Onlayn ictimai-siyasi qəzet
Türkiyə Mərkəzi Bankı gələn həftə əsas faiz dərəcəsini yenidən əhəmiyyətli dərəcədə artıra bilər.
Musavat.com “Ekonomim” nəşrinə istinadən xəbər verir ki, söhbət 500 baza bəndi (30 faizə qədər) artımdan gedir.
Nəşr aydınlaşdırır ki, Mərkəzi Bankın pul siyasəti komitəsinin iclası sentyabrın 21-nə təyin edilib. Uçot dərəcəsi ilə bağlı qərar həmin vaxt elan olunacaq. Əksər ekspertlər bankın uçot dərəcəsini indiki 25 faizdən 30 faizə qaldıra biləcəyi ilə razılaşır. Daha mühafizəkar hesablamalara görə, bu göstərici 27,5 faizə yüksələcək. Bununla belə, bankın yenidən gözlənilməz qərar qəbul edib, uçot dərəcəsini 31 faizə qaldıra biləcəyi ilə bağlı gözləntilər də var.
Artımla bağlı proqnozlar hökumətin yeni ortamüddətli iqtisadi proqram qəbul etməsinə əsaslanır. Bu, pul-kredit siyasətinin effektivliyinin artırılmasına, inflyasiyanın azaldılmasına və ölkə iqtisadiyyatında böhran proseslərinin aradan qaldırılmasına yönəlib. Mərkəzi Bankın və Maliyyə Nazirliyinin hazırkı rəhbərliyi əvvəllər bu işin səmərəli olması üçün uçot dərəcəsinin artırılmasının zəruriliyinə inanırdı.
Xatırladaq ki, iyun ayında Türkiyə Mərkəzi Bankı 2021-ci ildən bəri ilk dəfə uçot dərəcəsini 8,5 faizdən 15 faizə qaldırıb. Bu, Respublika Mərkəzi Bankının yeni rəhbəri Hafize Qaye Erkanın ilk qərarı olub. Bunun fonunda Türkiyənin milli valyutasının məzənnəsi dollara nisbətdə o vaxtkı rekord enişini təzələyərək 1 dollar üçün 26 lirə həddini keçib. Avqust ayında əksər ekspertlər üçün gözlənilmədən dərəcə 17,5 faizdən 25 faizə yüksəldilib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ