İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Rusiyaya “nəfəslik” açır?

Ankara Kremlə sanksiyalardan yayınmağa kömək edəcək iddiası

Türkiyə və Rusiya prezidentlərinin avqustun 5-dəki Soçi görüşü şübhəsiz ki, hələ bir müddət dünya gündəmini zəbt edəcək, əsas müzakirə mövzularından biri olacaq. Rusiyalı tanınmış politoloq Sergey Markov bu xüsusda Calober.az-a görüşdən bir gün öncə maraqlı fikirlər söyləyib.

Sitat: “Fikrimcə, liderlər bir neçə əsas məsələni müzakirə edəcəklər. Bunlardan birincisi, Qərbdən necə yan keçməkdir. Yəni tərəflər Rusiyaya Qərbin sanksiyalarından Türkiyə vasitəsilə yan keçməyə imkan verən sxemi müzakirə edəcəklər və bu halda Ankara böyük dividentlər əldə edəcək. Digər tərəfdən, rusların Türkiyədə daşınmaz əmlak alması bir neçə dəfə artıb. Türk biznesi rusiyalı sahibkarlara Avropa sanksiyalarından yan keçməyə kömək etməklə ciddi sərmayələr əldə edirlər. Beləliklə, liderlər çox güman ki, bu maliyyə sxeminin mexanizminin təkmilləşdirilməsini müzakirə edəcəklər”.

Markov düzmü deyir? Qardaş ölkənin Rusiyaya sanksiyalarla bağlı “nəfəslik” açması mümkünmü? Qərbin, Ukraynanın buna reaksiyası necə olar?

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədli

Siyasi şərhçi Əhəd Məmmədli bu açıqlamalarda təəccüblü heç nə görmür: “Əvvəla, onu deyim ki, Markov Azərbaycan, Türkiyə tərəfindən danışan azsaylı rus politoloqlarındandır. Həmçinin Putin rejiminə yaxın sayılan, dəstək verən siyasi şərhçilərdəndir. O, Rusiyanın Türkiyə və Azərbaycana yaxınlığının tərəfdarlarındandır. Markovun bu cür açıqlaması təəccüblü görünməməlidir. Rusiya və Türkiyə Qərbə qarşı bir-birindən istifadə edir. Burada hər hansı bir nəfəslikdən söz gedə bilməz. Daha çox ümumi maraqlar və ticarət var. Türkiyənin düşdüyü iqtisadi vəziyyəti nəzərə alsaq, qardaş ölkənin rus sərmayəsinə ehtiyacı var. Rusiya da Qərblə qarşıdurmada Türkiyə kimi dövlətə ehtiyac duyur. Türkiyə - Rusiya münasibətlərində əl-əli, üz-üzü yuyur. Məsələyə münasibətlər prizmasından baxmaq lazımdır.

Həmçinin unutmayaq ki, Türkiyə-Rusiya yaxınlığı Azərbaycanın da maraqlarına cavab verir. Biz həmişə demişik, Türkiyə-Rusiya yaxınlaşması Azərbaycana xeyirlidir. Tarixdən də bunu görə bilərik. Ötən əsrin əvvəlindəki Türkiyə-Rusiya tərəfdaşlığı nəticəsində Naxçıvan və Qarabağ Azərbaycanın tərkibində saxlanıldı. Yüz il sonra növbəti Türkiyə-Rusiya yaxınlığı Azərbaycana ərazilərinin böyük hissəsini erməni işğalından azad etməyə imkanlar yaratdı. Bütün bunlara əsaslanaraq, fikrimcə, Türkiyə-Rusiya strateji tərəfdaşlığı təkcə bu iki ölkə üçün deyil, həm də Azərbaycan üçün lazımdır ki, qalan ərazilərimizi də öz yurisdiksiyamıza yaxın zamanda qaytara bilək".

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu bildirdi ki, Ərdoğanın Soçi səfərinin hər iki tərəf üçün çox ciddi əsasları və maraqları var: “Türkiyə prezidenti daha çox Suriya əməliyyatını Rusiya ilə razılaşdırmağa çalışacaq. Həmçinin güman ki, Cənubi Qafqazda vəziyyət, nəqliyyat dəhlizi məsələləri müzakirə olunacaq. Rusiya üçün isə sanksiyalar dövründə Türkiyənin Rusiya üçün iqtisadi və enerji cəbhəsində edə biləcəkləri çox mühüm əhəmiyyət kəsb edir. Türkiyə Rusiyanın ən böyük ticarət tərəfdaşlarından biridir, həmçinin cənub-qərb istiqamətində Rusiya neft və qaz kəmərlərinin bir qismi Türkiyə üzərindən keçir. Qarşıdan payız, yəni Qərb sanksiyalarının ciddiləşdiyi dövr gəlir və bu dövrdə Türkiyə Rusiya üçün əsas ”nəfəsliklərdən" biri rolunu oynaya bilər. Başqa sözlə, hər iki tərəfin bir-birinə ciddi şəkildə ehtiyacı var.

Əlbəttə, Qərb Türkiyənin belə bir rol oynamasını istəmir. Amma digər tərəfdən, Türkiyənin iqtisadi, ticari və enerji maraqları var. Türkiyə Rusiya qazından birdən-birə imtina edə bilməz. Üstəlik, ABŞ prezidentinin "F-16"larla bağlı verdiyi sözün Konqresdən keçməməsi, yəni Türkiyənin F-16 ala bilməməsi göstərir ki, Qərbin indi Türkiyəyə təsir etmək üçün imkanları yoxdur. Çünki Türkiyə indi Qərbdən yetəri qədər dəstək ala bilmir. Bu səbəbdən də Ankara Qərbin Rusiya ilə bağlı tələblərinə əməl etmir. Daha çox milli maraqlardan çıxış edir, nəinki təşkilat maraqlarından. Güman edirəm ki, hər şey iki tərəfin qarşılıqlı maraqlarının təmin olunmasının təmin edilməsi barədə razılaşmadan keçir. Əgər prezidentlər razılaşa bilsə, güman ki, Türkiyə Suriyada hərbi əməliyyata razılıq alacaq, Rusiya isə embarqoların zəiflədilməsində Türkiyənin dəstəyini ala biləcək. Bu razılaşma hər iki tərəf üçün indi əlverişlidir".

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə də Türkiyənin oynadığı nəfəslik rolundan danışdı: “Rusiya və Türkiyə prezidentlərinin görüşü əsasən Tehran konfransındakı görüşün davamıdır. Çünki Tehran görüşündə liderlər bir neçə məsələ barədə razılığa gəlməli idi. Amma tamamilə əks mövqelər ortaya çıxdığı üçün əlavə görüşə ehtiyac duyuldu. Bu görüşdə əsasən Suriyada Türkiyənin antiterror əməliyyatı, Ukrayna məsələsi əsasən prioritet olacaq. Tərəflərin bir neçə məsələdə razılığa gələcəyi mümkündür. Təbii ki, burada iqtisadi əlaqələr də mühüm rol oynayır. Bu gün Qərbin yerini Rusiyada Türkiyə şirkətləri tutur və Rusiyada bu ölkə ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır. Məhz Rusiya da iqtisadi sanksiyalara görə Türkiyə ilə siyasi əlaqələrin pozulmasında maraqlı deyil. Türkiyə bundan faydalanır. Qərb Türkiyənin Rusiya ilə əlaqələrindən narahat deyil. Çünki bu gün Türkiyə Qərblə Rusiya arasında əsas vasitəçi və bir nəfəslikdir. Təbii ki, Türkiyə ilə iqtisadi əməkdaşlıq Moskva üçün bu gün əsas nəfəslikdir. Bunun müqabilində tərəflər siyasi müstəvidə ortaq məxrəcə gələ bilərlər. Məhz indiki beynəlxalq böhran fonunda Qərblə Rusiya arasında yaşanan siyasi-iqtisadi və hərbi konfrontonasiya fonunda Ankara və Moskva arasında əməkdaşlıq regionda yeni bir siyasi-iqtisadi nizam yaradır və Türkiyə də Rusiyanı müəyyən məsələlərdən kənarda tutmağı bacarır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR