İnsanlara hürriyət, millətlərə istiqlal!

USAİD-lə bağlı Bakıda gedən istintaq - YENİ GƏLİŞMƏ

Arzuxan Əlizadə: “Baş verən bu proses bütövlükdə xoşagələn deyil”

Azərbaycan Baş Prokurorluğunda “QHT İşi” ilə bağlı cinayət işi başladılıb. Artıq proses çərçivəsində “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və ictimai fəal Altay Məmməd həbs edilib.

Media Hüquqları İnstitutunun təmsilçisi Xalid Ağaəliyev, o cümlədən Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov istintaqa cəlb olunub. Bundan başqa, onlarla QHT rəhbəri dindirilməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

 Bildirilir ki, yeni cinayət işi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qrantların alınması ilə bağlıdır.

Məlumata görə, bu qurumdan qrant alan bütün təşkilatların təmsilçiləri istintaqda dindirilir.

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Gununsesi.info-ya açıqlamasında bu prosesdən təəccübləndiyini deyib: “Hələ ki məni çağırmayıblar. Çağırsalar, gedəcəyəm.  Dövlət orqanları var ki, Dünya Bankından, Avropa İttifaqından, USAİD-dən qrantlar alıb. QHT-lər də bu qurumların aldıqlarından qat-qat az qrant alıb. Bu pullar cəmiyyətdə maariflənməyə, insanlara pulsuz hüquqi xidmət göstərməyə, kəndlərdə su çəkilişlərinə, məktəb-baxça təmirlərinə yönəlib. Heç kəs aldığı pullardan dövlətə qarşı istifadə etməyib. Ona görə də nə baş verdiyini başa düşməyə çalışırıq”.

Məlum olduğu kimi, 1991-ci ildən ölkəmizdə fəaliyyət göstərən USAİD-in Azərbaycandakı 34 illik fəaliyyəti yalnız iqtisadi və sosial sahələrə dəstək olmaqdan ibarət olmayıb. Təşkilatın əsas məqsədlərindən biri də ölkənin ictimai-siyasi həyatına təsir göstərmək olub.

Rəsmi məlumatlara görə, USAİD Azərbaycanda kənd təsərrüfatı, qadın sahibkarlığı, kiçik və orta biznesin inkişafı, gənclərin bacarıqlarının artırılması istiqamətində fəaliyyət göstərib. Bununla yanaşı, USAİD səhiyyə sektoru və idarəetmə islahatlarına da maliyyə ayırıb. 34 il ərzində təşkilat Azərbaycana ümumilikdə 431 milyon dollar vəsait ayırıb ki, bu da kifayət qədər böyük məbləğdir.

Lakin burada vacib bir məqam var: USAİD sadəcə bir yardım təşkilatı deyil, ABŞ hökumətinin xarici siyasət alətlərindən biridir. Təcrübə göstərir ki, bu tip donor təşkilatlar humanitar yardım və iqtisadi dəstək adı altında müəyyən siyasi məqsədlər güdür. USAİD də Azərbaycanda uzun illər ərzində müxtəlif qruplara dəstək verməklə ABŞ-ın maraqlarını ön plana çıxarmağa çalışıb.

USAİD-in dəstəklədiyi layihələr nə qədər müsbət təsir bağışlasa da, nəticə etibarilə təşkilatın əsas məqsədi Azərbaycanın daxili proseslərinə nüfuz etmək və müəyyən qrupları öz təsir dairəsində saxlamaq olub.

Arzuxan Əlizadə millət vəkili seçildi - Azərbaycan Milli İstiqlal Partiyası

Arzuxan Əlizadə 

Mövzu ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə “Yeni Müsavat”a danışıb: “Təbii ki, istintaq tam aydınlaşdıracaq ki, qanunvericiliyə müvafiq olaraq ayrılan qrantlar qeydiyyatdan keçibsə, bu məsələdə hüquqi problem yoxdur. Bir neçə il əvvəl Azərbaycan qanunvericiliyində dəyişikliklər edilib və həmin dəyişikliklərə əsasən, xaricdən maliyyələşmə məsələlərində qeyri-hökumət təşkilatları Ədliyyə Nazirliyinə məlumat verməli və bu proses şəffaf aparılmalıdır. Əgər bu fəaliyyət qanun dəyişikliyindən əvvəl həyata keçirilibsə, o zaman məsələ bir başqa müstəvidə dəyərləndirilməlidir. Lakin əgər həmin qanun qəbul edildikdən və qadağa qüvvəyə mindikdən sonra müvafiq icazə olmadan qrantlar ayrılıbsa, bu, artıq tamamilə fərqli yanaşma və araşdırma tələb edən məsələdir.

İstənilən halda, baş verən bu proses bütövlükdə xoşagələn deyil. Çünki burada həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də jurnalistlərin fəaliyyəti ilə bilavasitə bağlı məqamlar var. Əlbəttə, heç kim istəməz ki, bu cür hallar yaşansın. Lakin istənilən halda qanun varsa, ona riayət etmək hər kəsin borcudur. Kimliyindən, peşəsindən və ictimai mövqeyindən asılı olmayaraq, qanunlara əməl edilməlidir. Əgər qanun pozulubsa, bu, məsuliyyət yaradır. Bu məsuliyyət inzibati də ola bilər, əgər ortada cinayət tərkibli hərəkətlər varsa, cinayət məsuliyyəti də yarana bilər.

Hazırda məsələ istintaq mərhələsindədir. İstintaq orqanları bu işlə bağlı araşdırmalar aparır və bu prosesə hər hansı müdaxilə istintaqa təzyiq kimi qiymətləndirilə bilər. Ən azından arzumuz budur ki, heç kim araşdırmaların nəticəsi olaraq cinayət məsuliyyətinə cəlb olunmasın və proses cəmiyyət üçün ağrısız nəticələnə bilsin".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR