İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putindən nəyi eşitmək istəyir?..

 

Moskva göz yaşalarına inanmır. İstisnadırmı? Təəssüf ki, yox, hər yerdə hər şey dəqiq və soyuq məntiq əsasında qurulur. Lap daha bir məşhur rus filmində deyilən kimi: mən sənə, sən də mənə...

Amma böyük siyasətdə hətta sonuncu qayda da dünya güclərini – ağalarını qane etmir, onlar özləri üçün daha çoxuna iddia edirlər, əks təqdirdə, məsələn, Ukraynanın vəziyyəti ideal dərəcədə olmasa da, hər halda, daha qənaətbəxş və təhlükəsiz olardı.

Burada güman, tələskən oxucu dərhal soruşacaq: söhbət nə haqdadır, doğrudanmı yenə Ukraynadan bəhs ediləcək?

Doğrudanmı, əsrlərlə “moskvalı qardaşlarından” və yaxud özlərinin dedikləri kimi, “saqqallılar”dan asılı olmamağa çalışan bu əzabkeş ölkə və xalq haqqında nəsə deyilməmiş bir fikir qalıbdır?

Qalıb, çünki Ukraynanın səyləri hələ də alınmır, ona görə ki, Moskva xahiş etmir, daim diktə edir: ya bizimlə, ya da ki...

Necə deyərlər, tanış mənzərədir, Rusiya əsrlər boyu tək ukraynalılara diktə etməyib, rus imperiyasının başqa xalqlarına da eyni münasibəti göstərib, əlbəttə, bu kontekstdə ukraynalıların bəxti daha çox gətirməyib.

Kobzarların, T.Şevçenkonun, hətta böyük N.Qoqolun ölkəsi” və onun Rusiya ilə çox əsrlik mücadiləsi haqqında düşünəndə Corc Oruellin məşhur əsərindən məşhur cümlə düşür adamın yadına: hamı bərabərdir, amma bəziləri daha çox bərabərdirlər...

Ukraynanın bəxti həm də onda gətirməyib ki, o, təkcə əsrlərlə Rusiya imperiyasının tərkibində olmayıb, üstəgəl, onun xalqı həm də slavyan əsllidir.

Kremlsə həmişə belə hesab edib ki, Moskvanın “tarixi missiyası” həm də slavyan xalqlarını birləşdirmək, hətta bəzən iddia edildiyi kimi, guya “azad etməkdir”.

Bilirsiniz, məşhur rus filosofları (məsələn, N.Berdyayev kimi yeddi - səkkiz dəfə Nobel mükafatına təqdim olunan!) olub, hansıları ki, heç halda savadsız adam hesab etmək olmaz, amma onlar daim Rusiyanın tarixi-bəşəri “missiya”sından, başqa xalqlara elm, mədəniyyət və savad çatdırmaq vəzifəsindən yazıblar.

Məsələ tək çar dövrünün filosoflarında da deyil. Ötən əsrin 60-cı illərində bir konspirativ mənzildə Soljenitsınla Saxarovun görüşünü təşkil ediblərmiş, amma iki böyük insanı bir araya gətirmək mümkün olmayıb, ona görə ki, onlardan biri insan haqlarının və demokratiyanın,  digərisə böyük imperiyanın tərəfdarı idi!

Uzağa niyə gedək? Akademik D.Lixaçov elə A.Puşkini də “azadlığın və imperiyanın böyük nəğməkarı” adlandırmırdımı?..

Belə “fəlsəfi traktatları” oxuyanda adam bağırmaq istəyir ki, ağalar, axı kim sizdən bunu xahiş edibdir, axı sizin özünüzə həmişə qabaqcıl elm və mədəniyyət çatdırmaq lazım gəlibdir!

Daha realist, praqmatik düşüncəliləriniz (məsələn, iqtisadçı Yeqor Qaydar!) “xroniki olaraq geridə qalan sivilizasiya” adlandırmayıbdırmı sizi?

Bəli, bunlar özlərini “Bizansın varisi” hesab edir. Ona görə də birinci Pyotrdan başlayaraq az qala bütün Rusiya çarları yuxularında da Konstantinopolu görüblər, çünki hesab ediblər ki, “Bizansın varisi” onun bütün atributlarını qaytarmalıdır, o cümlədən keçmiş paytaxtını...

Hazırda Rusiya siyasi masaya yenidən iddialar qoyub, əlbəttə, bir qədər məhdud, “təvazökar” variantda: hələki Kreml strateqlərinin Konstantinopol haqda düşünməyə vaxtları və imkanları yoxdur, üstəgəl, İnşallah, heç olmayacaq da! İndi onların yatanda da yuxularına “Qədim Rusun paytaxtı Kiyev” gəlir!

Ədalət naminə, Kiyev də siyasətçiləri boş dayanmır, Kremlin iddialarının qarşısını almaq üçün hər şey edirlər, gecəbəgündüz tək siyasət və diplomatiya ilə məşğul olmurlar, təkcə vaxtlarının çoxunu bilavasitə cəbhə xəttində keçirmir, həm də Ukraynanın bu vaxta qədərki siyasətini təkrar anlamağa, hətta təftiş etməyə çalışırlar.

Bu günlərdə Ukrayna prezidenti yenidən dedi ki, doxsanıncı illərdə ölkələrini aldadıb nüvə silahından imtina etdiriblər.

Haqlıdırmı? Əlbəttə! Dəfələrlə yazmışıq ki, hazırda nüvə silahı çəkindirici amil ola bilərdi. Bəli, daim qeyd edirik ki, gənc, müstəqil Kiyevin siyasətçi sarıdan bəxti gətirmədi, əks təqdirdə, bu ölkə böyük güclərlə daha sərfəli və etibarlı siyasi ticarət yapa bilərdi, ölkələri üçün daha ciddi və etibarlı təminatlar ala bilərdilər, amma burada dərhal sual meydana gəlir: nüvə silahının özündən daha etibarlı təminat varmı?..

Məgər hazırda Rusiyanın özünün nüvə silahından savayı ciddi bir üstünlüyü varmı, onunla ehtiyatla davranmağa sövq edən başqa bir amil varmı? Məsələ də bundadır ki, yoxdur – ruslar məhz nüvə silahının sayəsində dünyaya meydan oxumaqda davam edirlər, hamını nüvə silahı ilə şantaj edirlər...

Bəs o vaxt Ukrayna nüvə silahından imtina etməyin müqabilində hansı təminatlar aldı?

Banal səslənsə də təminatları guya ona ABŞ və Rusiya vəd etdi, halbuki birinci indi özünün acizliyinə bəraət qazandırmaq üçün daim bildirir ki, Ukrayana NATO üzvü olmadığından Alyansın tam hüquqlu üzvləri üçün nəzərdə tutulan imtiyazlardan faydalana bilməz, yəni məşhur maddə ona şamil olunmur.   

Rusiya isə çox keçmədi ki, özü Ukraynaya qarşı aqressiv siyasət sərgiləməyə başladı, əvvəl hədələr, ultimatumlar gəldi, daha sonra Krımı işğal etdilər, ardınca Ukraynanın şərq bölgələrini ələ keçirdilər, ona qarşı genişmiqyaslı müharibəyə başladılar.

Amma sonrakı peşmançılıq fayda verməz deyiblər, odur ki, itirilmiş nüvə dövləti statusuna görə göz yaşları axıtmağın bir mənası yoxdur, bundansa vəziyyətdən az itkilərlə çıxmağın yollarını axtarmaq lazımdır.

Bir məsələni bilmək lazımdır. NATO-nun Şərqə doğru genişlənməsi, guya Avropa İttifaqının iqtisadi ekspansiya siyasəti həyata keçirməsi Moskvanın bəhanələridir. Ukrayna müharibəsi başlayandan sonra iki dövlət NATO - nun üzvü oldu. Məgər onlar Rusiya sərhədlərindən bu qədər uzaqdırlar? Məgər bunlar da NATO-nun daha bir genişlənmə aktı olmadımı?..

Kremli bunlar düşündürmür, onların bir tələbi var: Kiyev Moskvanın nəzarətində qalmalı və məhdud dərəcədə müstəqil dövlət olmalıdır, lap indiki Belarus kimi, hansının ki, başçısı bu günlərdə özünü yeddinci dəfə “prezident” elan etdi! Ukraynalılar belə aqibətə hazırdırlarmı?..

Bir daha deyirik: Kremlin siyasətinin motivləri hamıya aydındır. Bu yaxınlarda onun saray politoloqu və geosiyasətçisi Aleksandr Duqin daha bir orijinal “ideya” ilə çıxış etdi: Leninin mavzoleyini əsl imperator olan Vladimir Putinçün boşaltmalı! Ruslar gizlətmir ki, Rusiya imperiya, Putinsə imperatordur!..

Burada hər şey aydındır, başadüşülməyən yalnız bir məqam var: doğrudanmı Donald Tramp Putinlə danışıqlarda ondan bunun təsdiqini eşitmək istəyir? Biz bu sətirləri yazanda yeni ABŞ prezidenti hələ Putin cənablarına zəng belə etməmişdi, amma amerikalılar gizlətmir ki, onlar Rusiyayla danışıqların fəlsəfəsini hazırlamaqla məşğuldurlar.

Olsun! Amma V.Putin məsələ ilə bağlı mövqeyini dəfələrlə bildirib. İndi biz soruşaq: doğrudanmı, deyilməmiş nəsə qalıb?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR