Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp müşavirləri İlon Mask və Piter Navarro arasında ictimai mübahisəni dayandırmaq niyyətində deyil.
Musavat.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə açıqlayıb: "Əlbəttə, söhbət ticarət və tariflər haqqında çox fərqli baxışları olan iki nəfərdən gedir. Biz də onların hər şeyi açıq şəkildə həll etməsinə mane olmayacağıq".
Amerika liderinin rəsmi nümayəndəsi Mask və Navarronun ictimaiyyət qarşısında bir-birlərinə qarşı etdikləri təhqirləri şərh edərkən daha sonra jurnalistlərə deyib: "Və siz uşaqlar, tarixdə ən şəffaf ABŞ administrasiyasına malik olduğumuz üçün çox minnətdar olmalısınız. Düşünürəm ki, bu, həm də prezidentin hər kəsi dinləmək istəyini əks etdirir".
Levitt bildirib ki, ABŞ hökuməti məşğul olduqları məsələlərə fərqli baxışlara malik insanlardan ibarətdir. Ağ Evin sözçüsü əmin edib ki, Tramp “bütün fikirləri” nəzərə alır və “Amerika xalqının bütün maraqlarını” nəzərə alaraq qərarlar qəbul edir.
Xatırladaq ki, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən milyarder Mask ABŞ dövlət katibinin ticarət və istehsal üzrə baş müşaviri Navarronu X-də “əsl axmaq” adlandırıb. Elektrik avtomobil istehsalçısı Tesla-nın sahibi və dünyanın ən varlı adamı olan Mask Navarronun ticarət və tariflərlə bağlı fikirlərini “yalan” adlandırıb. Navarro isə öz növbəsində Maskı “avtomobil yığan” kimi xarakterizə edib, onun sadəcə olaraq “avtomobil satıcısı” olduğunu, ticarət siyasətinin və gömrük rüsumlarının tətbiqinin incəliklərini başa düşmədiyini deyib.
Musavat.com
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ