İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə BMT TŞ-nin daimi üzvlüyünə gətirilə bilər - niyə də olmasın, əgər...

“ABŞ BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının artırılmasının tərəfdarıdır”.

Bunu 22 sentyabrda BMT-dəki çıxışı zamanı ABŞ Prezidenti Co Bayden deyib.

“BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən ABŞ BMT Nizamnaməsinə hər zaman sadiq qalmalı və həmişə onu müdafiə etməlidir, həmçinin Təhlükəsizlik Şurasının effektivliyini təmin etmək üçün nadir, fövqəladə hallar istisna olmaqla, vetodan istifadə etməkdən çəkinməlidir”, - Bayden vurğulayıb.

Qeyd edək ki, Fransa prezidenti E.Makron da BMT çıxışı zamanı analoji təklif irəli sürüb.

Bəs söhbət hansı dövlətlər hesabına genişlənmədən gedir?

Məlumatlara görə, bunlar Yaponiya, Almaniya və Hindistan ola bilər. Bəs BMT TŞ-nın daimi üzvləri arasında nə vaxtsa bir milyardlıq islam dünyasının da təmsilçisi - müsəlman dövləti olacaqmı? Məsələn, Türkiyə?

Yada salaq ki, Ərdoğan dünyanın 5-dən böyük olduğunu dəfələrlə bəyan edib. Bu çağırış, nəhayət, eşidiləcəkmi? Ümumiyyətlə, bu islahatlardan və Ukrayna olaylarından sonra BMT TŞ-nın işlək bir quruma çevrilməsi mümkün görünürmü?

hikmet.jpg (238 KB)

Hikmət Babaoğlu: “Türkiyə Təhlükəsizlik Şurasının daimi üzvü kimi bu təşkilata cəlb edilməlidir”

YAP-çı deputat Hikmət Babaoğlu Türkiyənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının vacib məqamlarına toxundu: “Hazırkı tarixi mərhələdə və dünyada ən son baş verən hərbi-siyasi proseslər kontekstində aydın görünür ki , BMT öz nizamnamə tələblərini yerinə yetirə bilmir. Beynəlxalq hüquq addımbaşı pozulur. BMT və onun bütün struktur vahidləri bəzi güclü dövlətlərin xarici siyasətinin ”beşinci təkəri" rolunu oynayır. Məsələn, BMT-nin Təhlükəsizlik Şurası ABŞ-ın, UNESKO Fransanın xarici siyasət idarələrinin bir şöbəsi kimi çıxış edir. Digər çoxsaylı dünya dövlətləri kimi Azərbaycan da uzun illər BMT-nin bu fəaliyyətsizliyindən yaxud ikili standartalr siyasətinə alət olmasından əziyyət çəkib. Ona görə də hazırda BMT-nin yenillənməsi ya da tamamilə yenidən təşkil olunması zəruri şərt kimi ortaya çıxıb. BMT-nin qlobal imperializmin aləti rolunu oynamağa son qoymasının vaxtı çoxdan çatıb.

Ancaq məsələ ondadır ki, ABŞ formal dəyişiklik etməklə yenə də bu təşkilatda öz hegemoniyasını sürdürmək niyyətindədir. Ona görə də Təhlükəsizlik Şurasına yeni üzv kimi öz müttəfiqləri və ondan asılı olan ölkələri daxil etməklə mövqeyini daha da gücləndirməyə, bunu isə dünyaya BMT də aparılan islahatlar kimi təqdim etməyə cəhd edir. ABŞ Prezidenti Co Baydenin açıqlaması, ondan bir neçə gün əvvəl Almaniyanin federal kansleri Şulsun Təhlükəsizlik Şurasına üzv olmaqla bağlı səsləndirdiyi fikirlər əvvəlcədən planlaşdırılmış bir planın tərkib hissəsidir. Hindistan və Yaponiyada ABŞ-ın hərbi siyasi mövqeyi olduqca güclüdür. Hələ bu azmış kimi Bayden TŞ üzvlərinin veto hüququna da məhdudiyyətlər gətirmək barədə fikirlər səsləndirir. Bu niyyət ondan xəbər verir ki , ABŞ “yeni BMT”-ni tamamilə özünün dünya ölkələri üzrə Xarici İşlər Nazirliyi statusunda görür.

Ancaq bu qəbul edilə bilən deyil. Əgər BMT-də islahatlar gedəcəksə, bu həqiqi islahatlar olmalıdır. Qardaş Türkiyə və Pakistan, o cümlədən, Cənubi-Şərqi Asiyadan İndoneziya, hətta Yaxın Şərqdən İsrail də BMT TŞ-yə daimi üzv olmalıdırlar. Əks təqdirdə bu təşkilat öz nüfuzunu və obyektivliyini daha da itirməklə digər ölkələri alternativ BMT yaratmaq axtarışlarına sövq edə bilər. Ona görə də BMT-nin yenidən təşkil olunması prosesi mütləq proporsional və ədalətli olmalı, qardaş Türkiyə Təhlükəsizlik Şurasının daimi üzvü kimi bu təşkilata cəlb edilməlidir".

Azər Badamov: "Seçkidə ermənilərin Paşinyanı dəstəkləməsi ona verilən yeni  bir şansdır"

Azər Badamov: “Ərdoğanın “dünya 5-dən böyükdür" ifadəsinə baxılmasının zamanı yetişib”

Hakim partiyanın digər deputatı Azər Badamovun da fikirləri fərqli deyil: “BMT nizamnaməsində və Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır. Çünki, yeni dünya düzəni formalaşmalı və bu, baş verən proseslərə çevik reaksiya verərək təsir etmək gücünü nümayiş etdirməlidir. Dünyanın ən böyük təşkilatı olan BMT müasir dövrün çağırışlarına uyğun qərarları qəbul edib icra etdirə bilmir. Bu təşkilatın fəaliyyətində selektiv yanaşmalar edilir, beynəlxalq hüquq və normalar arxa plana keçir. Çox vaxtlarda da qəbul olunmuş qərarlar kağız üzərində qalır. Məsələn, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul olunmuş 4 qətnamənin 27 il icra olunmayaraq qalması Təhlükəsizlik Şurasının selektiv yanaşmasının göstəricisidir. Ona görə də Prezident Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi ”dünya 5-dən böyükdür" ifadəsinə baxılmasının zamanı yetişib və bu gün BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılmasını vacib edir. Həm də dünyanın müsəlman əhalisinin BMT TŞ-də daimi üzvünün olmaması qəbul edilən qərarların birtərəfli və müəyyən maraqlara xidmət etməsinə gətirib çıxarır. Hesab edirəm ki, BMT TŞ-də təmsil olunmasına müsəlman dünyasının ən layiqli namizədi Türkiyədir. BMT TŞ-nin daimi üzvlərinin tərkibi dəyişilməli, Fransa tərkibdən çıxarılmalı və onun yerinə Almaniya salınmalıdır. Çünki Fransa dünyanın gündəliyi  üçün vacib obyektiv qərarların qəbulundan uzaqdır və özünün mövcudluğu dövrdə heç vaxt ədaləti dəstəkləməyib. Belə bir ölkənin BMT TŞ-də qalması ancaq dünya üçün təhlükədir. Həm də BMT TŞ-nin üzvlərinin sayı da artmalı  və Türkiyəyə daimi üzv statusu verilməlidir. Əgər Türkiyə BMT TŞ-də daimi üzvü olarsa, BMT Təhlükəsizlik Şurası müsəlman dünyasının hüquqlarının və təhlükəsizliyinin qorunması ilə bağlı daha doğru qərarlar qəbul edən təşkilata çevrilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR