İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uzağı iki aya sülh müqaviləsi imzalanacaq” - fevral seçkisinədək...

İlin sonuna həftələr qaldı, Azərbaycan və Ermənistanın əsirləri qarşılıqlı azadlığa buraxması sülh sazişi ümidlərini artırır; Qərb tarixi sənədin imzalanması üçün intensiv çalışır - iki rəy

İlin sonuna sayılı həftələr qaldı. Təəssüf ki, Ermənistan Bakının 5 baza prinsipi əsasında çoxdan sülh sənədini imzalamalı olduğu halda, “ötür-ötür” oyununu davam etdirir. İndi də özünün “6-cı təkliflər paketi”nə Bakıdan cavab gözləyir. Bu minvalla ilin axırına və ya qısa zaman ərzində tərəflər arasında çətin ki, sülh anlaşması imzalansın. 

Hərçənd nikbin təxminlər də var. Eləcə də əsirlərin mübadiləsi ikitərəfli razılaşmaların sürətlənməsi baxımdan əhəmiyyətli nəticə idi. Artıq Avropa Birliyindən Şarl Mişel, Cozef Borell bu qərarı alqışlayıblar. “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq. Sənəd imzalandıqdan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri də düzələcək. Bu isə onlar üçün yeni dəhlizin açılması deməkdir. Həmin dəhlizlə də Cənubi Qafqazın həm ticari potensialı artmış olacaq, həm də təhlükəsizliyi qorunacaq”. “Yeni Müsavat” qeyd edir ki, bu sözləri gürcü ekspert Vaxtanq Maysaya deyib. Onun sözlərinə görə, bu gedişlə ən geci 2024-cü ilin yanvar-fevral aylarında sülh müqaviləsi imzalanacaq. “Çünki rəsmi İrəvan başa düşür ki, imzalanacaq sülh müqaviləsi onu xilas etməklə yanaşı, regionu iqtisadi cəhətdən də güclü edəcək”, - deyə o əlavə edib.

İki aya sülh sənədinin imzalanması mümkündürmü? Ermənistan rəhbərliyinin davranışları optimizmə əsas yaradırmı? Bakının 5 baza prinsipi qəbul olunacaqmı? Yeri gəlmişkən, dekabrın 6-da ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, artıq Azərbaycan öz ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyir. Bəs, bu, nə vaxt baş verəcək? Bundan başqa, Azərbaycanda 7 fevral erkən prezident seçkisinin sülh danışıqlarının dinamikasına hər hansı təsiri mümkündürmü? Erməni tərəfi bunu bəhanə edib vaxtı uzatmaq fikrinə düşə bilərmi? Almaniya Avropa İttifaqı ilə birgə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün intensiv işləyir. Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib. “Azərbaycan və Ermənistan arasında elan edilmiş etimad addımları ümid verir. Saxlanılanların qarşılıqlı azadlığa buraxılması vacib addımdır. Hərtərəfli sülh razılaşması imkanının dəyərləndirilməsi üçün biz Avropa İttifaqı ilə birlikdə intensiv çalışırıq”, - Almaniya XİN rəhbəri vurğulayıb. 

Avropa Şurası Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi istiqamətində atdığı addımları təqdir edir. Bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dekabrın 8-də qəbul edilən zaman bildirib. Mariya Peyçinoviç Buriç bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı və bundan irəli gələn məsələləri, xüsusilə iki ölkə arasında etimad quruculuğu tədbirləri istiqamətində atılan addımları yüksək qiymətləndirdiklərini bildirib, Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb. 

Akif Nağı:"Qarabağa Elçibəydən fərqli yanaşırdım"

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a açıqladı ki, hazırda tərəflərin bir-birinə mesajlarında müsbət tendensiyalar müşahidə olunmaqdadır. Onun sözlərinə görə, indiyə qədər gərginlik, qarşılıqlı ittihamlar ortada idi: “İndisə müəyyən müsbət dinamika var. Xüsusən də əsirlərin dəyişdirilməsi ciddi jest oldu. Amma sülh üçün onun mətni olmalıdır. Azərbaycan beş bəndlik təkliflərini irəli sürüb, Ermənistan tam razılaşmır, üç şərt üzərində dayanıblar. Eyni zamanda, anklavlar məsələsində problemlər qalır. Ona görə yaxın zamanda sülh gözlənilmir. Amma növbədənkənar prezident seçkisindən sonra gələn ilin ortalarında, ya da payızında sülh sənədi bağlana bilər”. Politoloq Murad Sadəddinov isə “Yeni Müsavat”a qeyd etdi ki, əsirlərin dəyişdirilməsini müsbət hal kimi qiymətləndirmək olar, amma sülh müqaviləsinin imzalanması üçün əsas açar deyil: “Bu, prosesdə mühüm bir addım kimi dəyərləndirilə bilər. Sadəcə, vasitəçilik etmək istəyən dövlətlər arasında ciddi mübarizə gedir və bu da sülh sənədinin bağlanmasına əngəl törədir. Dünyadakı proseslərdə səngimələr olarsa, sülh üçün şans yarana bilər. Digər tərəfdən, prezident seçkisindən sonrakı dövrdə sülh müqaviləsi ilə bağlı danışıqlar daha çox aktivləşəcək”. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR