Onlayn ictimai-siyasi qəzet
ABŞ hökuməti tərəfindən maliyyələşdirilən "Amerikanın Səsi" (VOA) 83 illik fəaliyyətdən sonra tamamilə bağlanıb.
Bu barədə qurumun direktoru Maykl Abramoviç məlumat verib.
"Bu səhər öyrəndim ki, "Amerikanın Səsi"nin 1300-dən çox jurnalisti, prodüseri və texniki heyəti inzibati məzuniyyətə göndərilib. Mən də onların içindəyəm. Bu tarixi media platformasının susması məni dərindən kədərləndirir", - deyə Abramoviçin bəyanatında bildirilir.
Məsələ ABŞ prezidenti Donald Trampın daha əvvəl verdiyi qərarla bağlıdır. O, ABŞ Qlobal Media Agentliyinin (USAGM) işçi heyətinin ixtisara salınmasını tapşırmışdı.
Həmin agentlik 49 dildə yayımlanan 5 böyük media korporasiyasına, o cümlədən "Azad Avropa/Azadlıq Radiosu" və "Amerikanın Səsi"nə nəzarət edirdi. Bundan əlavə, "Azad Avropa/Azadlıq Radiosu"nun maliyyələşdirilməsini təmin edən qrantın da dayandırıldığı məlum olub, baxmayaraq ki, ABŞ Konqresi bu vəsaiti təsdiqləmişdi.
Bu qərar ABŞ mediasında böyük rezonans doğurub və media azadlığı ilə bağlı ciddi narahatlıqlar yaradıb.
Siyahıya həmçinin Vudro Vilson Mərkəzi, Federal Vasitəçilik və Barışıq Xidməti, Muzey və Kitabxana Xidmətləri İnstitutu (ABŞ-də muzey və kitabxanalara dəstək göstərir), Evsizlik Problemləri üzrə İdarələrarası Şura, İnkişaf Maliyyə İnstitutları Fondu, Azlıqların Biznesinin İnkişafı Agentliyi və Arktikanın Tədqiqi Komissiyası daxil edilib.
"Amerikanın Səsi" radiosu ABŞ-nin Qlobal Media Agentliyinin tərkib hissəsidir. Onun mənzil-qərargahı Vaşinqtonda yerləşir. Azərbaycan dili də daxil olmaqla, ingilis və daha 45 dildə xəbərlər, rəylər, mədəniyyət proqramları yayımlayır. Radiostansiya ilk dəfə 1942-ci il fevralın 24-də yayımlanmağa başlayıb. Bu radio ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşirdi.
2008-ci ildə xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra "Amerikanın Səsi" öz verilişlərini internetdə və peyk televiziyasında yayımlayıb.
"Azadlıq Radiosu"nun Azərbaycan xidməti isə 1953-cü il martın 6-da təsis edilib. Bu redaksiyanın ilk direktoru Abdürrəhman Fətəlibəyli olub. 1990-cı il yanvarın 20-də Bakıda sovet qoşunlarının törətdiyi qanlı hadisələri bütün dünyaya və Azərbaycan vətəndaşlarına büronun rəhbəri Mirzə Xəzər Mehdi Məmmədovun vasitəsi ilə çatdırıb.
2014-cü ilin dekabrından radionun Bakı bürosu bağlanıb. Onun verilişləri Praqadan yayımlanıb. Zaman keçdikcə Azərbaycan cəmiyyətinin informasiya əldə etmək imkanları genişləndiyindən radio öz aparıcılığını da itirib.
Bu radiolar "Soyuq müharibə"nin təbliğat vasitələri sayılıb. Hadisələr sübut etdi ki, "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyaları ABŞ-SSRİ informasiya müharibəsinin qaliblərindəndir. Onlar yaydıqları xəbərlər, hazırladıqları verilişlərlə sovet cəmiyyətindən gizli saxlanılan mətləbləri ifşa ediblər. İndi isə vəziyyət dəyişib. Cəmiyyətlərin informasiya əldə etmək imkanları çoxalıb.
Eyni zamanda Azərbaycanda bir zamanlar insanların çox böyük inamla dinlədiyi hər iki radio 2005-ci ildən sonra ABŞ-nin təbliğat maşınına çevrildi, neytrallığını itirdi. Beləliklə, hər iki radio erməni separatizminə açıq-aşkar dəstək verdi, Qarabağ münaqişəsində Ermənistanın mövqeyini dəstəklədi. Bütün bunları nəzərə alan Azərbaycan hökuməti 2014-cü ildə "Azadlıq" radiosunu "arzuolunmaz radio" elan etdi və Bakı bürosunu bağladı.
Görünür, Tramp administrasiyası ABŞ-nin başqa ölkələrin daxili işlərinə qarışan, informasiya diversiyası ilə məşğul olan qurumlarının fəaliyyətini məhdudlaşdırır.
64 il əvvəl yaradılan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bu dövr ərzində olduqca təhlükəli bir fəaliyyətlə məşğul olması ilə bağlı üzə çıxan çoxsaylı faktlar dünya boyu xüsusi maraqla izlənməkdədir. Çünki bu vaxta qədər USAID-in destruktiv fəaliyyəti ilə bağlı dünyada deyilənlərə ABŞ da məhəl qoymurdu. Amma artıq vəziyyət radikal şəkildə dəyişib. Baş verənləri diqqətlə analiz edən yeni ABŞ hakimiyyətinin gəldiyi nəticə budur ki, USAID-in fəaliyyəti Amerikanın özünü də ciddi nüfuz və maliyyə itkisinə məruz qoyub.
ABŞ dövlət katibi Marko Rubio USAID-in 6200 proqramından 5200-ə yaxınını rəsmi olaraq bağladıqlarını açıqlayıb. Bundan əvvəl prezident Donald Tramp və Mark Rubio USAID-in müxtəlif ölkələrdə lazımsız, hətta zərərli layihələr həyata keçirdiklərini bildirib, Bayden hakimiyyətini ittiham edib.
6200 proqramdan 5200-nün ləğv edilməsi USAID-in məqsəd və vəzifələrinə düzgün yanaşmadığını göstərir. Artıq təşkilatın ayrı-ayrı ölkələrdə fəaliyyəti ilə bağlı hüquqi araşdırma başlanıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, USAID-in yardımları Azərbaycanda ABŞ-nin maraqlarının icrasına xidmət edirdi. Bir çox fakt da bunu sübut edirdi.
Demokratik Jurnalistlər Liqasının sədri, media eksperti Yadigar Məmmədli Musavat.com-a açıqlamasında bildirib ki, Tramp administrasiyası uzun zamandır dilə gətirdiyi fikirləri həyata keçirir:
"Diqqəti cəlb edən transmilli təşkilatların fəaliyyəti ilə bağlı verilən qərarlardır. USAID-lə bağlı verilən qərar bu yolda ilk addım oldu. Bu proses təkcə Trampla bağlı məsələ deyil. Uzun zamandır belə bir fikir var ki, ABŞ superdövlətdir, SSRİ-nin dağılmasından sonra dünyanı idarə edən tək gücdür. Bu yolda ABŞ Avopa dövlətlərinin yükünü çiyninə götürüb. Məsələn, BMT, qlobal səhiyyə və digər təşkilatların üzvlük haqqının böyük hissəsini Amerika ödəyirdi. Faktiki olaraq ABŞ bütün dövlətlərin çətiri rolunu oynayırdı. İlkin zamanlarda bu funksiyanı çox yaxşı həyata keçirirdi.
Lakin sonralar bütün istiqamətlərdə müəyyən problemlər yaratmağa başladı. Məsələn, Çinin inkişafı, iqtisadiyyatını gücləndirməsi ABŞ tərəfindən xoş qarşılanmadı. Eyni zamanda Çinin qlobal təşkilatlarda üzvlük payı çox cüzi idi. ABŞ bunu özünə qarşı haqsızlıq kimi qəbul edirdi. Bu, Amerikanın iqtisadiyyatına çox mənfi təsir göstərirdi.
Digər aspektlər ondan ibarətdir ki, ABŞ-nin yaratdığı qurumlar ilk dövrlərdə səmərəli, məqsədəuyğun fəaliyyət göstərirdi. USAID və digər qlobal media təşkilatlarını nəzərdə tuturam. Çox təəssüf ki, sonralar onlar demokratların və qlobal güclərin təsirinə məruz qaldı, fəaliyyətini təhrif etdi.
Bu da ona gətirib çıxardı ki, bir çox ölkələrdə qırmızı inqilablar baş verdi, ölkələrin daxili işlərinə müdaxilə edildi. Bu da həmin ölkələrdə qıcıq yaratdı. Son zamanlar bu, gözlə görünən həddə idi. Ona görə də Azərbaycan dövləti məhz müdaxilələrin qarşısını almaq üçün "Azadlıq" radiosunun Bakı bürosunu bağladı. Həmin vaxtlar bunu çox şişirtdilər, insan haqlarının, söz azadlığının pozulması kimi qələmə verdilər. Bugünkü hadisələr göstərir ki, Azərbaycan doğru yolda idi. Azərbaycan hökuməti ilkin işartıları vaxtında duymuşdu və ölkəsinə qarşı təhdidləri görmüşdü.
Təəssüf ki, təyinatları üzrə yaradılan qlobal qurumlar digər ölkələr üçün problemə çevrildilər. Bu da onların fəaliyyətinin dayanmasına gətirib çıxardı. Bu gün "Amerikanın Səsi"nin bağlanması məntiqi nəticədir”.
Şahanə Rəhimli
Musavat.com
16 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ