İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Hava Yollarının 22 yaşlı ən gənc pilotu: Hər kəs ondan danışır - FOTOLAR

Anası, atası və qardaşı pilot olan 22 yaşlı Kutay Karaman Türk Hava Yollarının (THY) ən gənc pilotudur.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Karaman 17 yaşında ikən pilot lisenziyası alıb.

O, 23 fevral 2003-cü ildə İzmir şəhərində anadan olub. Kutay Karaman atasından ilham alaraq pilot olmağa qərar verib.

"Atam bizi bu peşəyə həmişə təşviq edib. O, uçuş təlimatçısıdır, anamı bir saatlıq uçuşa aparıb. Anam o uçuşdan çox təsirlənib və pilot olmağa qərar verib. Hazırda anamın hamımızdan daha yüksək uçuş qiymətləri və imtahan nəticələri var", - Karaman bildirib.

O əlavə edib:

"16 yaşımda təlimlərə başladım. 17 yaşımda artıq təkbaşına şəhərlərarası uçuşlar həyata keçirdim: Bursa, Edremit, Çanaqqala və İzmirə uçuşlar reallaşdırdım. Hətta Yunanıstanın müxtəlif şəhərlərinə təyyarə ilə gedib-gəldim. Bu, ümumi aviasiya qaydalarına görə normal sayılsa da, Türkiyədə bunu bacaran ilk şəxs olduğum üçün çox xoşbəxtəm. Karyeramı Türk Hava Yollarında davam etdirmək mənim üçün qürur mənbəyidir".

Kutay Karaman işə qəbul prosesi haqqında da danışıb:

"Türk Hava Yolları orta məktəb məzunları üçün pilot qəbul elanı vermişdi. Mən də xaricdə universitet təhsilimi davam etdirərkən elan üzrə müraciət etdim və bütün mərhələləri uğurla tamamladım. 19 yaşımda müraciət etdim, 20 yaşımda isə işə qəbul olundum. Hazırda "Airbus A320"də ikinci pilot kimi çalışıram".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR