Onlayn ictimai-siyasi qəzet
“Tramp miqrantlara qarşı mübarizəyə, onların genişmiqyaslı deportasiyasını həyata keçirməyə hazırlaşır”.
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahin oğlu deyib. Politoloq xatırladıb ki, Donald Tramp keçmiş prezidentlik müddətində əsasən miqrantlarla mübarizəylə yadda qalmışdı:
“Onun 2016-cı ildə Prezident seçilikdən və andiçmə mərasimindən sonra ilk işi Meksika ilə sərhəddə divarın tikilməsiylə bağlı verdiyi fərman oldu. Co Bayden Prezident seçildikdən sonra Trampın bu işi faktiki yarımçıq qaldı. Tramp builki seçki kampaniyası zamanı ABŞ Prezidenti Co Baydeni miqrasiya siyasəti ilə ölkəni məhv etdiyini bildirmişdi. Tramp Baydeni onda ittiham edirdi ki, Ağ Ev sahibi qeyri-qanuni miqrantların axınına icazə verməklə ölkəni işğal etdirir. “Bayden onları sosial təminatsız, tibbi ehtiyac içində qoyaraq öldürür və bu ölkəmizi məhv edir”, - deyə Tramp bildirmişdi. Tramp Baydenin siyasətinin ölkədə qeyri-qanuni miqrantların sayının 15 milyona çatmasına səbəb olduğunu söyləmişdi.
Tramp bu dəfə də miqrantlara qarşı mübarizə aparacaq. O qanunsuz miqrantların genişmiqyaslı deportasiyasını həyata keçirməyə hazırlaşır. Bunun üçün Tramp federal səviyyədə fövqəladə vəziyyət tətbiq edəcəyini açıqlayıb”.
Politoloq bildirib ki, Tramp bu məqsədlə administrasiyasındakı vəzifələrə miqrasiya ilə bağlı sərt mövqeyi ilə tanınan namizədləri irəli sürüb:
“Son hesablamalara görə, ABŞ-da 11 milyona yaxın sənədsiz miqrant yaşayır. Qanunsuz miqrantlar arasında ispandillilər çoxluq təşkil edir. Onlar Latın Amerikası ölkələrindən Meksikaya gedir, oradan da ABŞ-la sərhədi keçməyə çalışırlar. ABŞ-a qeyri-qanuni yollarla girməyə cəhd edənlər arasında Çin vətəndaşları da var. Onların sayı ildən-ilə artır. Əgər 2022-ci ildə ABŞ-ın cənub sərhədində tutulan Çin vətəndaşlarının sayı cəmi 2 min nəfər idisə, 2024-cü ildə bu say 38 minə çatıb. Vaşinqtonda hesab edirlər ki, ABŞ-a qanunsuz keçmək istəyən çinli vətəndaşlar arasında ölkəsinin kəşfiyyat strukturlarına bağlı olan şəxslər də var. Hər bir icazəsiz giriş yalnız miqrasiya qanununun potensial pozulması deyil, həm də kəşfiyyat məlumatlarının toplanması, infrastrukturun qiymətləndirilməsi və ya daha mürəkkəb təhlükəsizlik təhdididir. Qərb mətbuatında çinlilərin ABŞ-da hərbi mərkəzlərinin şəkillərini çəkdiklərinə dair xəbərlər var. Respublikaçılar Partiyası Çin vətəndaşlarının qanuni yolla da ABŞ-a girişlərini sərtləşdirmək barədə düşünür. Meksika üçün də çətin olacaq. Tramp Meksikadan sərhədlərinə nəzarət etməsini tələb edir. Meksika Trampın tələbini yerinə yetirməsə, Ağ Evin yeni sahibinin cənub qonşusuna qarşı siyasəti sərt olacaq”.
Xalidə Gəray
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ