Onlayn ictimai-siyasi qəzet
Fevralın 6-dan, Türkiyənin cənub-şərq regionunda dəhşətli zəlzələnin baş verməsindən bu günə qədər hər iki ölkə - qardaş Türkiyə və Azərbaycan sarsıntılı, kədərli günlər yaşadı və bu üzüntü hələ də davam edir. Məlum olduğu kimi, qardaş ölkədə çoxsaylı həmvətənlərimiz də yaşayır və onlardan bir çox zəlzələ bölgəsində təhsil alır, işləyirdilər.
Ona görə də oxucular üçün maraqlıdır ki, faciəvii zəlzələ ilə əlaqədar olaraq yaranmış xaotik durumda Azərbaycanın Ankaradakı səfirliyi zəlzələ bölgəsində yaşayan həmvətənlərimizlə bağlı hansı işləri görüb və görür.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Musavat.com əməkdaşının sualına cavab olaraq bildirib ki, qardaş ölkənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən səfirlik əməkdaşları da çox sarsılıblar: “Səfirlik olaraq vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə artıq səhər saatlarından etibarən Operativ Qərargah yaratdıq və qaynar xətt nömrələrini vətəndaşlarımızın istifadəsinə verdik. Qərargahımız həm Azərbaycan Xarici İşlər Nazirliyində yaradılmış Operativ Qərargah, həm də İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarımız ilə intensiv koordinasiya şəraitində ilk saatlardan etibarən zərərçəkmiş vətəndaşlarımızın müəyyən edilməsi prosesinə start verdi”.
R.Məmmədovun sözlərrinə görə, zəlzələdən zərər görmüş 10 vilayətin hər biri üçün səfirliyin 1 əməkdaşı məsul edilib; “Həm sosial media hesablarımız, həm də mətbuat vasitəsilə vətəndaşlarımıza müraciət edərək, səfirliklə əlaqə saxlanmasını xahiş etdik. Bu prosesdə Türkiyə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Təhsil Nazirliyi və digər dövlət qurumları ilə də intensiv əməkdaşlıq həyata keçirdik. Nəticədə zəlzələdən etibarən hər gün daxil olan yüzlərcə zəng əməkdaşlarımız tərəfindən diqqətlə araşdırıldı, yardıma ehtiyacı olan vətəndaşlarımız müəyyən edildi”.
Səfir qeyd edib ki, zəlzələ bölgəsindəki vətəndaşlarımızın ölkəmizə təxliyəsinin təmin edilməsi məqsədilə dövlət başçımızın göstərişi ilə Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına Türkiyənin logistika şirkətlərindən nəqliyyat vasitələri kirayələnib və təxliyənin problemsiz həyata keçirilməsi üçün səfirliyin, eləcə də hərbi attaşeliyimizin bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam edilib. “Xarici İşlər Nazirliyində və səfirliyimizdə fəaliyyət göstərən, 24 saatlıq iş rejimində fasiləsiz çalışan Operativ Qərargahları effektiv fəaliyyəti nəticəsində bu günə qədər 71-i azyaşlı, 222 nəfəri isə Türkiyədə təhsil alan azərbaycanlı tələbə olmaqla 489 nəfər Azərbaycan vətəndaşı və onların yaxınları zəruri yardımla təmin olunaraq ölkəyə təxliyə edilib. Təxliyə prosesi hazırda da davam edir və heç bir vətəndaşımızı diqqətdən kənarda qoymuruq, ehtiyacı olan hər bir vətəndaş ölkəmizə təxliyə ediləcək”, - R.Məmmədov bildirib.
Bununla yanaşı, Azərbaycandan müraciət edərək Türkiyədəki qohumları barədə məlumat almaq istəyən şəxslər də olub və səfirin dediyinə götə, bu müraciətlər diqqətə alınır və haqqında xəbər alına bilməyən vətəndaşlarımız axtarış siyahısına daxil edilir: “Onlar barədə daxil olan hər bir məlumat dərhal qeydiyyata alınır və yaxınlarına məlumat verilir. Bu şəkildə bir sıra vətəndaşlarımızın taleyi barədə artıq məlumat alaraq onları siyahıdan çıxarmışıq. Hazırda 26 nəfər vətəndaşımız axtarılır. Lakin bu onların zəlzələdə həlak olması anlamına gəlmir. Vəziyyətlə əlaqədar olaraq, onların sadəcə ailələri ilə əlaqə saxlamaq imkanı olmaya bilər. Axtarışda olan vətəndaşlarımız daim diqqətimizdədir və onlar barədə xoş xəbərlər almağı ümid edirik”.
R.Məmmədov təəssüflə qeyd edir ki, bu zəlzələdə həlak olan Azərbaycan vətəndaşları da var: “Vəfatı təsdiqlənən 5 vətəndaşımızdan 1-i ailəsinin istəyi ilə Türkiyədə dəfn edildi. Digər 4 nəfər vətəndaşımızın cənazəsi isə səfirlik tərəfindən cənazə şirkəti ilə bağlı bütün prosedurlar yerinə yetirilməklə ölkəmizə göndərildi. Cənab Prezident İlham Əliyevin göstərişi ilə həlak olmuş vətəndaşlarımızın nəşləri AZAL tərəfindən ödənişsiz olaraq Azərbaycana çatdırıldı”.
Bəs. Azərbaycandan göndərilən humanitar yardımın təyinatı üzrə bölünməsinə səfirlik əməkdaşları nəzarət edirmi? Səfir R. Məmmədov bu suala cavab olaraq deyib ki, zəlzələnin miqyasının çox böyük və dağıdıcı olduğunu nəzərə alaraq, məhz nəyə daha çox ehtiyac duyulmasının müəyyən edilməsi və daxil olan yardımların əlaqələndirilməsi zəruridir: “Bu baxımdan, tərəfimizdən öncə Türkiyənin müvafiq dövlət qurumları ilə danışıqlar aparılaraq daha zəruri olan yardım məhsulları müəyyən edilir. Bunun əsasında Azərbaycanın dövlət qurumlarından Türkiyəyə istər hava yolu, istərsə də quru yolla göndərilən humanitar yardımlar səfirliyimizin ümumi koordinasiyasında olur”.
Türkiyədəki diplomatik korpusumunzun rəhbəri bildirib ki, daxil olan yüklər sərhəd-gömrük məntəqələrində əməkdaşlarımız tərəfindən qarşılanır və qeydiyyata alınır. “Müraciətimiz əsasında ölkəmizdən hava yolu ilə daxil olan yardımlar üçün Adana vilayətində yerləşən İncirlik hava limanı ayrılıb. Quru yolla daxil olan humanitar yardımlar isə öncədən siyahısı aidiyyəti dövlət qurumlarına təqdim edilməklə daxil olduqdan dərhal sonra birbaşa ehtiyac duyulan bölgələrə yönləndirilir, - Səfir Rəşad Məmmədov deyib.
Musavat.com
06 Noyabr 2024
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ