İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampla yanaşı durmaq “xoşbəxtliyi” – “Əla” işarəsi Nikola və Ermənistana rəğbət jesti deyil!

Ermənistan baş naziri Nikol Paşinyan özünü yəqin indi dünyanın ən bəxtəvər ölkə başçısı sayır. Zarafat deyil, burdan basa-basa Parisə gedib ABŞ-ın yeni prezidenti Donald Trampla şəkil çəkdirəsən, həm də Makronla birgə - sağında “böyük bacı”, solunda da dünyanın ən qüdrətli dövlətinin lideri.

Hərgah bu şəkil əhvalatı Ermənistana Azərbaycanla bağlı onun məkrli, xəbis niyyətləri və planları üçün hər hansı üstünlük, divident vəd eləmir. Zahirən kimsə bunu belə “qablaşdırıb” şişirtməyə çalışsa da...

Əvvəla, o səbəbə ki, Paşinyan postsovet məkanında baş tutmamış, yeganə uğursuz dövlətin rəhbəridir. Bölgədə söz sahibi isə Ermənistan yox, Azərbaycandır. Odur ki, Makron “kiçik bacı” üçün nə qədər dəridən-qabıqdan çıxıb onu Qərbin “böyük adamları” ilə görüşdürsə də, bu sərt reallıq dəyişən deyil.

Tramp isə uğurlu biznesmen olaraq, bir qayda olaraq, uğursuz adamlarla, uğursuz liderlərlə işləməyi sevmir. Şübhə etmirik ki, bu yanaşma onun siyasi dünyagörüşünə də öz “damğa”sını basıb.

Digər yandan, respublikaçılar üçün ənənəvi olaraq “demokratiya”, “demokratik dəyərlər” daha az önəm kəsb edir. O ki ola 7 bildir Rusiyanın qucağında oturub Qərbə demokratiya nağılları danışan “demokratik” Ermənistan və onun rəhbəri...

Yəni öncə geosiyasi maraqlar. Güney Qafqaz isə Tramp hökuməti üçün prioritet deyil. Başqa daha “mühüm” maraqlar var. Unutmayaq, 44 günlük qalibiyyətli Qarabağ savaşımız məhz Tramp dövrünə təsadüf edib.

Nəhayət, Bayden administrasiyası kimi Trampın və komandasının bizim regionda Rusiyaya “ikinci cəbhə” açmaq kimi bir hədəfi yoxdur, olmayacaq. Bu istisnadır. Əksinə, o, Rusiya-Ukrayna müharibəsini mənasız hesab edir və bacardıqca tez dayandırmaq istəyir.

Demək, onun Cənubi Qafqaz ölkələrində daxili vəziyyəti qarışdırmaq kimi bir lüksü olmayacaq. Zatən Tramp özü dəfələrlə bəyan edib ki, ən çox ABŞ-ın iç işləri ilə, onun iqtisadi qüdrətini artırmaqla məşğul olacaq...

Müxtəsəri, Nikolun əlinin baş barmağını “əla” işarəsi şəklində tutmuş Trampla yanaşı çəkdirdiyi foto hər şeyi həll eləmir. Tramp indiyədək çox adamla şəkil, hətta klip çəkdirib. Maraqlanmaq istəyən internetdə tapa bilər.

Yəni baş barmağın “əla” jesti əsla Ağ Evin yeni başçısının Paşinyana rəğbətinin əlaməti, yaxud Nikolu özünə dost, Ermənistanı isə müttəfiq sayması anlamına gəlməz. İşi-gücü qurtarıb Trampın.

Əminik, Azərbaycan Prezidenti ilə də eyni məkanda bir araya gəlsəydi, Tramp oxşar jesti edəcəkdi. Hər necə olmasa, bu, öncəliklə elementar siyasi etikanın, siyasi mədəniyyətin təzahürü...

Yeri gəlmişkən, Parisdə açılış mərasimi olan Notr-Dam kilsəsinin bərpasına Azərbaycan da vəsait ayırıb. Amma E.Makronun İlham Əliyevi tədbirə dəvət eləməyə nə qanacağı və qabiliyyəti, nə də hünəri çatdı.

Səbəblər bəlli. Hələ bilmək olmaz, Azərbaycan lideri dəvəti qəbul edəcəkdi ya yox. Dəqiq olan budur ki, Makron Bakı ilə münasibətləri bir azca normallaşdırmağa xidmət edəcək unikal bir şansı qaçırdı (Buradaca qeyd edək ki, Roma Papası dəvətə rəğmən, tədbiri boykot edib).

Olsun. “Sirkə nə qədər tünd olsa da, yenə öz qabını sındırar” deyiblər. Paşinyan isə balaca uşaq təzə oyuncaqdan bezənədək sevindiyi kimi, hələlik Trampla saqqalsız şəklindən feyziyab ola bilər. İstəsə, eyforiyaya düşə, havalana da bilər.

Fəqət, danılmaz gerçəklik belədir ki, yüz belə foto Ermənistanın nə blokadadan çıxmasına yardımçı olacaq, nə də kapitulyant ölkənin təhlükəsizliyini gücləndirəcək. Bunun üçün Nikol Vovayeviç Trampla, Makronla deyil, Əliyev və Ərdoğanla üçlü şəkil çəkməyə can atmalıdır. Özü də tələsməlidir. Çünki erməni xalqının marağı, rifahı məhz bunu diktə edir.

Şərtlər məlum...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR