İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə İsrail münasibətlərinin yenidən gərginləşməsinə ehtiyac varmı?..

Üstəlik, bu son günlərdə bir daha “Mən heç vaxt HƏMAS-ı terrorçu təşkilat kimi tanımayacam!” deyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dünyada tək deyil, heç də hamı HƏMAS-ı terrorçu təşkilat kimi tanımayıbdır - onu bu biçimdə və ya məzmunda tanıyanlar da var, tanımayanlar da. 

Hətta tanımayanların arasında belə bəzi böyük Qərb dövlətləri də var. Amma bu da bir məlum faktdır ki, hətta Fələstin Muxtariyyatının özü ilə HƏMAS arasında, ərəb ölkələrilə HƏMAS arasında çox dərin ziddiyyətlər vardır. Hazırda bilmirik, vəziyyət nə yerdədir, amma İsraillə münaqişənin əvvəlində ərəb dövlətlərinin çoxu HƏMAS-a dəstək vermirdi. Qeyd edək ki, münaqişədən bir az əvvəl İsraillə bir sıra ərəb dövlətləri arasında hiss olunacaq yaxınlaşma müşahidə olunurdu. Hətta Tehranın adından belə xəbərlər yayıldı ki, guya İran rəsmiləri HƏMAS liderlərinə deyiblər ki, siz müharibəni bizimlə razılaşdırmadan başladınız, ona görə də bizim sizin tərəfinizdə İsraillə müharibə aparmaq fikrimiz yoxdur. Sözsüz ki, bu xəbərin nə qədər doğru olub-olmaması ciddi mübahisə predmetidir, çünki əksər siyasi təhlilçilərin rəyi belədir ki, Tehran HƏMAS-a dəstək verməkdə davam edir, özü də təkcə siyasi və diplomatik dəstək yox...

Zənnimizcə, bütün biz ziddiyyətli məqamlara iki mühüm məqam son qoya bilərdi. Birincisi, HƏMAS-ın siyasi və hərbi qanadı var. Səhv etmiriksə, hazırda İsrailə qarşı müharibəni aparan onun məhz hərbi qanadıdır. İkincisi, HƏMAS ötən əsrin səksəninci illərində yaranıb, amma çox qısa müddətə baxmayaraq o, İsrail-Fələstin münaqişəsində ciddi bir iz qoya bilib - hamı bu fikirdədir ki, Kemp-Devid razılaşmaları məhz onların təqsiri ucbatından baş tutmadı. Hazırda da müharibəni başlayan məhz HƏMAS oldu. Hamı etiraf edir ki, əvvəlki müharibələrin heç birində İsrailin mülki əhali arasında bu qədər itkiləri olmamışdı. HƏMAS kimi təşkilatlar daha çox mülki əhali arasında itkilər yaratmağa çalışırlar ki, sosial panika yaransın. Daha sonra isə öz mülki insanlarını qabağa verirlər ki, baxın, İsrail dinc insanları qırır! Müharibə başlayandan İsrail Fələstin Muxtariyyatına, səhv etmiriksə, bircə mərmi belə atmayıbdır və bu o deməkdir ki, Təl-Əvivin müharibəsi Fələstinə qarşı yox, HƏMAS-a qarşıdır...

O ki qaldı Türkiyə ilə İsrailin münasibətlərinə, siyasi müstəvidə gərginliyə baxmayaraq, siyasi müşahidəçilər bizi inandırmağa çalışırlar ki, iki ölkə arasında iqtisadi əlaqələr ən yüksək səviyyədədir. Nə demək olar? Necə deyərlər, kaş, həqiqətən də belə olsun. 

Bircə onu demək istəyirik ki, birincisi, ərəblərin özündən çox ərəb olmaq lazım deyil - bəli, mülki insanların tələf olmasına etiraz etmək olar və lazımdır da, amma unutmaq lazım deyil ki, bütün bunların təqsiri HƏMAS-ın üstündədir. Türkiyənin proseslərə münasibətinin formalaşması üçün indikator rolunu ərəb dövlətlərinin davranışı oynamalıdır - onların çoxu ABŞ-la normal münasibətlər saxlayır, hətta bir az əvvəldə qeyd etdiyimiz kimi, İsraillə yaxınlaşmağa cəhd edirlər, çünki yaşı az qala bir əsrə yaxınlaşan münaqişə onları da yorubdur. 

İkincisi, bölgədə lider olmaq uğrunda ciddi çəkişmə gedir və ərəblərin heç də hamısı Türkiyənin liderliyini qəbul etmirlər, çünki orada da pan-ərəbizm deyilən ideologiya var. 

Üçüncüsü, NATO-nun son sammitində prezident Ərdoğan bildirdi ki, Avropa İttifaqına üzv olmaq onlar üçün aktual prioritet olaraq qalır. Gəl, burada bir detal var: Avropa İttifaqı HƏMAS-ı terrorçu təşkilat kimi tanıyıbdır. Türkiyənin Aİ ilə planları ciddidirsə, gərək, onun apardığı siyasi və diplomatik proseslərə imkan daxilində dəstək versin, necə ki, Aİ bu dəstəyi hətta Ukrayna və Gürcüstan kimi gənc dövlətlərdən tələb edir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR