Onlayn ictimai-siyasi qəzet
"Qərbi Azərbaycan yerla-yeksan edilib. Məcburi köçkünlərin, qaçqınların geridönüşü prosesində ilk növbədə 16-17-ci əsrlərdə yaşamış səyyahların qeydlərinə baxmaq lazımdır. Qərb səyyahlarının qeydlərində demək olar ki, hər məlumat var. Qəbiristanlıqlar, körpülər, saraylar, evlər barədə məlumat əldə etmək olar".
Bu fikirləri Musavat.com-a Ankara Universitetinin professoru Yıldız Dəvəci Bozquş deyib.
Professor hesab edir ki, ilk növbədə qeydiyyat aparılmalıdır:
"Sonrakı mərhələdə beynəlxalq ictimaiyyətdə prosesə diqqət çəkmək lazımdır. Beynəlxalq konfranslar, təlimlər, kitablar, araşdırmalar, layihələr vasitəsilə bunu etmək mümkündür. QHT, media, ali təhsil müəssisələri ortaq çalışmalıdırlar. Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı, qısa müddətdə nəticə əldə edilməsi çətin prosesdir. Bu mövzuda Türkiyənin də dəstəyi ilə Cənubi Qafqazda önəmli işlər görülür. Mədəni irsin qorunması ilə bağlı addımlar atılır. Qərbi azərbaycanlıların qayıdışına geniş spektrdə yanaşmaq lazımdır. Rəsmi qurumların öhdəsinə çox iş düşür, amma işbirliyi çərçivəsində hərəkət edilərsə, həll yolları tapıla bilər".
Professorun fikrincə, erməni cəmiyyəti Nikol Paşinyana tənqidi yanaşır:
"Paşinyan digər Ermənistan prezidentlərinə nisbətən sülhün tərəfdarıdır. Buna görə də çox tənqid olunur. Ermənilər müharibəsiz torpaqları geri qaytarmağa hazır idilər. Hesab edirəm ki, onlar buna indi də hazırdırlar. Bunun yeganə həll yolu sülhdür. Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan və Türkiyə sülhün tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Artıq yeni mərhələyə başlamaq istəyirik. Bölgədə sülh bərqərar olmalıdır. Düşünürəm ki, erməni cəmiyyətinin mövzuya münasibəti dəyişib. Rusiya, ABŞ ilə münasibətləri də diqqətə almaqla hesab edirəm ki, erməni cəmiyyəti buna hazırdır. İşğaldan azad edilən bölgələrin bərpa edilməsinə ehtiyac var. Daha sonra xalqı maarifləndirməklə geridönüşü təmin etmək olar".
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ