Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusu bir ay ərzində səfərbərlik məqsədilə azad edilmiş 2750-dən çox məhkumla müqavilələr imzalayıb.
Bu barədə ABŞ-ın The Washington Post qəzeti yazır.
Orduya belə səfərbərliyi mümkün edən qanunu Ukrayna prezidenti Volodimir Zelenski mayın 17-də imzalayıb.
Bu qanuna görə məhkum, iki və daha çox adamın qəsdən öldürülməsinə, cinsi cinayətlərə, ağır korrupsiya cinayətlərinə və dövlətə qarşı cinayətlərə görə məhkum edilməyibsə, vaxtından əvvəl və şərti azadlığa buraxıla bilər.
Qanun eyni qaydada əcnəbilərin, o cümlədən hərbi əsirlərin də azad olunmasına imkan verir, amma qəzetin yazdığına görə ilk seçmədə xidmətə Ukrayna vətəndaşları cəlb olunacaq və onlar hücum briqadalarında xidmət edəcəklər.
Ukraynanın ədliyyə naziri Denis Malyuska The Washington Post qəzetinə deyib:
"Bizim məhkumlarımızın motivasiyası adi əsgərlərdə olduğundan güclüdür. Azadolunma bu motivin yalnız bir hissəsidir. Onlar öz ölkələrini müdafiə etmək və bu səhifəni qapamaq istəyirlər”.
Onun sözlərinə görə ilkin mərhələdə orduya 4000 min nəfər cəlb olunacaq.
Şərhçilər bildirirlər ki, Ukrayna ordusunda ön cəbhədə döyüşmək üçün məhkumların cəlb edilməsi kəskin əsgər çatışmazlığı və bu şəraitdə Rusiya ordusunun Xarkov və Donetsk vilayətlərində hücum əməliyyatlarını gücləndirməsi ilə bağlıdır.
Rusiya ordusu da sıralarını artırmaq üçün həbsxanalardan istifadə edir. Həm də Moskva bu üsulla səfərbərliyə demək olar Ukraynaya müdaxilənin ilk günündən başlayıb.
Rusiyada məhkumları əvvəlcə Vaqner özəl hərbi şirkətində xidmət üçün azad edirdilər. İndi isə bu işlə Müdafiə Nazirliyi məşğuldur.
Başqa bir fərq bundan ibarətdir ki, Rusiya müharibəyə ağır və xüsusilə ağır cinayət törətmiş şəxsləri də cəlb edir.
BBC yazır ki, Ukraynada həlak olmuş rusiyalıların ən böyük kateqoriyasına elə məhkumlar daxildir.
Həlak olması təsdiq edilmiş şəxslərin 11 min 305 nəfəri məhkumlardır.
Bu arada xəbər verilir ki, Rusiyada müddətli xidmətə çağırılanlara zorla müqavilə imzalatmaq halları çoxalmaqdadır.
Məsələn bildirilir ki, bugünlərdə müddətli hərbi xidmətə çağırılmış dörd əsgəri Vladivostokdan Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasına gətiriblər.
Burada əsgərləri Müdafiə Nazirliyi ilə müqavilələr imzalamağa məcbur ediblər.
Rusiya mediası yazır ki, bu barədə xəbəri rusiyalılara ordudan yayınmaqda kömək edən “Meşə ilə gedin” adlı təşkilat yayıb.
Zorla Ermənistana aparılmış əsgərlərdən biri kömək üçün insan haqları müdafiəçilərinə müraciət edib.
Onun sözlərinə görə Vladikavkazdakı hərbi hissənin komandirləri onlara deyiblər ki, xidmət müddətlərinin qalan 4 ayını Cənub hərbi dairəsinin başqa hissəsində keçirəcəklər.
Əsgərləri təyyarəyə oturdublar və onlar yalnız enişdən sonra Ermənistana gətirildiklərini biliblər.
Əsgərlər Gümrü bazasında tibbi komissiyadan keçiblər və bundan sonra onlara imzalamaq üçün sənədlər verilib. Əsgərlər bunların tibbi komissiya ilə bağlı sənədlər olduğunu düşünərək onları imzalayıblar. Amma sənədlər Müdafiə Nazirliyi ilə bağlanan müqavilələr olub. Əsgərlərin imzalarını geri götürməsinə imkan verilməyib.
Gümrüyə nə qədər müddətli əsgərin aparıldığı və onların niyə məhz Ermənistana gətirilməsi məlum deyil.
İyunun 15-də Astra teleqram kanalı yazmışdı ki, Krasnodar, Soçi və Armavir şəhərlərindən də Ukrayna cəbhəsinə çox sayda müddətli xidmət əsgəri bu sayaq aldadılaraq gətirilib.
Rusiyada əsgərlərin Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edilməsini həm insan haqları müdafiəçiləri, həm də əsgərlərin qohumları bildirirlər.
Ön cəbhəyə getməkdən imtina edənləri xüsusi hazırlanmış “quyulara” salırlar.
Şərhçilər bildirirlər ki, əsgərlərin müqavilə imzalamağa məcbur edilməsi Rusiya ordusunun Ukraynada ağır itkiləri və səfərbər planını doldura bilməməsi ilə bağlıdır.
Ötən həftə Bloomberg Afrikadan tələbə və fəhlələrin, çox vaxt da aldadılaraq Rusiya ordusuna səfərbər edilməsini xəbər vermişdi.
Bundan əvvəl Nepal öz vətəndaşlarının qanunsuz olaraq Ukrayna müharibəsinə aparılması ilə bağlı Moskvaya rəsmi etiraz bildirmişdi./Azadlıq Radiosu/
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ