İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın uğurlu “siftəsi” - Dehli onu korlamasa...

ABŞ “top Hindistandadır” mesajı verdi; analitiklər regionda daha irimiqyaslı eskalasiya gözləyir

Ötən həftəsonu ABŞ-ın vasitəçiliyi ilə Pakistan-Hindistan hərbi qarşıdurmasında atəşkəs elan edildi. Lakin gələn xəbərlər tərəflər arasında sülhün kövrək olduğunu söyləməyə əsas verir. Məsələn, Hindistan Hərbi Hava Qüvvələrinin komandanlığı bəyan edib ki, ölkədə davam edən “Sındur” adlı hərbi əməliyyat atəşkəsə baxmayaraq tam gücü ilə davam etdirilir. Komandanlıq ictimaiyyəti spekulyasiyalardan və təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırıb.

“Əməliyyatlar hələ davam etdiyi üçün bütün təfərrüatlar haqqında ətraflı brifinq müvafiq vaxtda təqdim olunacaq”, - deyə bəyanatda bildirilir. Hindistan Silahlı Qüvvələri bir neçə Pakistan təyyarəsini vuraraq, onların ölkənin hava məkanına daxil olmasına mane olub.

Axar.az xəbər verir ki, bu barədə Hindistan aviamarşalı Avadeş Kumar Bharti deyib. “Onların təyyarələrinə sərhədimizdən keçməyə icazə verilməyib. Biz onların bir neçə təyyarəsini vurduq”, - o bildirib. Hindistan Pakistanla yalnız hərbi səviyyədə danışıqlar aparacaq, siyasi təmaslar olmayacaq. Bu barədə “Hindustan Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bundan əlavə, rəsmi Yeni Dehli hesab edir ki, Kəşmir məsələsində Pakistanın “qanunsuz olaraq işğal etdiyi” ərazilərin Hindistana qaytarılmasından başqa İslamabadla müzakirə ediləcək heç nə yoxdur və bu mövzuda müzakirələr birbaşa aparılmalıdır.

Bir başqa məlumatda isə qeyd olunur ki, Hindistan və Pakistanın hərbi rəsmiləri iki ölkə arasında təxminən son 30 ilin ən ağır döyüşlərindən sonra növbəti addımları müzakirə edəcəklər.

Bütün bunlar nə demək? Belə çıxır ki, genişmiqyaslı müharibə ehtimalı qalır? ABŞ-ın vasitəçiliyi hər iki tərəf üçün keçərli olacaqmı? Trampın “siftəsi” korlanmayacaq ki? Yeri gəlmişkən, Hindistan Türkiyəni İslamabada müasir PUA-lar və digər silahlarla hərbi kömək göstərməkdə ittiham edib. Ankara qardaşına silah satmamalıdırmı? ABŞ dövlət katibi Marko Rubio gərginliyin azaldılması ilə bağlı “top artıq Hindistanın tərəfindədir” mesajını verdiyini söyləyib.

SONA SON.jpg (56 KB)

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Pakistan-Hindistan gərginliyinin yenidən baş qaldırması bir sıra amillərə dayanır: “Azərbaycanın 2020-ci ilin payızında 6 həftəlik uğurlu əməliyyatı və tam qələbəsi bütün dünyadakı donmuş münaqişə laylarını yerindən oynatdı. Bu barədə ölkə başçısı İlham Əliyev də bir il öncə jurnalistlərə müsahibəsində bildirmişdi. Pakistan-Hindistan gərginliyinin altmış ildən sonra pik həddə çatması da məhz bu kimi amillərə dayanır. Pakistan kimi nüvə dövləti də Cammu və Kəşmir problemini həll etmək istəyir. İndiki məqamda ərazisi işğal olunan ölkə Pakistan olsa da, İslamabad təmkinli davranır və sülhün əldə olunmasında əsas tərəfdir”.

Onun fikrincə, hətta Pakistan tərəfi döyüşlərin indiki məqamını zəfər adlandırıb: “Çünki lokal döyüşlərin üstün tərəfi Pakistan oldu. Daha dəqiq desək, Pakistan gələcək müharibə üçün yeni platsdarm hazırladı. Bu, bir növ bizim 2016-cı ildəki aprel döyüşlərini xatırlatdı. Pakistan qısa müddətdə strateji nöqtələrdə möhkəmləndi və Kəşmirdə xeyli ərazini vizual nəzarətə götürdü. Hindistan həmin əraziləri geri qaytarmaq üçün canfəşanlıq göstərir. ABŞ isə həmin regionda sülh istəyir. Çünki nüvə silahına malik ölkələr arasında riskləri idarə etmək olduqca çətindir. Üstəlik, münaqişə üçüncü dünya savaşının başlanmasına da yol aça bilər. Ona görə də Tramp administrasiyası vasitəçi olmaq üçün dəridən-qabıqdan çıxır. Düşünürəm ki, artıq ox yaydan çıxıb. Kövrək sülhlə tərəflər heç nəyə nail ola bilməyəcək”.

ORUCOV SON.jpeg (33 KB)

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov qeyd edib ki, Kəşmir problemi çağdaş dünyamızın ən uzunömürlü və təhlükəli problemlərindən biridir: “1947-ci ildən Kəşmir məsələsi Pakistanla Hindistanı zaman-zaman üz üzə gətirib və 3 irimiqyaslı müharibəyə və silahlı toqquşmaya səbəb olub. Hindistanın qeyri- konstruktiv mövqeyi və davakar tərzi bu problemi daim gərgin vəziyyətdə saxlayır, böyük risklər yaradır. Qorxulusu odur ki, Kəşmir konfliktinin ədalətli həlli uzandıqca nüvə dövlətləri olan Pakistan və Hindistanın  bir-birilərinə qarşı düşmənçiliyi də dərinləşir və barışmaz situasiya yaradır. Hər an nüvə silahından istifadəni istisnasız edir. Eyni zamanda digər nüvə dövlətlərini də həmin konfliktə cəlb edir”.

Ə.Orucova görə, əslində Kəşmirlə bağlı silahlı toqquşmaların hamısının günahkarı Hindistan olub: “Zorla həmin ərazini əlində saxlamağa çalışır və əhalisinin 80 faizi müsəlman olan həmin bölgədə assimilyasiya və deportasiya siyasəti aparır. Müsəlmanların dini ibadət yerlərini dağıdır, onların mülklərini, torpaqlarını əllərindən alır, millətçi hindlilərin zorakılıqlarına rəvac verir. Siz təsəvvür edin ki, Yeni Dehli hökuməti Kəşmirdə 300 mindən çox hərbi qüvvə saxlayır, üstəlik də polis və silahlandırılmış digər qruplar xalqı əzməkdədir. İqtisadi və sosial cəhətdən həmin bölgə ən acınacaqlı durumdadır. Kəşmir və Cammu ştatının ləğv edilməsindən sonra vəziyyət daha da kritikləşib. Son baş verən qarşıdurmanın da tətikləyicisi məhz Hindistan oldu. Həyata keçirilən terror aktını araşdırmadan, istintaqını aparmadan birbaşa İslamabadı suçlaması millətçi Modi hökumətinin davakar və təcavüzkar mövqeyini bir daha ortaya qoydu. ABŞ Prezidenti Trampın təşəbbüsü ilə Pakistan və Hindistan arasında atəşkəs razılığı əldə olunsa da, bu, kövrəkdir və hər an yenidən genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Yəni Trampın sülh təşəbbüsünün davamlı və müsbət nəticə verməsi Hindistanın davranışlarından asılı olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR