Onlayn ictimai-siyasi qəzet
Ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən edilib.
Musavat.com-un xəbərinə görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, cinayətin üstü həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb.
Məlum olub ki, 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynova Salyan rayonu, Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açıb. Növbəti gün cinayət hadisəsini gizlətmək üçün ərinin meyitini hissələrə bölərək kənd ərazisindəki kollektora atıb.
Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Rəsmi məlumatda deyilir ki, bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ