Onlayn ictimai-siyasi qəzet
Vətən insanın anadan olduğu, dədə-babalarının, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu yer, ölkədir. Vətənə hər cür xidmət mənəviyyat və vicdan məsələsidir. Xüsusən, vətənin dar günündə xidmət etmək yüksək mənəvi-əxlaqi keyfiyyət tələb edir.
Bu dəfə Osmanlı dövlətinin çətin dönəmində vətəni hesab etdiyi ölkəyə canla-başla xidmət edən dünyanın ilk qaradərili pilotundan- Əhməd Əli bəydən bəhs edəcəyik. Onun fəaliyyəti Avropa və Amerikada irqçiliyin ən yüksək həddə çatdığı dövrə düşürdü. Əhməd Əli bəylə eyni dövrdə yaşayan başqa bir qaradərili pilotun təhsil və karyerası məhz Fransa və ABŞ-də üzləşdiyi irqi ayrı-seçkiliyə görə başlamadan sona yetmişdi.
Encin Cakuez adında həmin qaradərili şəxs dərisinin rənginə görə Fransa və ABŞ-də təhsil almaqdan məhrum edilmişdi və məhz buna görə pilot kimi xidmət edə bilməmişdi. Təhsilsiz olduğuna görə ona yalnız parfumeriya mağazalarında mühafizəçi və ya tərcüməçi olaraq işləmək icazəsi verilmişdi.
Cakuezdən fərqli olaraq, qaradərili olmasına baxmayaraq, Əhməd Əli bəyə Osmanlıda vətəndaşlıq verilmişdi və buna görə o istədiyi təhsili ala bilmişdi.
Ümumiyyətlə, Osmanlı dövlətindəki köləlik sistemi Avropa və Amerikadakı köləlik sistemindən çox fərqli idi. Avropa və Amerikada kölələrə olduqca qəddar münasibət göstərilirdi və onlar rahatlıqla alınıb-satılır və cəzalandırılırdılar. Üstəlik, onlara izdivac, təhsil, vətəndaşlıq hüquqları verilmirdi. Osmanlıda isə Afrikadan gətirilən kölələr adətən varlı ailələrin villalarında işlədilirdi və onlara kobud davranılmırdı. Qaradərili kölələr rahatlıqla yerli Osmanlı əhalisi ilə izdivac bağlaya bilərdilər, övlad sahibi ola bilərdilər. İzdivaca daxil olan kölələr, onların övladları, həttə 2 kölənin övladı da Osmanlı dövtətinin vətəndaşlığına qəbul edilirdi.
Əhməd Əli bəyin ailəsi də kölə olaraq Nigeriyadan İzmirə gətirilmişdi. Onun anası və atası da kölə olaraq gəlmişdilər, lakin izdivac bağladıqdan sonra vətəndaşlıq almışdılar.
Uşaqlıq illərinin çoxunu dənizlə sıx təmasda keçirən Əhməd Əli 1904-cü ildə Osmanlı donanması üçün əsgərlər hazırlayan Haddehane məktəbində təhsil alır. Dörd ildən sonra Osmanlı ordusunda leytenant olaraq işə başlayır.
Bir çox ölkənin aviasiyaya sərmayə qoymağa başladığı bir vaxtda Əhməd Əli də səmaya maraq göstərib. Osmanlı imperatorluğunun generallarından olan Mahmud Şövkət Paşanın təşəbbüsləri sayəsində bir çox insan xaricdə aviasiya təhsili almağa başladı. Təhsilini başa vuran adamlar dövlət tərəfindən orduya götürülürdü və onlardan biri də Əhməd Əli bəy idi.
1915-ci ildə uçuş şəhadətnaməsini alan Əhməd Əli bir il sonra uçuş imtahanlarını uğurla başa vuraraq Osmanlı Hərbi Hava Qüvvələrinə qatılır. Əhməd Əli Birinci Dünya Müharibəsi illərində Osmanlı ordusunda piyada kimi xidmət edən qardaşı Əli Əfəndini də Çanaqqala döyüşündə itirdi.
Daha sonra Əhməd Əli Berlinə gedərək qısa müddətə dəniz aviasiya təhsili alır və 1918-ci ildə Türkiyəyə qayıdır. Eyni dövrdə Birinci Dünya Müharibəsindən geri çəkilən Osmanlı İmperiyasının təyyarələri Müttəfiqlər tərəfindən müsadirə edildi.
Əhməd Əli də bu hadisələrlə başlayan Qurtuluş Savaşına qatılmağa gecikmədi və milliyyətçilik hərəkatına qoşuldu.
Afrika Araşdırmaları Dərnəyindən Tuğrul Oğuzhan Yılmaz həmin dövrdə baş verənləri bu sözlərlə izah edib:
“Əhməd Əli bəy Mustafa Kamal Paşanın komandanlığı altında milli mübarizəyə qatıldı. Bu çərçivədə o, Konya Hava Stansiyasında işləmək üçün Konyaya göndərilib”.
Əhməd Əli tezliklə əvvəlcə Əskişəhərə, sonra Polatlıya hava birliklərinin komandiri təyin edilir. İstanbuldan Amasraya 3 təyyarəni qaçıran Əhməd Əli və dostları Bosfor boğazından Qərbi Qara dənizə keçən düşmən qüvvələrinə qarşı hava hücumundan müdafiə və dəniz müdafiə əməliyyatları həyata keçirib.
12 İL OSMANLIYA, 29 İL TÜRKİYƏYƏ XİDMƏT EDİB
Əhməd Əli müasir Türkiyənin qurulması yolunda milli mübarizə uğurla nəticələndikdən və işğalçılar şəhərlərdən təmizləndikdən sonra İzmirə qayıdıb.
İzmirdə işlədiyi müddətdə Türkiyənin hava məkanını işğal edən Yunan təyyarəsini vuran Əhməd Əli mötəbər mükafat olan Dəniz Təyyarə Medalı ilə təltif edilib və 1928-ci ildə Hava Müşavirliyinə təyin edilib.
12 il Osmanlı İmperiyasına, 29 il Türkiyə Cümhuriyyətinə xidmət edən Əhməd Əli 1969-cu ildə vəfat edib.
Əhməd Əli bəyi Türkiyə haqlı olaraq dünyanın ilk qara dərili pilotu olaraq tanıdır. Lakin ABŞ tarixçiləri iddia edirlər ki, ilk qara dərili pilot ABŞ pilotu Eugene Jacques Bullard olub. Məsələni araşdıran türkiyəli tarixçilər sübut edirlər ki, amerikalı qaradərili pilotla Əhməd Əli bəy eyni ildə eyni aviasiya məktəbindən məzun olublar. Lakin sonra amerikalı pilot irqçilik senzurasından keçə bilməyib. ABŞ qanunları onun sırf dərisinin rənginə görə I Dünya Müharibəsində iştirakına icazə verməyib. Əlacsız qalan Bullard Fransaya gedib fransız legionunda piyada olmağa məcbur olub.
Şahanə Rəhimli
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ