Onlayn ictimai-siyasi qəzet
Ukrayna pilotsuz uçuş aparatları Stavropolda yerləşən və silah istehsalında da istifadə olunan süni kristalların əsas istehsalçısı sayılan “Monokristall” kimya zavoduna zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə “Astra” və ukraynalı “Exilenova+” resursları məlumat yayıb.
Zavod ərazisində yanğın baş verib. Gecə saatlarında şəhər sakinləri bir neçə partlayış və PUA-lara atəş açan HHM sistemlərinin səsini eşitdiklərini bildiriblər.
Həmçinin qonşu Nevinnomıssk şəhərində – əvvəllər də Ukrayna Silahlı Qüvvələrinin hədəfinə çevrilmiş bir sıra kimya müəssisələrinin yerləşdiyi yerdə – hava həyəcan siqnalı səslənib.
Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov və şəhər meri İvan Ulyançenko hücumu təsdiqləsələr də, zavodun vurulması barədə məlumat verməyiblər, yalnız Ukrayna hücumunun “uğurla dəf edildiyini” bildiriblər. Şəhər rəhbərinin sözlərinə görə, hücum nəticəsində “sosial obyektlərdən birində” şüşələr qırılıb, dron qalıqlarının düşməsi nəticəsində isə şəhərin şimal-qərbindəki (Sənaye rayonunda) bir yaşayış kompleksində pəncərələr, həmçinin bir neçə avtomobil zədələnib.
“Hadisə yerində bütün təcili xidmətlər işləyir”, - deyə mer qeyd edib.
“Monokristall” “Energomera” konserninə daxildir və özünü süni korund (sapfir) istehsalında dünyanın aparıcı müəssisələrindən biri kimi təqdim edir. Sapfir möhkəm və şəffaf material kimi optik sistemlərdə, sensorların və lazerlərin qoruyucu elementlərində, o cümlədən hərbi cihazlarda — nişangahlarda, termal kameralar və lazer sistemlərində, raketlərin özünüidarəetmə başlıqlarında, PUA kameralarının örtüklərində, həmçinin aviasiya və kosmik texnika cihazlarının pəncərələrində istifadə olunur.
“Exilenova+” qeyd edir ki, zavod həmçinin hərbi elektronika, radar və zireh istehsalında istifadə olunan ikili təyinatlı əsas materiallardan biri olan silisium karbidi də istehsal edir.
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ