Onlayn ictimai-siyasi qəzet
Tovuz rayonunda 1979-cu il təvəllüdlü Aynurə birinci Qarabağ müharibəsinin qazisi Oruc Cəfərquliyevə qarşı dələduzluq edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Aynurə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Tovuz rayonu Azaflı kəndində yaşayan Oruca əlillik dərəcəsi və veteranlıq statusu düzəldəcəyi barədə yalan vəd edib. Onun 3500 manat məbləğində pul vəsaitini ələ keçirib.
Hadisəni törədən Aynurənin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aynurə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iş üzrə adı şahid qismində tanan Abbas ilə 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhərində yerləşən Beynəlxalq Avtovağzalda tanış olub, bir-birilərinə mobil telefon nömrələrini verib və aralarında dostluq münasibətləri yaranıb: “Mən həbs olunanadək Abbasla 3-4 dəfə görüşmüşəm. Lakin Abbasa Sosial Müdafiə Fondunda işləməm barədə heç bir məlumat verməmişəm”.
Aynurə qeyd edib ki, 2023-cü ilin mart ayının axırlarında Bakı şəhərində yerləşən Beynəlxalq Avtovağzal ərazisində Abbasla görüşüb və ondan 3500 manat məbləğində borc istəyib:
“Abbas etiraz etmədi və görüşdüyü gündən təxminən 7 gün sonra istifadəmdə olan bank kart hesabına 3000 manat pul köçürdü. Həmin gündən yəni mənə 3000 manat məbləğində pulun köçürüldükdən təxminən 30 gün sonra, yəni 2023-cü ilin aprel ayının axırlarında Abbas təkrar həmin kart hesabına 250 manat köçürdü. 2023-cü ilin avqust ayının axırlarından 2023-cü ilin sentyabr ayının əvvəllərinədək olan müddətdə müxtəlif günlərdə hissə-hissə olmaqla cəmi 3250 manat köçürməklə ona olan borcumu qaytardım”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan başqa Tovuz rayonu Azaflı kəndində yaşayan Orucu Abbas vasitəsi ilə tanıyıb: “10 iyun 2023-cü ildə, günorta saatlarında Tovuz rayonu Aşağı-Quşçu kəndi ərazisində yerləşən kafedə Abbas və Oruc ilə görüşdük. Orada aramızda Oruca əllik və veteranlıq statusu düzəldəcəyim barədə söhbət olmadı. Həmin gündən sonra Oruc ilə telefon vasitəsilə danışmışam. Lakin telefon danışığı zamanı Oruca veteranlıq və əlillik statusu düzəltmək barədə olmayıb. Mən Orucdan heç bir məbləğdə pul almamışam, yalnız Abbas 3250 manat borc pul almışam və sonra qaytarmışam. Lakin bunu sübut edə bilmirəm. Ona görə qeyd edirəm ki, həmin pulu Oruca qaytaracam. Sadəcə zamana ehtiyac var. Mövcud durumda vurduğum maddi ziyanı ödəyə bilmirəm. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Orucun sözlərinə görə, Tovuz rayonu Azaflı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır: “Tovuz rayonu Bayramlı kəndində yaşayan tanışım Abbas ilə əvvəllər aramızda münasibətlər normal olub, düşmənçilik və ədavəti olmayıb. 1994-cü ildə birinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə yaralanmışam. 2023-cü ilin iyun ayının əvvəllərində Tovuz rayonu Bayramlı kəndi ərazisində vəfat etmiş Şəmistan adlı şəxsin yas mərasimində Abbas ilə bir yerdə olan zaman ona dedim ki, müharibədə yaralanmama baxmayaraq əlillik və veteran statusu ala bilmirəm. Söhbət zamanı Abbas dedi ki, onun qadın tanışı var, o, bu iş üçün mənə köməklik edə bilər. Abbas mənə Aynurənin telefon nömrəsini verdi. Sonra həmin nömrə ilə Aynurə ilə danışdım. Aynurə mənə veteranlıq və əlillik statusu ala biləcəyini dedi”.
Oruc qeyd edib ki, 10 iyun 2023-cü ildə, günorta saatlarında Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən çayxanada Aynurə və Abbas ilə görüşüb, söhbət zamanı Aynurə ona Bakı şəhərində Sosial Təminat İdarəsində işlədiyini və onun əlilliyinə, veteran kartına köməklik edəcəyini deyib: “Aynurə işimi düzəltmək üçün hər hansı bir vəzifəli şəxsin adını demədi. Həmin işin kiminlə görəcəyi barədə məlumat vermədi. Aynurə bildirdi ki, bunun üçün 3500 manat verilməliyəm. Həmin məbləğin hansı hesaba və ya hansı şəxs və ya şəxslərə ödənilməli olması barədə heç bir məlumat vermədi. Aynurə bildirdi ki, həmin məbləğdə pul verildikdən sonra 4 ay ərzində mənə veteranlıq və əlillik statusu veriləcəkdir. Mən Aynurənin dediklərinə inandım”.
Zərərçəkmiş bildirib ki, daha sonra müxtəlif vaxtlarda ümumilikdə Aynurənin bank kartına 3500 manat göndərib: “Bundan sonra onu görmədim, arabir mobil telefonda danışdım. Hər danışıqda Aynurə məni arxayın etdi ki, narahat olmayım, işimi düzəldəcək. Sonra Tovuz rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim”.
Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aynurə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan Aynurə apellyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini yuxarı instansiya məhkəməsinin hakimlərindən xahiş edib. Onun şikayəti araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib.
Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, apellyasiya şikayət təmin edilməyib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ