Onlayn ictimai-siyasi qəzet
ABŞ-da yaşayan tanınmış jurnalist və diaspora fəalı Zaur Bayramlının Musavat.com-a verdiyi məlumata görə, Vaşinqton və ətrafında yaşayan bir qrup soydaşımız Azərbaycanın və Qazaxıstanın ABŞ-dakı səfirliklərini ziyarət edərək, məlum təyyarə faciəsində həyatını itirən soydaşlarımızın xatirəsini yad ediblər.
Ziyarət çərçivəsində hər iki səfirlikdə onların xatirəsinə gül dəstələri qoyulub.
Azərbaycan səfirliyində keçirilən görüşdə icma nümayəndəsi və AZAL-ın keçmiş işçisi Firudin Məcidov vurulan təyyarənin qəhrəman ekipaj üzvləri ilə, xüsusilə Milli Qəhrəmanımız Hökümə Əliyeva ilə bağlı xatirələrini bölüşüb. Məcidovun paylaşdığı xatirələr səfirlikdə toplananlar tərəfindən xüsusi maraqla qarşılanıb.
Qazaxıstan səfirliyində isə tədbir iştirakçılarını baş konsul Yusip Orunbay və səfirliyin Siyasi Məsələlər üzrə katibi Alem Bolatova mehribanlıqla qarşılayıblar. Tədbir zamanı soydaşlarımız Qazaxıstan dövlətinə və xalqına təyyarə faciəsi zamanı göstərdikləri qardaş köməyinə görə təşəkkür edib, eləcə də həmin faciədə həyatını itirən Qazaxıstan vətəndaşlarının ailələrinə başsağlığı diləklərini çatdırıblar.
Ziyarətin təşəbbüskarı olan soydaşımız Tural Ağalı və tədbirə qatılan bütün iştirakçılara minnətdarlıq ifadə edilib. Bu ziyarət Azərbaycan və Qazaxıstan xalqları arasındakı qardaşlıq əlaqələrinin bir daha nümayişi olub.
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ