Onlayn ictimai-siyasi qəzet
İrandan qardaş Türkiyənin “bostanı”na daş atılıb. İsfahanı ölkə parlamentdə təmsil edən Əmir Hüseyn Bankipur ad-soyadlı birisi başından böyük qələt edərək, Türkiyəni az qala dinsizlikdə suçlayıb. Prezidenti gündə 5 dəfə namaz qılan Türkiyəni!
“Türkiyədə hər kişi 15 qadınla cinsi əlaqədə olur ki, bu, Atatürkün hicab islahatının nəticəsidir”, - iranlı sərsəmləyib.
Ardınca o, məcburi hicab qaydalarının radikal tərəfdarı olduğunu deyərək, Atatürkün Türkiyəyə böyük zərbə vurduğunu iddia edib: “Türkiyənin müsəlman ölkəsi və çox sayda gözəl, əzəmətli məscidlərinin olmasına baxmayaraq, hicab qaydalarına riayət edilməsi baxımından vəziyyət acınacaqlıdır”.
Hələ harasıdır, Bankipur Türkiyədə islamın guya təhlükədə olduğuna görə “narahatlıq” da ifadə edib...
Daha bir panfarsist riyakarlığı. Eyni zamanda, öz xalqına qarşı cinayətlərinin sayı-hesabı bilinməyən İran anti-islam rejimini Türkiyə hesabına təmizə çıxarmağa hesablanmış ucuz özünüreklam cəhdi. Dini siyasi məqsədlərlə istifadə etməyə adətkər olanların növbəti boşboğazlığı. Burda deyiblər, “adımı sənə qoyum, səni də yana-yana...”
Əvvəla, başda əmmamə gəzdirmək, hətta zorən hicab taxmaq hələ əsl müsəlman olmaq anlamına gəlməz. Çünki islamda imanın dərəcəsi əməllə, davranışla ölçülür.
Bəli, islam - əxlaq dinidir. Amma təkcə hicabdan da ibarət deyil. Bu, zahirdən çox, insanın batininə güzgü tutan bir mənəvi dəyərlər sistemi. Ona ya əməl edirsən, ya da etmirsən.
O sırada islam əxlaqı tələb edir ki, dinimizin düşmənləri ilə düşmən, dostları ilə dost olasan. Müsəlmanlara qarşı soyqırımları, etnik təmizləmələr törətmiş, digər bəşəri cinayətlərə qol qoymuş erməni faşistlərə nəinki qucaq açıb yardım etməyəsən, əksinə, onlara qənim kəsiləsən.
Özünü “islam respublikası” sayan İran müsəlman Azərbaycan torpaqlarının işğalı dövründə bunu etdimi? Ağdamın əzəmətli Cümə məscidində inək, donuz saxlamış hayları qınadımı?
Xeyr. Amma Türkiyə bunu etdi. Təcavüzkar Ermənistanla sərhədləri dərhal bağladı. Pakistan İslam Respublikası isə Ermənistanı indiyədək ümumiyyətlə, dövlət kimi tanımayıb!
Tehran isə üstəlik, işğalçı ölkə üçün yeganə “nəfəslik” rolunu oynadı. Ona görə ki, fars rejimini həmişə ümmət yox, dövlət maraqları düşündürüb; müsəlman Türkün düşmənlərini daim özünə dost sayıb – sonuncuların hansı məzhəbə qulluq eləməsindən asılı olmayaraq.
İndi kim daha çox müsəlman və daha islamidir, Allahı daha çox sevən və O-ndan qorxandır – İran “islam respublikası”, yoxsa Atatürkün banisi olduğu müasir Türkiyə və ya Pakistan İslam Respublikası? Sual ritorikdir təbii ki...
Hicaba gəlincə, Bankipur bilməmiş deyil ki, Qurani-Kərimin “Bəqərə” surəsində belə bir ayə (256) var: “Dində məcburiyyət (zorakılıq) yoxdur”.
Ayədə əlbəttə ki, ilahi məntiq gizlənib. Yəni birinə zorla hicab bağlatdırmaqla, təzyiq göstərməklə onun iman əhli, müsəlman edə bilməzsən. Əksinə, dini, hicabı gözdən salmış olarsan. Buna qaba şəkildə deyil, səbirlə, əzmlə, ən əsası, gözəl şəkildə, şəxsi və yaxşı nümunə olmaqla nail olmaq mümkündür. Quran ümməti buna səsləyir: təqvalı həyat tərzi ilə digərlərinə nümunə olmaq. Fərq etməz, müsəlman qadın olsun, ya kişi.
Ataların sözüdür, “Quyuya su tökməklə orda su qalmaz”. Yəni gərək iman işığı içdən gələ. O yoxdursa, özünü öldürməyə dəyməz. Ən sonda bu, bəndə ilə Allahı arasında Qiyamət günü olacaq bir haqq-hesab. Sən bu işdə “əxlaq polisi” rolu oynaya bilməzsən. Müqəddəs kitabımızda belə vəzifə yoxdur, yazılmayıb, nəzərdə tutulmayıb. İmanının, təqvanın vacibliyinə işarə vuran Peyğəmbər əfəndimiz (s) necə buyurub: “Bir çoxlarının namazından əyilib-durmaq, orucundan isə quru aclıq qalar”.
Bu xüsusda Bankpur əlini Qurana basıb iddia edə bilməz ki, Türkiyədə zina İrandan çoxdur. Bəlkə tərsinədir? Yazdıq axı: insanın davranışını, əxlaqını başındakı hicabdan çox qəlbindəki iman işığı müəyyən edir. O, yoxdursa, lap niqab tax, çifayda...
Nəhayət, islamda ən böyük günahlardan biri günahsız insana şər-böhtan atmaq, zülm etməkdir. Bu mənada Bankipur Türkiyə toplumuna qara yaxmaqdansa, azərbaycanlı gəncin – Fərid Səfərlinin niyə iki ildir saxta ittihamla İran zindanında saxlanmasından danışsaydı, qat-qat məntiqli olardı. Qiyamətdə Fəridə və onun mənəvi əzab çəkən anasına nə cavab verəcəksiniz?!
Hər halda biz qardaş Türkiyədə indiyədək hansısa müsəlmanın, yaxud əcnəbinin belə allahsızcasına şərlənib həbsə salınmasının şahidi olmamışıq. Odur ki, öncə öz gözünüzdəki tiri götürün. Bunun üçünsə güzgüyə baxmaq lazım, cənab yalançı “islam təəssübkeşləri”...
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ