Onlayn ictimai-siyasi qəzet
Avropa Parlamenti dünən növbəti rüsvayçı qətnaməyə imza atıb. Bu dəfə Tiflisə qarşı. Belə bir sənədi illərdir səmimi şəkildə Avropa Birliyinin üzvü olmaq istəyən, lakin absurd bəhanələrlə qapı arxasında gözlədilən Gürcüstana qarşı daha bir əsassız və həyasız demarş da adlandırmaq olar.
Qətnamədə hazırkı iqtidarın legitimliyini tanımamağa və boykota çağırış yer alır. Fransa vətəndaşı və casusu Salome Zurabişvili hələ də ölkənin qanuni prezidenti kimi təqdim edilir. Gürcüstandakı 26 oktyabr seçkilərindən sonra hakim “Gürcü Arzusu” partiyasının yaratdığı hakimiyyət orqanlarını tanımaqdan imtina olunur. Mixail Kavelaşvili qeyri-legitim dövlət başçısı sayılır.
Belə. Şər-iftiranın dozası “fontan” vurur. Hər şey qırağa, konstitusiya ilə səlahiyyət müddəti bitmiş Zurabişvilini görəsən necə legitim prezident hesab eləmək olar, əgər ölkədə müharibə vəziyyəti yoxdursa və növbəti prezident seçkisi də baş tutubsa...
Məsələ də elə bunda – de-fakto özünüifşadadır. Axı kim bilıməsə də, Azərbaycana yaxşı bəllidir ki, Avropa Parlamenti çoxdan bəşəri dəyərlərin yox, marginallaşmış qrupların və lobbist dairələrin, özəlliklə Fransanın maraqları keşiyində dayanır. Haqq, ədalət kimi bəşəri, humanist anlayışları bir qayda olaraq, baş-ayaq təqdim edən qurum “demokratiya”, “insan hüquqları” adı ilə alver edir. Balanslı xarici siyasət yürütməyə çalışan ölkələrin daxili işlərinə bu yolla kobud şəkildə qarışmağa çalışır.
Azərbaycan əleyhinə neçə-neçə qərəzli, son dərəcə böhtan xarakterli, ağ yalanlarla dolu qətnamələr qəbul eləmiş Avropa Parlamenti bu bədnam “göstəricilər”ə görə Ermənistan parlamentini də geridə qoyub. Misal üçün, insafən kapitulyant ölkənin qanunverici orqanı Bakıda məhkəməsi gedən erməni xuntaçılar haqda indiyədək heç bir qərar çıxarmayıb, bəyanat verməyib, Azərbaycandan onlara azadlıq tələb etməyib.
Gəl ki, guya ermənidən çox erməni olmağa can atan Avropa Parlamenti bunu da gedib. Üstəlik, onları heyrətamiz həyasızlıqla “əsir”, “siyasi məhbus” adlandırmaqda davam edir. Avropa Birliyi ölkələrini Azərbaycana qarşı sanksiyaların tətbiqinə səsləyir...
Bizə niyə sanksiya tətbiq olunsun ki? Məgər Azərbaycan Xocalı hərbi canilərini, separatçı-terrorçu dəstə üzvlərini qoyub hansısa günahsız ermənini həbsə salıb? Ya bəlkə ordumuz Ermənistanın 20 faizini işğal altında saxlayır?
Yeri gəlmişkən, on illər boyu biz nə Qərb qurumlarından, nə də ABŞ başda olmaqla, kollektiv Qərbin aparıcı dövlətlərindən, həmçinin qonşu Rusiyadan erməni təcavüzü ilə bağlı İrəvana qarşı sanksiya çağırışı eşitmədik. Əksinə.
Biri separatçılara hər il dövlət səviyyəsində maliyyə yardımı ayırdı (ABŞ), o biri həm də siyasi dəstək verdi (Fransa), Rusiya isə antiterror əməliyyatınadək (2023) separatçıları ölkəmizə qarşı silahlandırdı. Halbuki BMT TŞ-nin işğalla bağlı 4 qətnaməsi var idi. Onların hamısına TŞ-nin daimi üzvləri kimi ABŞ, Rusiya və Fransa səs vermişdi...
Mətləbdən uzaqlaşmayaq.
Sözü ona gətiririk ki, Avropa Parlamenti beynəlxalq hüququn gözdən salınmasında işğalçı Ermənistandan, Ukraynanın 20%-ni işğal eləmiş Rusiyadan, lap elə USAID-dən heç də az “xidmət” göstərməyib, az zərər vurmayıb. Eləcə də “ikili standartlar” məsələsində.
Odur ki, xalqların və dövlətlərin qismən rahat nəfəs alması üçün bu şeytan yuvasının da USAID kimi bağlanması tamamən məntiqli və ədalətli olardı. Daha dəqiqi, özünü buraxması. Onsuz da bu minvalla Avropa İttifaqının gələcəyi dumanlı görünür...
Z.SƏFƏROĞLU
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ