İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən də öyrənmək qəbahətdir?..

Deyirlər ki, indi də yanvarda bələdiyyə seçkiləri olacaq. Mənsə lap öldürsəniz də deyəcəm ki, nahaq əziyyət çəkirsiniz, ondansa bələdiyyə üzvlərini özünüz təyin edin və məsələ qurtarıb getsin, çünki bütün seçkilərdə olduğu kimi, indi də şanlı xalqımızın böyük hissəsi qətiyyən fərqində və marağında deyil: yanvarda kimi seçəcəklər, hara seçəcəklər və necə seçəcəklər!..

Yox, əlbəttə, bəzi xırda, çox kiçik istisnalar var. Ən birincisi, MSK və onun böyük seçki məmurları ordusu yenə də gecə-gündüz çalışır, çünki onlar bütün digər seçkilərdə olduğu kimi bu seçkiləri də təşkil və “oformit” etməli, bütün işləri həmişə olduğu kimi uğurla başa çatdırmalı və sonra da sənədləri möhürləyib Konstitusiya Məhkəməsinə göndərməlidirlər ki, bəs, buyurun, daha bir seçkinin xeyir-duasını verin!

Burada bir detal da var ki, onu gərək deyim sizə: bizim bəzi-para teatrlarımızda rejissorlar var ki, düşünürlər sanki rejissuranı bunlardan  yaxşı bilən yoxdur, bəli, elə bil alçaq dağları bunlar yaradıb, amma heç xəbərləri də yoxdur ki, ölkənin ən ucqar kəndlərində bəzi seçki məntəqələrində elə rejissorlarımız var ki, nəinki onlara, nəinki rəhmətlik Mehdi Məmmədova, Adil İsgəndərova və hətta Berqman, Lyubimov kimi azman rejissorlara, lap cənab Stanislavskinin özünə də rejissorluq sənətindən və texnikasından dərs keçərlər!..

İkincisi, yanvarda bələdiyyə üzvü olmaq istəyənlər də bərk çalışmaqdadırlar, əlbəttə, hərəsi bir formada! Bunların da həyəcanını anlamaq mümkündür, çünki bu adamlar da bələdiyyə üzvü olub öz problemlərinin bir hissəsini həll etməyə, bəli, bələdiyyələrin ərazisində yaşayan insanların yox, məhz özlərinin problemlərinin bir hissəsini həll etməyə ümidlidirlər...

O ki qaldı bəndənizə, o, hələ də özünə sual verib cavab axtarmaq məcburiyyətindədir. Bəli, özünə sual verib cavab axtarmaq! Ona görə ki, bu ölkədə başqasına sual verənləri sevmirlər. Bunu mən iki əlimdə on barmağın olduğu kimi dəqiq bilirəm. Bəndəniz sovetin vaxtında Moskvada təhsil almışdı. O vaxt bizim müəllimlər sual verilməyəndə inciyirdilər və deyirdilər ki, güman, heç kim mənim danışdıqlarımdan heç nə başa düşməyib...

Amma Bakıya gəlib nə gördüm, a kişilər? Müəllimlərin, o cümlədən ali məktəb müəllimlərinin, seminarlarda çıxış edən “alim”lərin sual verənlərdən zəhləsi gedirdi, elə bilirdilər ki, onlardan nəsə soruşanların məqsədi guya bunları dolaşdırmaq, çaşdırmaq və digərlərinin gözündə pərt etməkdir...

Odur, çalışın, sualları da özünüzə verəsiniz, əbəs yerə düşmən qazandırmayın özünüzə - bunu xüsusilə gənclərimiz üçün deyirəm. Nəsə başa düşməyəndə də çalışın bunu özünüz kitablardan öyrənin. Bu ölkədə hətta indi sualı, məsələn, müəllimə yox, repetitora vermək olar. Sualınız var, bala? Zəhmət çəkin, repetitor tutun!  

O ki qaldı digər soruşulmalı olanlara, heç bir halda böyüyə sual vermək olmaz, çünki yalan danışmaq böyüyün haqqı, hətta imtiyazıdır, siz də böyüyüb «böyük adam» olub yalan danışanda heç kim cəsarət edib sizə sual verməyəcək...

Xüsusən müdir və məmurlarımızla çox ehtiyatlı olun, nəbadə onlara sual verəsiniz, inanın ki, məhv edərlər sizi...      

Qərəz, bəs yanvardakı seçiklərlə bağlı hansı sualları verirəm özümə? Əslində yeni şey yoxdur, bu sualları mən on illərdir özümdən soruşuram: bələdiyyə nədir, bütün dünyada onlar necə olur və Azərbaycanda necə olmalıdır? Prinsipcə, cavablar da var, amma onları heç kim qəbul etmir.

Çünki mən deyirəm ki, qardaşlar, Qərbin böyük təcrübəsi var, gəlin onlardan birini tətbiq edək. Qayıdırlar ki, yox, Qərb bizə qəti yaramaz,  biz Koroğlunun nəvələriyik, biz heç Qərbin İsgəndərinə, Sezarına, Spartakına “vnimanie” vermirik, heç onların Dantesini, Servanstesini, nə bilim, Hötesini oxumuruq ki, öz milli aşıqlarımız var, indi durub özümüzü idarə etməyi onlardan öyrənəcəyik? Yox, qətiyyən olmaz!..    

Mən də dərhal susub deyirəm ki, olsun, qoy, siz deyən olsun, istəyirsiniz lap mən də sizə qoşulub “Qərbə ölüm!” qışqırım!..

Amma yenə dözməyib təkrar qayıdıram ki, dostlar, qardaş Türkiyənin də təcrübəsi var axı, bəlkə bunu da bir nəzərdən keçirək?..

Əvəzində nə deyirlər? Bizə elə zər lazımdır ki, atanda həmişə eyni ədəd düşsün, biz özümüzü və ölkəni “təsadüf”lərin ixtiyarına buraxa bilmərik!

Qayıdıram ki, bəs, ağalar, bəylər, axı heç yerdə, heç vaxt belə bir şey olmur ki, həmişə eyni zər düşsün, bütün oyunları eyni oyunçu udsun!..

Bir az əvvəldə qeyd etdim ki, insanlarımız seçkilərə, xüsusən də, ələlxüsus da bələdiyyə seçkilərinə heç bir maraq göstərmirlər. Amma baxın Türkiyəyə! Bələdiyyə seçkiləri insanlar üçün, partiyalar üçün də ən mühüm seçkilərdən biridir! İstanbulda, Ankarada bələdiyyə seçkisini udmaq az qala, prezident, parlament seçkilərini udmaq kimi bir şeydir!

Burada bir məsələni də deyəcəm. İndi Türkiyədə İstanbul da daxil olmaqla əsas böyük şəhərlərdə bələdiyyələr müxalifətin nəzarətindədir. Bu, hakim partiya üçün, xüsusən ölkə üçün hansısa problem yaradırmı?

Əlbəttə ki, yox, çünki Türkiyə KONSTİTUSİYASI var və o, bəzi ölkələrdəki kimi hamının  öz “qeyd”lərini etməsi üçün gərək olan kağız parçası deyil, KONSTİTUSİYA (təəssüf, dünyada hələ də adı böyük və kiçik hərflərlə yazılan konstitusiylar var) hamının səlahiyyətini, öhdəliklərini dəqiq müəyyən edir, heç kimsə bu sərhədləri aşa bilməz!..

Bəs onda nədən qorxuruq? İnsanlara əsl demokratik vərdişlər aşılamağın vaxtı deyilmi?

Partiyalara, bəli, hakimiyyətdə və yaxud da müxalifətdə olmağından asılı olmayaraq bütün partiyalara, seçkilərdə həqiqətən də tər tökməyi və seçkiləri həqiqətən udmağı öyrətməyin vaxtı deyilmi? İnanın, “deputat” var, guya neçə çağırış parlament üzvüdür, amma hələ həqiqi seçkinin nə olduğunu bilmir!..

Odur ki, gəlin heç olmasa, Türkiyədən bəzi şeyləri öyrənək. Əlbəttə, bu ölkədə heç də hər şey ideal deyil və ən yüksək siyasi standartlara uyğun deyil. Amma bir çox məsələlərdə onlar bizdən xeyli qabaqdadırlar və biz onlardan, prinsipcə, çox şey öyrənə bilərik...

O ki qaldı bələdiyyələrə, lap elə bu yaxınlarda da guya “islahat” aparıldı, kiçik bələdiyyələr birləşdirilirək daha böyükləri yaradıldı. Amma, qardaşlar, bunlar Azərbaycanda yerli idarəetməni qurmaq üçün zəruri olan bəlkə də on ən mühüm addımdan yalnız biridir.

Odur, daşı tökün ətəyinizdən, velosiped ixtira etmək lazım deyil, gəlin, heç olmasa, Türkiyədən nəsə öyrənək, onlar ki, uşaqlarınızı, malınızı – mülkünüzü yerləşdirdiyiniz, amma guya üzdə tamam nifrət etdiyiniz (bu “nifrət”in də əsl motivləri haqda dəfələrlə yazmışam, istəsəniz, lap bir də yazaram!) Qərb deyil axı, doğma müsəlman qardaşlarımızdır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR