Onlayn ictimai-siyasi qəzet
Ekspertlər ehtimal edir ki, Türkiyəni Ermənistanla sərhədlərin sülh sazişi imzalanmazdan əvvəl açılmasının ziyanlı ola biləcəyinə inandırmağa çalışırlar
Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç ötən həftəsonu Bakıda olub və xarici işlər naziri Ceyhun Bayramovla görüşü diqqət çəkib. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesi, regiondakı vəziyyət, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına dair danışıqlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Maraqlıdır ki, Sərdar Kılıç bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Ermənistan rəsmisi Ruben Rubinyanla da görüşüb. Bu arada ekspertlər ehtimal edir ki, Moskva və Bakı Türkiyəni Ermənistanla sərhədlərin sülh sazişi imzalanmazdan əvvəl açılmasının ziyanlı ola biləcəyinə inandırmağa çalışırlar. Yəni Ermənistan nə qədər ki, sülh sazişi imzalamayıb, belə şəraitdə Türkiyə-Ermənistan sərhədinin açılmasının ziyanlı ola biləcəyi barədə müzakirələr gedib.
Rusiya maraqlıdır ki, Cənubi Qafqazda gedən proseslərə təsir göstərsin. Bu nöqteyi-nəzərdən çalışır ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında müəyyən rol oynasın, vasitəçilik etsin. Bu da Rusiyanın Cənubi Qafqazda strateji maraqlarından irəli gələn məsələdir. Türkiyə rəsmi səviyyədə dəfələrlə bəyan edib ki, Azərbaycanla münasibətlər normallaşmayınca, sülh sazişi bağlanmayınca Ermənistanla sərhədlər açılmayacaq. Bu, ən yüksək səviyyəli Türkiyə rəsmiləri tərəfindən dəfələrlə bəyan edilib. Rusiya istəmir ki, Qərb Ermənistanda təşəbbüsü ələ alsın. Çalışır ki, iki ölkə münasibətlərinin normallaşması Rusiyanın nəzarətində olsun. Türkiyənin yeritdiyi siyasət ondan ibarətdir ki, sərhədlər Azərbaycanla münasibətlər normallaşmayana qədər açılmayacaq. Bəs o halda Kılıçın üç ölkədə keçirdiyi görüşlərin anlamı nədir? Türkiyə üç paytaxtla nələri razılaşdırmaq istəyir?
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva Kılıçın Bakı və Moskva səfərlərinin əsas gündəliyinin nələr olduğu barədə təxminlərini bölüşdü: “Sərdar Kılıç Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırma sürəcindən əsas məsul şəxsdir. Ankaranın İrəvana mövqeyini çatdıran əsas diplomatdır. Hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişi son aşamadadır, yəni yekun redaktələr edilir. Bu baxımdan Sərdar Kılıç tərəflərin bir-birinə göndərdiyi və hələlik məxfi sayılacaq məlumatların mübadiləsi ilə məşğuldur. Onun Bakı və Moskva səfərinin arxasında dayanan əsas detal da, fikrimcə, elə bundan ibarətdir. Görünən odur ki, Ermənistanla Azərbaycan arasında əsas vasitəçilər Ankara və Kreml olacaq. Türkiyə və Rusiya Qərbi bu danışıqlar prosesindən uzaqlaşdırmaqda maraqlıdır. Üstəlik, Sərdar bəy 2006-2008-ci illərdə NATO baş katibinin köməkçisi vəzifəsində çalışıb. Yəni Qərb diplomatiyasını neytrallaşdırmağın yollarını ondan yaxşı kimsə bilə bilməz. Bu baxımdan, Sərdar Kılıç sülh sazişinin Ankara-Moskva vasitəçiliyi ilə çözülməsi üçün qollarını çırmalayıb. Türkiyənin Ermənistanla sərhədlərin açılması məsələsində mövqeyi bəllidir. Sülh sazişi imzalandıqdan sonra bu addım atıla bilər. Qardaş ölkənin prezidenti də bunu açıq şəkildə dəfələrlə bəyan edib. Düşünürəm ki, Kılıçın Bakı və Moskva səfərlərinin əsas gündəliyi regional təhlükəsizlik məsələlərinin gözdən keçirilməsi və sülh sazişinin imzalanması ilə bağlı məsafəni daraltmaqdan ibarətdir”.
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu görüşlərdə Ermənistanın iki qardaş ölkəyə qarşı irəli sürdüyü ərazi iddiası kimi məsələlərə toxunulduğunu istisna etmir: “Türkiyə Azərbaycanla bağlı həmişə vədlərinə əməl edib, yerinə yetirib. 1991-ci ildən başlayaraq 33 ildir ki, Türkiyə Azərbaycana görə Ermənistanla siyasi-diplomatik münasibətlər qurmadı, dövlət sərhədlərini açmadı. Lakin Türkiyə bunu təkcə Azərbaycana görə deyil, həm də özünə görə etdi. Erməni gerbində Ağrı dağının əksi var. Konstitusiyada Türkiyənin 6 vilayətinə iddia qalmaqdadır. İrəvan bunlardan imtina etməyənədək Bakı və Ankara ilə əlaqələrin qurulması, normal qonşuluq münasibətləri qeyri-mümkündür. Ermənistan tələbləri qeyd-şərtsiz yerinə yetirməlidir. Çox güman ki, bu görüşlərdə həm də bu məsələlərə toxunulub. İstənilən halda Ankara və Bakı birlikdə addımlamalıdırlar. Ən yeni tariximiz də onu göstərib ki, Bakı və Ankara birlikdə addım atanda uğur əldə ediblər”.
Rusif Məmmədsoy
Politoloq Rusif Məmmədsoy Türkiyənin sülhdən sonrakı proseslərə hazır göründüyünü vurğuladı: “Hazırda Azərbaycanla Ermənistan arasında razılaşdırılmamış məsələlər qalmaqdadır. Bu məsələlərin başlıcası Ermənistan Konstitusiyası ilə bağlıdır ki, bu həm də Türkiyəni maraqlandırır. Belə ki, Ermənistan Konstitusiyasına görə hələ də Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. O nöqteyi-nəzərdən Türkiyə də Azərbaycanla Ermənistan arasında sülh sazişinin tez, eyni zamanda konstitusiya dəyişikliyindən sonra baş tutmasında maraqlıdır. Bunu dəfələrlə türkiyəli rəsmilərin dilindən də eşitmişik. Sərhədlərin açılmasına gəlincə, hazırda sərhəd keçid məntəqəsinin hazırlanması prosesi gedir. Yəni Türkiyə sülhdən sonrakı proseslərə hazır görünür. Təbii ki, bütün bunlar Azərbaycanın razılığından sonra baş verəcək. Torpaqlarımızın işğalından sonra Türkiyə Ermənistanla əlaqələri kəsdi, sərhədlər bağlandı. Bundan sonra da belə olacaq. Türkiyə və Azərbaycan bu prosesləri koordinasiyalı şəkildə davam etdirir. Sərdar Kılıçın görüşlərinin anlamına gəlincə düşünürəm ki, Türkiyə post müharibə dönəmini müzakirə etməklə yanaşı, həm də gedişatla bağlı Azərbaycanı məlumatlandırır”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ