Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kriptovalyutalara həsr olunmuş forumda deyib ki, ABŞ hökumətinin sərəncamında təxminən 200 min bitkoin mövcuddur. O, həmçinin, deyib ki, bundan sonra ABŞ hökuməti bitkoinləri satmayacaq. Kriptovalyuta eksperti Elnur Quliyev hesab edir ki, Donald Tramp administrasiyası ABŞ-də kriptovalyuta sektoru ilə bağlı siyasətini müsbət istiqamətdə dəyişib.
Musavat.com-a şərhində ekspert bildirib ki, strateji bitkoin ehtiyatının yaradılması, tənzimləyici orqan olan SEC-in kripto şirkətlərə loyal yanaşması və Ağ Evin ilk kriptovalyuta sammiti keçirməsi əvvəlki administrasiyadan daha kripto-dost yanaşmadan xəbər verir: "Burada önəmli fundamental məqam strateji bitkoin ehtiyatının yaradılması qərarı oldu. Əksər investorlar bitkoin ilə ehtiyat ideyasını alqışlayır, onu siyasətdə əhəmiyyətli dəyişiklik kimi qiymətləndirirlər. Cəmi bir il əvvəl ABŞ-də strateji bitkoin ehtiyatının yaradılmasını təsəvvür etmək belə çətin idi. Amma bu xəbər ilk kriptovalyuta üçün gözlənilən qiymət artımı ilə müşayiət olunmadı. Çünki fərmana əsasən bitkoin ehtiyatı cinayət və ya mülki işlər nəticəsində əldə edilmiş və müsadirə edilmiş kriptovalyutadan formalaşacaq. Hökumət hələlik bitkoini birbaşa dövlət büdcəsindən almağı planlaşdırmır lakin rəsmilərə vergi ödəyiciləri üçün əlavə yük yaratmayan alış üsullarını öyrənmək tapşırılıb".
Ekspertin fikrincə, yeni administrasiya sadəcə olaraq Ədliyyə Nazirliyinin nəzarətində olan elektron cüzdanlarında saxlanılan və əvvəllər məhkəmə qərarları çərçivəsində müsadirə edilmiş bitkoinləri satmayacaq: "Üstəlik, mövcud olan təxmini 200.000 bitkoinin yarısından çoxu Bitfinex birjasına aiddir və cari ilin yanvar ayında çıxarılan məhkəmə qərarı çərçivəsində yaxın gələcəkdə birjaya qaytarılmalıdır. Beləliklə, faktiki ehtiyat yalnız təxminən 40 min bitkoin olacaq. Bununla belə, ABŞ-ın müsadirə edilmiş bitkoin və digər kriptovalyutaların satmayacağı qərarı üzünmüddətli mövqədə kriptovalyuta bazarı üçün müsbət qiymətləndirmək olar. Nəticə etibarı ilə, ABŞ hökumətinin birbaşa bitkoin satın almasına ümid edən investorlar məyus oldu və faktiki olaraq daha geniş makroiqtisadi narahatlıqlar – faiz dərəcələri, tarif siyasəti və inflyasiya – riskli aktivlər üzərində ağırlaşmaqda davam etməkdədir. İmprovizasiya ustası olan D.Tramp faktiki olaraq kriptovalyutaları öz “oyunu”-nun alətinə çevirib. Bu arada, uzunmüddətli investorlar “qiymət dibi”-ni qaçırmaq qorxusu ilə “siyasi teatrın” girovu olmaq riski arasında balans yaratmağa məcbur olurlar".
Nigar HƏSƏNLİ,
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ