İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərbiyəvi sadizm

 

“Uşağı süpürgə ilə döyməzlər, boyu çıxmaz”
(Azərbaycan ata sözü)

“Mehnur” loqopedik psixoloji reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi son günlərin ən səs-küylü hadisələrindən biridir. Zəhmətkeşlərimiz haqlı olaraq dəhşətə gəlmişlər. Bir çoxları həmin işgəncə verən psixoloq və baxıcının şallaqlanması, dırnaqlarının altına biz yeridilməsi, lazım gəlsə elektrik cərəyanına qoşulması kimi dövlətçilik tədbirlərinə məruz qoyulmasını tələb edirlər.

Bundan başqa, soyundurub eşşəyin belində tərsinə oturtmaq və Ələt tərəfə aparıb çöllüyə buraxmaq, paz çalmaq (orda psixoloq uşağı döyərkən ondan pazl-la oynamağı tələb edirdi, vətəndaşlarımız burada paz-pazl qafiyəsindən ruhlanmışlar), şaqqalayıb “Vasmoy” bazarında dana əti adıyla dönərçilərə satmaq, bütün qohumlarını işdən çıxarmaq, hamamda çimərkən gizli videosunu çəkib “Lider” kanalında yayımlamaq, bunun üçün “Lider” telekanalizasiyasını 1 günlüyə bərpa etmək kimi tədbirlər və sosial aksiyaların da mümkünlüyünə işarə vururlar. Əks halda cavabımız cinayətə uyğun olmayacaqdır. Əsl reabilitasiya lazımdır.

Lakin şəxsən məni şoka salan başqa detal oldu. Hadisədən sonrakı günlər jurnalistlər “Mehnur”un qabağına getmişdilər və belə məlum olurdu ki, mərkəz... indi də işləyir! Gör bunun dalında nə qədər böyük adam durubdur. O boyda zırıltıdan sonra, üstəlik, valideynlər də hələ uşaqlarını gətirib ora verirlər!

Görünür bütöv şəkildə, cəmiyyət olaraq bizim hamımızın psixoloq və reabilitasiyaya ehtiyacımız var. Ta loqopedi heç demirəm, çünki bu temada dəfələrlə yazmışam. Azərbaycan xalqı diskussiyalardan, söz azadlığından, fikrini sərbəst çatdırmaq hüququndan o qədər uzun müddətə məhrum edildi ki, artıq biz danışa bilməyən millətə çevrilmişik. İnanmırsınızsa, çox uzağa getməyin, internetdə populyar olan videolara baxın. Kim daha çox movulduyursa, kim daha bərkdən hürürsə, kim yaxşı ulayırsa, xalq onları sevir, izləyir. Əvvəlcə yazmaq qabiliyyətimizi itirdik, indi danışmaq da gedir işinin dalıyca. Lap axırda əllərimiz üstündə gəzərik, inşallah. Onda ipoteka, pensiya, uşaq pulu problemləri də olmayacaqdır. Çıx parkda ağacın başına, orda yaşa. Allaha şükür, hökumət qayğımıza qalır, hər yerdə park qayırıblar.

Biz məsələnin kökünə baxmalıyıq. Məsələn, 1997-ci ildən 2020-ci ilə qədər bizim psixoloq qayıran əsas istehsal müəssisəmizin – BDU psixologiya kafedrasının başında kim durub, bilirsinizmi?  Deputat, MM Elm və təhsil komitəsinin sədri Bəxtiyar müəllim. Bu 13 ildə onun rəhbərliyi altında yetişən psixoloqlar ordusu hazırda xalqın qara-qura balalarını qaranlıq dəhlizlərdə sürütləyir, onları bəxtiyar ölkəmizdə azad ruhda böyüdürlər. Ondan sonra Rəna Qədirovanı qoyublar, Rəna xanımın doktorluq mövzusunun adı isə çox maraqlıdır: “Azərbaycanlı uşaq və yeniyetmələrin milli identikliyinin inkişafının sosial-psixoloji problemləri”. Bəh-bəh. Necə gözəl temadır. Əgər başa düşməyən varsa, izah edirəm: milli identiklik müsbət mənada patriotik tərbiyəni nəzərdə tutur. Bizə də patriot uşaqlar lazımdırsa, onları saçını yolmadan, it sürütməsi eləmədən necə yetişdirə bilərik, əgər böyüyəndə, həyata atılanda onları hər yerdə belə münasibət gözləyirsə? Mənə cavab verin, sizdən soruşuram: hansımız o cür döyülmürük? Hərəmizə bir yerdə o cür işgəncə verirlər, halımızdan da məmnunuq. Əsas odur o biri dünyada bizi cənnət gözləyir. Həri.

Ağıllımız kimdir, qabaqda gedənimiz, psixoloq yetişdirənimiz kimdir, gördünüz. Qaldı xalqın guya uşaqlara işgəncə verilməsinə qəzəblənməsi... Zəhmət olmasa, artistlik eləməyin, AzDramada öz xalq artistlərimiz var. Maşallah, hamısı təqaüdlü, evli-eşikli, verilişli-toylu-mağarlı... Uşaqların nitq qüsurlu olmasında anaların doğuşdan öncə gördüyü şiddətin, uşaqların ilkin böyümə dövründə üzləşdiyi baxımsızlığın, ailə daxili zorakılıqların, o cümlədən, iqtisadi çətinliklərin böyük rolu var. Hamilə qadınlar düzgün qidaya həsrətdir. Doğuş zamanı travma vuran tibbi “ocaqlarımız”, qohum evliliyi də loqopedik qüsurların səbəblərindən sayılır.

Nəhayət əsas səbəbi yuxarıda yazdım, yenə təkrar edim: uşaqlar nitqi, danışmağı böyüklərin ağzına baxmaqla öyrənirlər. Bizim ağzımızı yumublar, o “Mehnur”un yekəsinin içində biz özümüz yaşamaqdayıqsa, uşaq danışmağı kimdən öyrənsin?

Şappıldadın getsin. Asta vuran namərddir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR