Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiya ərazisində çox mühüm zavoda dron zərbələri endirib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatı (PUA) Tver vilayətində Redkinski Eksperimental Zavoduna (JSC ROZ) hücum edib.
Baza Telegram kanalının məlumatına görə, ilk zərbə gecə saat iki radələrində eyni anda üç pilotsuz təyyarə ilə həyata keçirilib.
Məlumatlı mənbələr dəqiqləşdirib ki, pilotsuz təyyarələrdən biri 4 saylı sexin damına düşüb və partlayıb. İkincisi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub və sonra həmin sexin yaxınlığına düşüb və partlayıb. Üçüncü pilotsuz təyyarə müəssisənin ərazisinə hücum etməyə cəhd edib - nəticədə boru kəməri zədələnib və yanğın başlayıb.
İki saat sonra başqa bir PUA da zavoda hücum edib. O da 4 saylı sexin ərazisinə düşüb. Şirkətin əməkdaşlarının təxliyə olunduğu və heç kəsin xəsarət almadığı deyilir.
Ukraynanın ötən ilin sentyabrında da vurduğu bu zavodu hədəf seçməsi təsadüf deyil. Belə ki, Redkinski zavodu bir neçə onilliklər ərzində Rusiya aviasiya və kosmik sənayesinin ehtiyacları üçün unikal kimyəvi məhsullar istehsal edir. Zavod 1960-1980-ci illərdə Kimya Sənayesi Nazirliyinin və onun Ağır Üzvi Sintez Baş İdarəsinin ən böyük təcrübə müəssisəsi olub.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ