İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistan XİN rəsmisi geosiyasi parçalanma fonunda Türkmənistanın neytrallıq modelindən danışıb

Müasir dünya getdikcə daha çox geosiyasi gərginliklə üzləşir. Fikir ayrılıqları dərinləşir və ölkələr rəqabət aparan bloklara bölünür. Bunu BMT Baş Assambleyasındakı səsvermə modellərindən də açıq şəkildə görmək mümkündür. Bu səsvermələr dövlətlər arasındakı siyasi münasibətləri əks etdirir və dünya ticarətinə təsir göstərir.

Belə şəraitdə ənənəvi əməkdaşlıq formaları tez-tez çətinliklərlə üzləşir və neytrallıq ideyası xüsusi əhəmiyyət kəsb edir. Əvvəllər neytrallıq çox vaxt təcrid olunma kimi qəbul olunurdusa, bu gün o, fəal diplomatik mövqeyə çevrilir. Türkmənistan bu yanaşmanı aydın şəkildə nümayiş etdirir, sülhün, dialoqun və beynəlxalq əməkdaşlığın aləti kimi neytrallığı təşviq edən bir dövlət kimi.

Musavat.com xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda tədbirdə

Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev deyib. XİN rəsmisi qeyd edib ki, neytral dövlətlər qlobal parçalanmanın nəticələrinin aradan qaldırılmasında mühüm rol oynaya bilərlər:

“Onlar birbaşa əməkdaşlığın çətin olduğu məqamlarda dialoqun qurulmasına kömək edə bilərlər. Bu baxımdan, neytrallıq, təkcə siyasi anlayış deyil, eyni zamanda iqtisadi sabitlik amilinə çevrilir. Türkmənistanın neytrallığı sadəcə bloklarda iştirakdan imtina deyil, həm də dayanıqlı inkişaf və tərəfdaşlıq üçün şərait yaratmağa yönəlmiş bir səydir. Bu kontekstdə ölkənin əsas təşəbbüslərini qeyd etmək yerinə düşər:

Xəzər dənizinin hüquqi statusunun həllinə dəstək göstərilməsi,

Mərkəzi Asiyada nüvə silahından azad zona yaradılmasınındəstəklənməsi,

TAPI (Türkmənistan — Əfqanıstan — Pakistan — Hindistan) qaz kəmərinin irəlilədilməsi.

Bu addımlar sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlib və regional iqtisadiyyatın inkişafına töhfə verir”.

Son 30 ilin təcrübəsi barədə danışan Şiri Şiriyev vurğulayıb ki, Türkmənistanın neytrallığı sadəcə xarici siyasət aləti deyil, daha sabit, ədalətli və harmonik dünya üçün fəal töhfə və nümunədir.

Nigar HƏSƏNLİ
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR