Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev ölkənin kompleks inkişafını daim diqqətdə saxlayır. Həm işğaldan azad olunmuş ərazilərə, həm də ölkənin bütün regionlarına mütəmadi səfərlər zamanı nəhəng layihələrin açılışlarında iştirak edir, bölgədəki vəziyyətlə yerində maraqlanır. Aprelin 9-da Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı tikintisi ilə tanış olduğu Ekoloji Park, açılışını etdiyi İdman Sarayı və təməlini qoyduğu şəhər stadionu bölgələrə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Ekoloq: Təbiətə antropogen təsirlərin artdığı bir dövrdə ekoloji parkların yaradılması vacibdir
Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir.
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəis müavini İlqar Əsədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəli oranjereya binası daxildir. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Bu işi həyata keçirmək üçün oranjereya binasının daxilində bitkilərin normal inkişafını təmin edəcək xüsusi havalandırma sistemləri quraşdırılıb. Hazırda binada 7 növ ağac, 16 növ gül, 8 növ kol, 9 növ isə kaktus bitkisi əkilib. Həmçinin Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılıb.
Kompleksin ərazisində yeni yollar çəkilib, avtomobil dayanacağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yağış və damcı suvarma sistemləri ilə təchiz olunmuş istixanalar tikilib. Ekoloji Parkın Gəncə çayı tərəfdəki ərazisində yüzlərlə sərv ağacı əkilib, binanın ətrafına isə mozaika daşları döşənib.
Gəncədə Ekoloji Parkın tikilməsini ekoloq Elşad Məmmədov da yüksək qiymətləndirib. O deyib: “Son zamanlar təbiətə antropogen təsirlərin artdığı bir dövrdə şəhər ərazilərində ekoloji parkların yaradılması vacibdir. Bu, ilk növbədə, ekosistemin qorunmasına öz töhfəsini verəcək. Quşların, balıqların və bəzi həşəratların saxlanması üçün də əlverişli yer olacaq. Buna görə də Gəncədə yeni açılacaq Ekoloji Park olduqca vacib əhəmiyyətə malikdir. Mən də öz növbəmdə bir Gəncə sakini kimi bu cür unikal kompleksin tikintisinə görə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.
İdarə rəisi: 2025-ci ildə MDB-nin idman oyunlarının səkkiz növü Gəncə İdman Sarayında keçiriləcək
Dövlət başçısı Gəncəyə səfəri zamanı İdman Sarayının açılışını da edib. Uzun illərdir ölkəmizdə Olimpiya və idman hərəkatı geniş vüsət alıb. Ötən illərdə Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğuları tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradıb. Gəncədə istifadəyə verilən İdman Sarayı da bu qəbildən layihələr arasında xüsusi yer tutur.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında başa çatdırılıb.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov Gəncə şəhərinin 2025-ci ildə MDB-nin “İdman paytaxtı” seçilməsi ilə əlaqədar olaraq İdman Sarayının mühüm əhəmiyyət daşıdığını qeyd edib. İdarə rəisi deyib ki, 2025-ci ildə MDB-nin idman oyunlarının səkkiz növü Gəncə İdman Sarayında keçiriləcək. Həmçinin sarayın böyük zalında beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub.
İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21 metr, dərinliyi isə 3 metrdir. Burada 4 metr, 2,2 metr və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçı üçün isə 16 yerlik ərazi təşkil olunub. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir.
Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək.
Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var.
Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb, müşahidə kameraları quraşdırılıb.
“Kəpəz”in futbolçusu: Yeni stadionun tikilməsi bizi hədsiz sevindirdi
Şəhərin idmansevərlərinin sevincinə səbəb olan hadisələrdən biri də Prezident İlham Əliyevin şəhərə səfəri zamanı Gəncə şəhər stadionunun təməlini qoyması olub.
1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb.
“Stadionumuz qəzalı və yararsız vəziyyətdə idi. Oyunlarımızı şəhər xaricində keçirmək məcburiyyətində qalırdıq. Yeni stadionun tikilməsi bizi hədsiz sevindirdi. İnşallah, yeni stadion həm bizim, həm də azarkeşlərimiz üçün düşərli olar,” – deyə “Kəpəz” Peşəkar Futbol Klubunun futbolçusu Əli Səmədov deyib.
Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri olacaq.
Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz ediləcək. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ