Onlayn ictimai-siyasi qəzet
Ukrayna nümayəndə heyəti faydalı qazıntılar üzrə sazişlə bağlı danışıqlar aparmaq üçün Vaşinqtona gəlib.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, nümayəndə heyətinə Ukraynanın iqtisadiyyat nazirinin müavini, ticarət nümayəndəsi Taras Kaçka rəhbərlik edir. Danışıqların iki gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, fevralın 28-də Zelenski Ağ Evdəki görüşdə ABŞ prezidenti Donald Trampla mübahisə etdikdən sonra faydalı qazıntılar üzrə sazişin imzalanması pozulub. Martın 27-də Kiyev bildirib ki, Vaşinqtondan sənədin yeni versiyasını alıb və bu, əvvəlkindən qat-qat sərt olub.
Yeni layihəyə görə, Kiyev ABŞ-dan alınan 120 milyard dollardan artıq yardımın kompensasiyasını ödəməlidir. Həmçinin, ABŞ Ukraynanın bərpası üçün yaradılacaq investisiya fonduna nəzarət hüququ əldə edir. Bu fonda vəsaitlər Kiyevin faydalı qazıntıların hasilatı nəticəsində əldə etdiyi gəlirlərdən — lisenziya haqları və icarə gəlirlərindən yönəldiləcək.
O vaxtdan bəri Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar hələ də sazişlə bağlı mövqeləri üzərində işləyirlər. Prezident Zelenski isə Vaşinqtonun şərtləri dəyişməsindən narazılığını dilə gətirib. Tramp isə xəbərdarlıq edib ki, əgər Zelenski “razılaşmadan geri çəkilməyə cəhd edərsə”, “böyük problemlərlə üzləşəcək”.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ