Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin qərarı dünya səviyyəsində ictimai əhəmiyyət daşıyan dəyərlərin qorunması deməkdir; LGBT nümayəndələri Amerikanın dəstəyindən məhrum olacaq
ABŞ-ın yeni prezidenti Donald Trampın andiçməsi zamanı sensasiyalı bəyanatlar verdi. Onlardan biri də “yalnız iki cins var, kişi və qadın”, “kişi kişi olacaq, qadın da qadın” deməsidir.
Sirr deyil ki, dünyanın bir çox ölkəsində məqsədli şəkildə LGBT üzvlərinə dəstək verilirdi, hətta bir çox dövlət yüksək vəzifələrə qeyri-ənənəvi cinsliləri təyin etməklə bəlli siyasətə siyasi dəstək də qazandırırdı. Bu tendensiya dünyada ciddi narahatlıq yaratmışdı. O da sirr deyil ki, dünyada insan sayını azaltmaq, fəlakətləri genişləndirmək missiyası daşıyan güclər LGBT üzvlərinə böyük dəstək verirlər. Bunun nəticəsidir ki, onlar son illərdə kifayət qədər təşkilatlanıblar.
Bu arada “Washington Free Beacon” portalı məlumat yayıb ki, ABŞ-ın yeni prezidenti Donald Tramp hökumət binalarında, səfirliklərdə və ABŞ hərbi bazalarında LGBT bayraqlarının nümayişini qadağan edib.
Şəhla Cəlilzadə
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, Trampın prezident postuna gəldikdən sonrakı ilkin bəyanatları və qərarları qarşıdakı dövr ABŞ siyasətinin, o cümlədən dünya siyasətinin necə şəkillənəcəyini anlamağa imkan verir. Ekspert hesab edir ki, bununla ABŞ yeni prioritetlər elan edir: “Bu prioritetlər üzrə verilən qərarlar dünya üçün istiqamətverici, bəziləri üçün isə hətta şokedicidir. O, prezident postuna gələndən dərhal sonra Bayden dövründə qəbul edilən, LGBT+ üzvlərinin haqlarının müdafiəsini, cinsi bərabərsizliklə mübarizəni nəzərdə tutan 78 sərəncamı ləğv edib. Bu, "üçüncü cins" kimi özünü təqdim edən və dünya siyasətinə yetəri qədər sızaraq nüfuz edə bilən LGBT+ və gender hərəkatlarına, bu mövzuda təbliğat aparan, daha doğrusu, bütün dünyada beyinləri yuyan “insan hüquqları təşkilatlarına” ciddi zərbə olaraq dəyərləndirilə bilər. Trampın “Yalnız iki cins var: kişi və qadın” deməsi, bundan sonra “gender” sözünün deyil, “cins” sözünün rəsmi olaraq hökumət tərəfindən istifadə olunacağını elan etməsi, onun Pentaqon rəhbəri təyin etdiyi Heqsetin ABŞ ordusunda aktiv əməliyyatlara qadınların cəlb olunmayacağını açıq bəyan etməsinə ilkin etirazlar məhz LGBT və gender hərəkatının nümayəndələri və dəstəkçilərindən gəlib. Kirsten Gillibrand və Cin Şein kimi “LGBT haqlarının qorunması ABŞ-ın top prioritetlərindən olmalıdır” deyə iddia edən Konqres üzvlərinin sərt etirazlarına və tənqidlərinə baxdıqda bunu görmək olar. Yəni adıçəkilən hərəkatlar artıq öz siyasi qüvvələrini işə salıblar. Trampın bu hərəkat qarşısında sərtliyini qoruması ümumdünya səviyyəsində ictimai əhəmiyyət daşıyan dəyərlərin qorunması deməkdir. Bu dəyərlər dünyada ədalətli yanaşma üçün də, o cümlədən Azərbaycan kimi ailə dəyərlərinə önəm verən cəmiyyətlər üçün də olduqca vacib və əhəmiyyətlidir. Onun insanların təbii cinsi ayrımı məsələsinə münasibəti onu deməyə əsas verir ki, konservativ ənənələrin dünya səviyyəsində təbliğatı güclənəcək. Beynəlxalq yarışlarda özünü “qadın” kimi təqdim edən “kişilərin” artıq yarışlara qatılıb qalib gəlməsi mümkün olmayacaq. Çünki yeni qərara görə, onların cinsi rəsmi sənədlərdə öz seçimləri əsasında deyil, təbii olaraq, yəni insan olaraq dünyaya gələrkən sahib olduqları cinslərinə görə qeyd olunacaq".
Ş.Cəlilzadə həmçinin vurğuladı ki, Trampın ABŞ-ın qarşıdakı dövr üçün prioritetlərindən biri süni intellektin inkişafıdır: “Tramp prezident postuna gələr-gəlməz süni inttellektin inkişafı üçün 500 milyard dollar vəsaitin ayrılması qərarını verib. Bu çox böyük məbləğdir. Trampın prioritetləri, sadəcə, ABŞ üçün deyil, bütün dünya üçün siyasət istiqamətlərini müəyyən etməyə təsir göstərir. O cümlədən qeyd etmək olar ki, ölkəmizdə son illər aktiv siyasətə qoşularaq xüsusilə seçkilər dövründə radikal müxalifət olaraq "dağıdıcı amil" kimi iştirak edən LGBT nümayəndələri də ABŞ dövlət dəstəyindən məhrum olacaqlar. Bu, onların ölkəmizdə fəaliyyətinin və təbliğatının zəifləməsi ehtimalını yaradır. Trampın gözlənilən qərarlarından Kanada, Meksika, Ukrayna, Danimarka, ümumilikdə Avropa müəyyən narahatlıqlar yaşamaqla yanaşı, LGBT+ hərəkatının sərt etiraz içərisində olduğu deyilə bilər".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ