Onlayn ictimai-siyasi qəzet
"Tramp-Putin görüşündən və iki ölkə nümayəndələrinin təmaslarından sonra Ukrayna məsələsində anlaşma əldə etməyin mümkün olub-olmayacağı barədə təsəvvür yaranacaq".
Musavat.com bildirir ki, bu sözləri siyasi şərhçi Şahin Cəfərli qeyd edib.
Ekspert xatırladıb ki, Tramp prezident kreslosuna əyləşdikdən sonra Ukrayna mövzusunda ilk açıqlamasında Zelenskinin sülhə hazır, Putinin hazır olmadığını deyib:
"Onun sözlərinə görə, Putin sülhə razılıq verməməklə Rusiyanı məhvə aparır: "Onun işləri yaxşı getmir və bu, onu sevindirə bilməz... Çoxları müharibənin bir həftəyə bitəcəyini düşünürdü, amma artıq üç ildir davam edir... Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq..."
Tramp onu da əlavə edib ki, Rusiyanın 1 milyon, Ukraynanın isə 700 min itkisi var. Amma bu rəqəmlər bir az şişirtmədir.
Rusiyanın hazırkı mövqeyi onu deməyə əsas verir ki, razılığa gəlmək olduqca çətin məsələdir. Çünki əvvəla, Rusiyanın Ukraynada müharibəni dayandırmaqla bağlı şərtləri çox ağırdır və Tramp nə qədər müharibəni tez bitirmək istəsə belə, bu şərtlərlə razılaşması mümkün görünmür. Əlbəttə, istənilən tərəfin maksimalist mövqeyi danışıqlar öncəsi taktika da ola bilər və masada geri addım atılması, güzəşt ehtimalı hər zaman var. Amma məsələ burasındadır ki, Rusiya tərəfi müzakirələrin təkcə Ukrayna ilə məhdudlaşmamalı olduğunu deyir. Putin hesab edir ki, ümumən "problemi doğuran səbəblər" Rusiya və ABŞ arasında müzakirəyə çıxarılaraq həll olunmalıdır.
Rusiya məsələyə bütün Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasının zəruriliyi nöqteyi-nəzərindən yanaşır və bu coğrafiyada öz maraqlarının ABŞ tərəfindən tanınmasını, yəni bir növ nüfuz dairələrinin bölüşdürülməsini təklif edir. 2021-ci ilin dekabrında Rusiya bu barədə təkliflərini ultimativ formada ABŞ və NATO-ya təqdim etmişdi. İndi belə görünür ki, Moskva müzakirələrin həmin mövzular əsasında aparılmasını istəyir".
Şahin Cəfərli qeyd edib ki, Tramp nə Avropanın, nə də Ukraynanın dərdinə yanır, lakin ABŞ dövlətinin başçısı kimi Rusiyanın bu absurd tələbləri ilə razılaşması mümkün deyil:
"Qısaca deyim ki, reallıqdan uzaq, Putinin imperialist təxəyyülünün məhsulu olan məsələlərdən söhbət gedir.
Əgər Rusiya məqbul şərtlərlə atəşkəsə hə deməsə, ABŞ sanksiya rejimini daha da ağırlaşdıra bilər. Yeni maliyyə naziri Skott Bessent ehtiyac yaranarsa, Rusiya enerji sektoruna daha sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirərək Bayden hökumətini bu məsələdə zəif davranmaqda qınayıb".
Xalidə Gəray
Musavat.com
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ