İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa DƏHŞƏTLİ ZƏRBƏ - Rüsum qərarları ləğv edildi

ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi prezident Donald Trampın ölkəyə idxal olunan mallara rüsumların tətbiqinə dair qərarının icrasını dayandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məhkəmə onun bu qərarla səlahiyyətlərindən sui-istifadə etdiyi qərarına gəlib.

Məhkəmənin qərarında deyilir: “Mühakimə olunan tarif sərəncamlarına xitam veriləcək və həmişəlik dayandırılacaq”. Məhkəmənin qərarında qeyd edilir ki, yeni idxal tariflərini elan etməklə Tramp “Beynəlxalq Fövqəladə İqtisadi Güclər Aktı (IEEPA) ilə prezidentə verilən səlahiyyətləri aşıb”.

Məhkəmə təkcə Trampın yalnız aprelin 2-də elan etdiyi 185 ölkə və bölgədən gələn məhsullara cavab tariflərini deyil, həm də ABŞ-a fentanil qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər səy göstərmədiyi iddiası ilə daha əvvəl Kanada, Çin və Meksikadan idxala tətbiq etdiyi tarifləri də bloklayıb.

CNN-in yazdığına görə, məhkəmənin qərarı avtomobillərin və onların ehtiyat hissələrinin, polad və alüminiumun tədarükü tariflərinə şamil edilmir. Onlar Ticarətin Genişləndirilməsi Qanununa uyğun olaraq tətbiq edilib. Məhkəmə Trampın başqa qanun əsasında səlahiyyətlərini aşması barədə qərar verib. Bu o deməkdir ki, qərar Çindən gətirilən tədarüklərə görə 30 faiz, Meksika və Kanadadan bəzi malların idxalına 25 faiz, eləcə də 10 faiz universal rüsumlara təsir edəcək.
Tramp administrasiyası artıq ABŞ-ın Federal Dairə Apellyasiya Məhkəməsində hökmdən şikayət edəcəyini bildirib.

Qeyd edək ki, aprelin sonunda ABŞ-ın on iki ştatı ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsində Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflərin ləğvi tələbi ilə iddia qaldırıb. ABŞ iqtisadiyyatına ziyan vurmaqla yanaşı, dövlət başçısı Konqresdən yan keçmək və Vaşinqtonun tarif siyasətini dəyişmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan etməkdə ittiham olunub. Məhkəməyə müraciətin təşəbbüskarı Oreqon ştatının baş prokuroru olub. O, Arizona, Vermont, Delaver, İllinoys, Kolorado, Konnektikut, Minnesota, Men, Nevada, Nyu-York, Nyu-Meksiko ştatları tərəfindən dəstəklənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR