İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp - Putin sövdələşməsi: biznesmenlərdən ibarət ABŞ administrasiyası Ukrayna kommersiya obyekti kimi baxır

Ukrayna kontekstində ABŞ və Rusiya arasında mümkün razılaşma, Avrasiyanın geosiyasi mənzərəsində mühüm dəyişikliklərə yol aça bilər. Burada söhbət təkcə ABŞ-ın prezidenti Donald Trampın Putinə simpatiyasından getmir, həm də ABŞ-ın yeni administrasiyasının atdığı addımların qlobal və regional güclərə təsirindən gedir. Bu proses, həm Ukraynanın gələcəyi, həm də beynəlxalq münasibətlərin yeni istiqamət alması baxımından diqqətəlayiqdir.

Lakin öncə Tramp-Putin münasibətlərinə və bu əlaqələrin arxasında duran amillərə nəzər salmaq lazımdır. Donald Trampın xarici siyasətində tez-tez işlətdiyi “sövdələşmə” (deal) anlayışı təsadüfi deyil və bu strategiya onun beynəlxalq münasibətlərə baxışını formalaşdırır. Trampın yaxın çevrəsində yer alan biznes adamları, xüsusilə daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şəxslər, onun siyasətinə dolayısı ilə təsir edən əsas fiqurlar arasında yer alır.

Musavat.com ABŞ mənbələrinin məlumatlarına əsasən yazır ki, Tramp administrasiyasının Ukrayna siyasətində mühüm rol oynayan şəxslərdən biri, Nyu-York biznes aləminin tanınmış simalarından Stiven Vitkoffdur. Onun heç bir siyasi və ya diplomatik təcrübəsi olmamasına baxmayaraq, ABŞ-ın Yaxın Şərq siyasətində və Rusiya-Ukrayna danışıqlarında fəal iştirak etdiyi bildirilir. Vitkoff Ukrayna müharibəsi ilə bağlı Moskva ilə ilkin təmasları aparan ABŞ nümayəndələrindən biri olub.

_stiven__vitkoff_gettyimages_219.jpg (129 KB)

Digər tərəfdən, keçmiş Pentaqon general-leytenantı Kit Kelloq Tramp administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə əsas fiqurlardan biri kimi tanınırdı. Onun Ukrayna ilə bağlı danışıqlarda iştirakı olmuşdur, lakin Zelenskiyə təqdim edilən təkliflərdə əsas rolu ABŞ-ın maliyyə naziri Skott Bessentin oynadığı qeyd olunur. Bu təkliflərdə Ukraynanın nadir metallar ehtiyatlarının yarısının ABŞ-ın ixtiyarına verilməsi kimi şərtlər irəli sürülmüşdür ki, bu da ciddi mübahisələr doğurub.

ABŞ-ın Ukrayna siyasəti ilə bağlı qərarlarının arxasında dayanan şəxslərdən biri olan Bessent vaxtilə məşhur maliyyəçi Corc Sorosla əməkdaşlıq edib və siyasi təcrübədən daha çox biznes sahəsində fəallıq göstərib. Bu isə Tramp administrasiyasının Ukrayna münaqişəsinə yanaşmasının daha çox kommersiya maraqları ilə bağlı olduğunu göstərir.

Bütün bu proseslər fonunda Trampın Ukrayna məsələsinə münasibəti, onun sülh planının detallarının ciddi suallar doğurduğunu göstərir. ABŞ-ın təqdim etdiyi sülh təşəbbüslərində Ukraynanın təhlükəsizliyi ilə bağlı konkret təminatlar əksini tapmayıb və bu səbəbdən də Zelenskinin həmin planları rədd etməsi başadüşüləndir. Ukraynasız ABŞ-Rusiya danışıqları Avropanın əsas gücləri və NATO daxilində də narahatlıqla qarşılanır.

Bunun fonunda Avropa İttifaqına üzv dövlətlər Ukraynanın müdafiəsi üçün yeni əməkdaşlıq formatları üzərində düşünürlər. Xüsusilə Parisdə keçirilən sammit və Zelenskinin Ankaraya səfəri, yeni strateji blokun formalaşması ehtimalını gündəmə gətirir. Eyni zamanda, Türkiyənin NATO daxilindəki rolu və hərbi potensialı Avropanın müdafiə siyasətində mühüm yer tutur. Ankara hazırda 31 hərbi gəminin inşası ilə məşğuldur və bu, Qara dəniz və Şərqi Aralıq dənizi bölgəsində Türkiyənin mövqeyini gücləndirəcəkdir.

Bu proseslər, həmçinin ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətlərində çatların yaranmasına səbəb olur. Böyük Britaniyanın baş naziri Kir Starmerin Zelenskiyə dəstək zəngi, ABŞ-ın Avropa ilə münasibətlərində yaranan yeni situasiyanın göstəricisidir. Tramp administrasiyasının siyasəti, 80 ildən artıq mövcud olmuş Avroatlantik təhlükəsizlik sisteminin dağılmasına gətirib çıxara bilər.

Bu vəziyyət bir sıra yeni geosiyasi nəticələrə yol aça bilər:

2022-06-03T120352Z_770261954_RC2.jpg (311 KB)

1. Ukrayna məsələsində mövqeləri üst-üstə düşən ölkələrin ABŞ-dan kənar bir koalisiya yaratması mümkündür. Buraya Macarıstan və Slovakiya kimi Rusiya ilə yaxın əlaqələri olan ölkələr xaric olmaqla, bir çox Avropa dövlətləri, Kanada və Türkiyə daxil ola bilər. Belə bir blokun formalaşması, Qərbin Ukrayna siyasətində yeni mərhələnin başlanğıcı ola bilər.

2. Türkiyə ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlıq perspektivi yaranır. Türkiyənin müdafiə sənayesindəki irəliləyişləri və Avropanın bu sahədə Ankaraya dəstək verməsi yeni geosiyasi ittifaqların yaranmasına səbəb ola bilər.

3. ABŞ-ın Avropa təhlükəsizlik sistemində yaratdığı boşluğu, Avropa ölkələrinin və Türkiyənin birgə hərbi-siyasi təşəbbüslərlə doldurması mümkün ola bilər. Bu, Brüssel-London-Ankara-Ottava formatında yeni bir təhlükəsizlik mexanizminin formalaşmasına gətirib çıxara bilər.

Bütün bu proseslər göstərir ki, Ukrayna ətrafında cərəyan edən hadisələr təkcə bu ölkənin gələcəyi ilə məhdudlaşmır. Tramp administrasiyasının siyasəti qlobal təhlükəsizlik sistemində yeni risklər yaradır və bu risklərin qarşısının alınması üçün Avropa və digər regional güclər yeni strategiyalar üzərində düşünməyə başlayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR