməyib.
Gərginliyin aradan qaldırılmasında, münaqişənin çözülməsində beynəlxalq siyasi arenada kifayət qədər nüfuzlu sima sayılan SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginin böyük rolu olub. 11 sentyabr 1969-cu ildə Pekin rəsmiləri ilə 4 saatlıq müzakirələrdən sonra Kosıgin münaqişənin dondurulması ilə bağlı razılaşma sənədinə imza atmağa müyəssər olub.
22 ildən sonra, 1991-ci ildə ömrünün son günlərini yaşayan SSRİ ilə qarşılıqlı razılaşma əsasında Damansk adası rəsmi olaraq Çinin ərazisinə daxil edilib.
Qeyd edək ki, Damansk münaqişəsi zamanı həlak olanlardan biri də sərhəd zastavasında hərbi xidmət keçən azərbaycanlı Tofiq Abbasov olub. Həmçinin Damansk münaqişəsində iştirak edən və münaqişə zamanı həlak olan polkovnik Demokrat Leonov da bakılı olub.
Tarixçilərin ümumi qənaətinə görə, Stalinin hakimiyyəti illərində dostluq münasibətində olan SSRİ və Çin əlaqələrinin gərginləşməsi, iki sosialist ölkəsi arasında yaranan konfliktlər Nikita Xruşovun siyasi səriştəsizliyindən irəli gəlib. Leonid Brejnev isə hakimiyyətinin ilk illərində SSRİ-yə xeyir gətirməyən bu “ənənə”ni davam etdirib.
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ