Onlayn ictimai-siyasi qəzet
ABŞ hökumətinin Beynəlxalq İnkişaf Agentliyini (USAID) faktiki olaraq ləğv etmək üçün atdığı addımlar beynəlxalq yardımla bağlı xərclərin 90 günlük dondurulması başa çatdıqdan sonra çoxmilyardlıq vəsaitlərin hansı təşkilatlara yönəldiləcəyi sualını ortaya çıxarıb.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Jurnalistlər 2023-cü il üzrə ABŞ-ın beynəlxalq yardım proqramlarına dair yekun maliyyə hesabatlarını araşdıraraq bu məqsədlər üçün büdcədən ümumilikdə 64,69 milyard dollar ayrıldığını müəyyən ediblər ki, bu da ölkənin milli gəlirinin təxminən 0,24%-ni təşkil edir. Bu vəsaitin üçdə ikisi USAID-in payına düşüb və agentliyin beynəlxalq proqramlara ayrılmış büdcəsi 42,45 milyard dollar olub.
İkinci ən böyük təşkilat ABŞ Dövlət Departamenti olub, o da 18,89 milyard dollar məbləğində beynəlxalq yardım ayırıb. Bu vəsaitin bir hissəsi müxtəlif ölkələrə hərbi yardım və qaçqın düşərgələrinin təşkili üçün sərf olunub. ABŞ Maliyyə Nazirliyi 2023-cü ildə 2,18 milyard dollar, Səhiyyə Nazirliyi isə 1,9 milyard dollar beynəlxalq proqramlara xərcləyib. Böyük məbləğlər idarə edən federal agentliklər arasında "Minilliyin Çağırışı" Korporasiyası (0,77 milyard dollar) və "Sülh Korpusu" (0,46 milyard dollar) da olub.
2021–2024-cü illərdə beynəlxalq yardımların 31%-i Amerika qeyri-hökumət təşkilatları (QHT), məsələn, Beynəlxalq Xilasetmə Komitəsi (IRC) və "Mercy Corps" vasitəsilə xarici QHT-lərə yönləndirilib. 46%-i BMT-nin strukturları da daxil olmaqla beynəlxalq təşkilatlar vasitəsilə, 12%-i ABŞ hökumətinin birbaşa satınalmaları yolu ilə, 11%-i isə xarici hökumətlərə və təşkilatlara birbaşa transferlər şəklində həyata keçirilib.
ABŞ-ın beynəlxalq yardımlar üzrə əsas xərcləri bunlar olub:
İqtisadi inkişaf – 20,6 milyard dollar
Humanitar yardım – 14,43 milyard dollar
Sülh və təhlükəsizlik təminatı – 10,74 milyard dollar
Səhiyyə proqramları – 9,85 milyard dollar
Demokratiya və insan haqlarının müdafiəsi – 2,64 milyard dollar
WSJ qeyd edir ki, beynəlxalq yardımların ayrılmasında əsas prinsip ABŞ-ın müəyyən regionlarda strateji maraqlarının olmasıdır: 2022-ci ilə qədər əsas yardım alan ölkə İsrail idi, lakin indi siyahıda birinci yerdə Ukrayna dayanır.
ABŞ prezidenti Donald Trampın administrasiyası hazırda beynəlxalq yardım proqramlarının "Amerika hər şeydən öndədir" prinsipinə uyğunluğunu qiymətləndirir. WSJ-nin bildirdiyinə görə, yeni prioritetlər müəyyən edilsə belə, ABŞ beynəlxalq yardımlara böyük miqdarda vəsait ayırmağa davam edəcək.
Lakin USAID-in bağlanmasından sonra bu vəsaitləri hansı dövlət qurumunun idarə edəcəyi məlum deyil.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ