Onlayn ictimai-siyasi qəzet
Türkiyənin "Kalyon Holding" şirkəti Rumıniyada keçirilən və dəyəri yarım milyard dollar olan tenderin qalibi olub.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət Qara dənizin Rumıniya sektorunda yerləşən "Neptun Deep" yatağından sahilə çatdırılacaq qazı Buxarest yaxınlığında yerləşən Padişor yaşayış məntəqəsinə ötürəcək boru kəmərinin tikintisini həyata keçirəcək.
İyunun 16-da Türkiyə şirkətinin Rumıniyanın qaz nəqliyyatı şirkəti olan "Transgaz"la imzaladığı müqaviləyə əsasən, 308 km uzunluğunda xətti 2 il müddətində çəkib başa çatdırmalıdır. Müqavilənin dəyəri 530 milyon dollar təşkil edir.
"Kalyon Holding" kəmərin çəkilişi üçün 100 min ton polad boru tədarük edəcək. Boruların bir-birinə bağlanmasına 3 aydan sonra başlanacaq. Kəmər BRUA (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) enerji dəhlizi layihəsinin tərkib hissəsidir. Bu dəhliz Qara dəniz qazının Avstriyaya çatdırılmasına imkan verəcək. Hansı ki, hazırda Avropada Rusiya qazından ən çox asılı olan Avstriyadır. Ukrayna 2024-cü ildə Rusiya qazının öz ərazisindən tranzitinə dair müqavilənin müddətini uzatmayacağını elan edib. Bu isə Avstriyanın qaz təchizatı üçün fəaliyyətlərin sürətləndirilməsini tələb edir.
"Neptun Deep" yatağının hasil edilə bilən ehtiyatları 200 milyard kubmetr hesablanır. Çəkiləcək kəmərin illik ötürücülük gücü 12 milyard kubmetr olacaq. Onunla nəql olunacaq qazın Rumıniyanın daxili tələbatının 45 faizini təmin edəcəyi gözlənilir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ