İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın təhdid etdiyi Teylor Svift KİMDİR... - DOSYE

Xəbər verdiyimiz kimi,  Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Kamala Harrisi dəstəkləyən məşhur amerikalı müğənni Teylor Svifti təhdid edib.

Musavat.com amerikalı müğənninin dosyesini öz oxucularına təqdim edir:

Amerikalı müğənni-bəstəkar Teylor Svift (ing. Taylor Swift) 13 dekabr 1989-cu ildə Pensilvaniya ştatının Vest-Ridinq şəhərində anadan olub.

Sviftin atası Skott Kinqsli Svift "Merrill" şirkətinin keçmiş birja brokeridir. Anası Andrea Qardner Svift isə əvvəllər investisiya fondunda marketinq direktoru kimi çalışmış evdar qadındır. Müğənninin aktyor olan Ostin adlı kiçik qardaşı var.

Onun adı müğənni-bəstəkar Ceyms Teylorun şərəfinə qoyulub. Svift şotland və alman əsillidir.

Svift mahnı yazmağa 14 yaşında başlayıb. Onun 2006-cı ildə yayımladığı öz adını daşıyan studiya albomu "Big Machine" tərəfindən buraxılıb. Teylorun ikinci albomu "Fearless"dən "Love Story" və "You Belong with Me" mahnıları ABŞ-də ən çox dinlənən treklər olub.

Məşhur müğənninin rok elementlərinə malik olan növbəti albomu "Speak Now" (2010) hit-paradlarda birinci pillədə qərarlaşıb.

"Big Machine"dən ayrıldıqdan sonra Svift 2018-ci ildə "Republic Records" ilə müqavilə bağlayıb və yeddinci studiya albomu olan "Lover" 2019-cu ildə buraxılıb.

O, bir il sonra öz həyatından bəhs edən "Miss Americana" avtobioqrafik sənədli filmini buraxıb. Svift 2023-cü ildə "The Eras Tour" adlı konsert turlarına çıxmağa başlayıb.

Dünyada 200 milyondan çox albom satan Svift bütün zamanların ən çox satış həyata keçirən musiqiçilərindən biridir. 

Qeyd edək ki, məşhur amerikalı müğənni ilk dəfə milyarderlər siyahısına da daxil edilib.

"Forbes" nəşrinin məlumatına görə, Sviftin sərvəti 1,1 milyard dollar dəyərində qiymətləndirilir. Sənətçi dünyanın ən varlı adamları reytinqində 2546-cı yerdədir. Müğənni 2023-cü ilin oktyabrında "Eras" turunun uğuru və musiqi kataloqunun artan dəyəri sayəsində milyarder olub.

Nəşr qeyd edib ki, Svift yalnız mahnıları və ifaları əsasında reytinqə daxil olan ilk musiqiçidir.

Sənətçinin sərvətinə qonorar və qastrol səfərlərindən əldə edilən 500 milyon dollardan çox pul, üstəlik, 500 milyon dollar dəyərində musiqi kataloqu və təxminən 125 milyon dollar dəyərində daşınmaz əmlak daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR