Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatların lideri Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb ki, HƏMAS məhv edilənə qədər qalan israilli girovları geri qaytarmayacaq. “Qalan girovların geri qaytarılmasını yalnız HƏMAS məğlub edildikdən və məhv edildikdən sonra görəcəyik. Bu, nə qədər tez baş verərsə, uğur şansı bir o qədər çox olar. Yadda saxlayın ki, mən danışıqlar apardım və yüzlərlə girovun azad edilməsini təmin etdim", - o yazıb.
Məsələ ilə bağlı Musavat.com-a danışan siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, Trampın bu fikirləri əslində İsrailin maraqlarına cavab verməkdir:
“İsrail HƏMAS-ın məhv olunmasını tələb edir. Tramp bu fikirlərlə açıq- aydın İsrailin mövqeyini müdafiə etdiyini bildirib. Bu, həm İsrailə, həm də HƏMAS-a mesajdır. Tramp bir tərəfdən İsraili müharibəni davam etdirməyə sövq edir. HƏMAS-a isə açıq- aydın deyir ki, rəsmi Vaşinqton təşkilat məhv olunmadan ondan əl çəkməyəcək. Əlbəttə, Ağ Ev rəhbərinin fikirlərində həm də ərəb dünyasına ismarış var. Görünür, ABŞ müharibənin uzun müddət davam etməsində maraqlıdır. Məsələ burasındadır ki, HƏMAS sadəcə təşkilat deyil, həm də ideologiyadır. İdeologiyanı məhv etmək üçün uzun illər lazımdır.
Ağ Ev rəhbəri beləliklə həm də İsraillə HƏMAS arasındakı mümkün dialoq pəncərəsini bağlamaq niyyətindədir. Görünür, müharibənin uzanması Vaşinqtonun maraqlarına cavab verir. Beləliklə, Tramp bir tərəfdən İsraili özündən asılı vəziyyətə salır, digər tərəfdənsə ərəb dünyasına təzyiq edir. Eyni zamanda silahlarını satır.
Düşünmək olar ki, girovlar yaxın zamanda azad olunmayacaq. Eyni zamanda İsrail də məqsədinə nail olmadan HƏMAS-ı məhv edə bilməyəcək. Yəni savaş yaxın müddətdə başa çatmayacaq. Bu isə Yaxın Şərq region üçün daha təhlükəli ssenarilər vəd edir”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
21 Avqust 2025
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ