Onlayn ictimai-siyasi qəzet
Bakıda keçirilən XII Qlobal Bakı Forumunda dünyanın bir çox ölkəsindən təcrübəli diplomatlar iştirak edir.
Onların arasında Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, baş nazirin müavini (2009-2015) Bülənt Arınç da var.
Cənab Arınç Musavat.com-a özəl açıqlamasında Rusiya-Ukrayna müharibəsi, həmçinin Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi ilə bağlı danışıb:
- Cənab Arınç, bu gün həm dünyanın gündəmində, həm də Qlobal Bakı Forumunun gündəliyindəki əsas mövzulardan biri Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Putin son açıqlamasında atəşkəsə yalnız uzunmüddətli olacağı təqdirdə razılaşacağını bildirib.
Sizcə, atəşkəs razılaşması hansı şərtlərlə və nə zaman baş tutacaq? Müharibə nə zamana qədər davam edə bilər?
- Rusiya Ukraynaya hücum edib. Şəhərlərini bombalayıb, işğal edib. Öncə Krımı, daha sonra başqa bölgələri ələ keçirdi. Müharibə 3 ildir davam edir. Ukrayna Volodimir Zelenskinin başçılığı ilə dirəndi. Belə müharibələrdə ilk növbədə atəşkəs olmalı, ölümlər dayandırılmalı, ziyan hesablanmalıdır. Yalnız bundan sonra ölkələr arasında müzakirə başlanır. Atəşkəsin elan olunmaması üçün heç bir səbəb yoxdur. Bu, sadəcə Rusiyanın bəhanəsidir. Rusiya razılaşmalıdır.
- Əslində Türkiyə vasitəçilik təşəbbüsü irəli sürmüşdü...
- Hər iki tərəf Türkiyənin bu mövzuda tərəfsiz olduğundan əmindir. Amma heç kim bunu dəyərləndirmədi. Hazırda isə Trampın əli ilə Ukraynaya təslim olmaq üçün təzyiq edirlər. Bu, qəbuledilməzdir. Özəlliklə, Zelenskinin Ağ Evdə məruz qaldığı hərəkət məni həddən artıq heyrətləndirdi.
Mən Zelenskinin yanındayam, çünki o, zərərçəkəndir - ölkəsi bombalanıb, işğal edilib. Trampın köməkçisi ilə birgə Zelenskini təhqir etməsini həzm edə bilmirəm. Bu, ABŞ-yə də, Trampa da, buna seyrçi qalan digər ölkələrə də yaraşmır. Zelenskinin heç olmasa bundan sonra ölkəsini rifaha çatdırmasını dəstəkləməliyik.
- Xarici işlər naziri Ceyhun Bayramov ötəngünkü açıqlamasında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını açıqladı. Bununla bağlı şərh vermənizi istərdim. Sizcə, Zəngəzur dəhlizinin açılması yaxın zamanda mümkün ola bilər?
- Bildiyim qədər, Zəngəzur dəhlizinin açılması üçün İranın da razılığını almağa çalışırlar. Bu razılaşma mütləq olmalıdır. Biz bunu dəstəkləyirik. Azərbaycanın illərdir gözlədiyi bu məsələ həllini tapmalıdır. Mövcud konyekturada İranın razılaşacağını düşünürəm.
- Bəs Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı nə düşünürsünüz?
- Biz 2009-cu ildə İsveçrədə Ermənistanla Azərbaycan arasında anlaşma üçün təşəbbüs göstərmişdik. Amma o zaman tək şərt işğal altında olan torpaqların azad edilməsi idi. Bu səbəbdən dərhal imtina etdilər. Razılaşma bir ilin içində qüvvədən düşdü.
44 günlük Vətən müharibəsindən sonra Ermənistanın ağlı başına gəlməlidir. Həm Konstitusiyasındakı dəyişikliklər, həm digər qəbul etməli olduğu məqamlarla bağlı Türkiyə və Azərbaycanın şərtlərinə uyğun şəkildə razılığa gəlsə, Türkiyə ilə diplomatik münasibətlər qurmaq üçün müsbət qərar alına bilər.
Nigar HƏSƏNLİ,
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ