İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Baş Qərargah rəisinin Bakı səfərinin pərdəarxası

Alp Arslan İmamqulu: “Türkiyə də maraqlıdır ki, qalib bir ölkənin ərazisində öz yüksək texnoloji vasitələrini sınaqdan çıxartmaq yolunda addımlar atsın”

Sentyabr 5-də Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ölkəmizə səfər edib. İşgüzar səfər çərçivəsində ordu generalı Y.Güler Bakı Ekspo Mərkəzində keçirilən  “ADEX 2022", dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət edib və bir sıra görüşlər keçirib.

Sentyabrın 6-da Yaşar Güler Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə  “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərini ziyarət ediblər. Rəsmilər stendlərlə, sərgidə nümayiş olunan müdafiə sənayesi məhsulları ilə tanış olublar.

Qeyd edək ki, sərgidə 200-dən çox şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il sərgidə 8 ölkə milli stendləri ilə iştirak edir.

Beləliklə, kifayət qədər həssas bir məqamda - Gülerin ölkəmizə səfəri şübhəsiz ki, həm də dostlar və düşmənlərə mesajdır.

Qabil Hüseynli: “Paşinyan vahimə içindədir”

Qabil Hüseynli: “Hörmətli ordu generalı rəsmi olaraq Azərbaycanda keçirilən silah sərgisində iştirak etmək üçün gəlib, lakin... ”

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb. O deyib ki, bu, Türkiyə ordu generalı Yaşar Gülerin Azərbaycana növbəti səfəridir: “Yaşar Güler Azərbaycan Ordusunun yenidən qurulması və hərbiçilərimizin, o cümlədən istər xüsusi təyinatlılarımızın, istərsə də dağ-komanda heyətinin Türkiyədə təlimlər keçməsi, lazımi təcrübələrin qazanması və onların hərbi vərdişlərinin əldə edilməsi istiqamətində mühüm rol oynayan hərbiçilərdən biridir. Qardaş ölkənin Baş Qərargah rəisi 44 günlük Vətən müharibəsi və müharibədən sonra ordu quruculuğu ilə bağlı məsələlərdə həmişə Müdafiə Nazirliyimizin yanında olub və özünün həm praktiki dəstəyi və həm də məsləhətləri ilə Azərbaycan Ordusunun Türkiyə ordusunun mini formasına çevrilməsi üçün əlindən köməklikləri göstərdi. Bu, çox əhəmiyyətli hadisədir. Çünki Azərbaycan və Türkiyə orduları demək olar ki, ciddi inteqrasiya dövrünü yaşayır, orduların bir sıra sahələr üzrə birgə fəaliyyət göstərməsi prosesi gedir və bir tərəfdən Azərbaycan Ordusunun yenidən qurulmasına və onun NATO standartlarına yaxınlaşmasına köməklik edir, hədəf isə ordumuzun Türkiyə modelinə keçməsidir.

Bəli, hörmətli ordu generalı rəsmi olaraq Azərbaycanda keçirilən silah sərgisində iştirak etmək üçün gəlib. Lakin mən şübhə etmirəm ki, Yaşar Güler əvvəllər olduğu kimi yenə də Azərbaycan Ordusunun  durumu, onun təlim səviyyəsi, burada fəaliyyət göstərən Türkiyə təlimatçılarının işi ilə bağlı fikirləri nəzərdən keçirəcək və  bütövlükdə Azərbaycan Ordusunun döyüş səviyyəsinin qaldırılması üçün lazım olan məsləhətləri verməklə yanaşı, həm də Türkiyə tərəfindən praktiki köməkliklər göstərilməsi istiqamətində fəaliyyətinə davam edəcək.

Baş Qərargah rəisinin ölkəmizə səfəri çox önəmli hadisədir. Əminəm ki, bu səfər Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin göstərişlərinə uyğun olaraq hərbi əməkdaşlığın yenidən səviyyəyə qaldırılması üçün çox mühüm rol oynayacaq".

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu: “Yaxın illərdə biz Azərbaycan-Türkiyə birgə hərbi texnikasının istehsalının şahidi olacağıq”

Politoloq Elxan Şahinoğlu: “Aydındır ki, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdirlər və bu baxımdan Türkiyə Respublikasının Baş Qərargah rəisi sərgilərlə yanaşı görüşlər də keçirəcək və bu görüşlərdə  Azərbaycanla hərbi əməkdaşlığın genişləndirilməsi yolları müzakirə ediləcək. Hesab edirəm ki, bu istiqamətdə Bakıda dərin fikir mübadiləsi aparılacaq. O da məlumdur ki, artıq hərbi sənaye kompleksləri arasında da ciddi birgə fəaliyyət var və bu barədə sentyabrın 6-da müdafiə sənayesi naziri Mədət Quliyev də açıqlama verdi. Beləliklə, birgə istehsalla bağlı anlaşmalar, sazişlər var və yaxın illərdə biz Azərbaycanla Türkiyəni birgə hərbi texnikasının istehsalının şahidi olacağıq”.

Hərbi ekspert "RUS" sözünə görə adını dəyişmək qərarına gəldi - Ruslan idi, ALP  ARSLAN olacaq Vaxtmedia.az

Alp Arslan İmamqulu

Hərbi ekspert Alp Arslan İmamqulu isə bildirdi ki, bu dönəmdə Türkiyə ordu generalının Azərbaycana növbəti səfəri çox önəmli mesajdır: “Ümumiyyətlə, nə Azərbaycan, nə də Türkiyə boşuna hər hansı mesaj vermir. Bu baxımdan bu dönəmdə Türkiyə ordu generalı Yaşar Gülerin Azərbaycana növbəti səfəri çox önəmli mesajdır.

Məlum olduğu kimi, bugünlərdə Brüsseldə sülhyönümlü danışıqlar üçün Avropanın iştirakı ilə bir sıra görüşlər keçirildi və bu görüşlərdən  sonra da davamlı ziddiyyətli addımlar atıldı, o cümlədən Rusiya tərəfindən müəyyən bəyanatlar verildi.

Türkiyə ilə Azərbaycan arasında əlaqələr Şuşa Bəyannaməsindən sonra daha da güclənib. Bu gün bizim artıq onlarla, yüzlərlə deyil, minlərlə hərbi qulluqçularımız Türkiyədə müxtəlif istiqamətlər üzrə təhsil almaqdadır. Bununla yanaşı, Türkiyə zabitlərinin də qarşılıqlı müttəfiqlik  zəminində Azərbaycan ərazilərində xidmət etdikləri də bilinir.

O da məlumdur ki, Vətən müharibəsi zamanı Türkiyə müdafiə sənayesinin Azərbaycana nə qədər faydası oldu, həmçinin Azərbaycanın əldə  etdiyi uğur onlara nə qədər iqtisadi bəhrə gətirdi. Təbii ki, Türkiyə də maraqlıdır ki, qalib bir ölkənin ərazisində öz yüksək texnoloji vasitələrini sınaqdan çıxartmaq yolunda addımlar atsın.

Şuşa Bəyannaməsinin əsas meyarlarından biri budur ki, Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir, elə də əksinə. Bu o deməkdir ki, bu gün özünü bilməyən bir şəxsin öz maddi gücünə arxalanaraq Azərbaycan ərazisinə bir şeylər edəcəyini düşünməsi heç də əhəmiyyət kəsb etmir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR